"Biz az pula daha yaxşı oynayırdıq" - Coko Haciyevski



Coko Haciyevski Azərbaycan futbolunda iz qoymuş məşqçilərdən biridir. Belə ki, "Bakı" klubu məhz onun rəhbərliyi altında Premyer Liqanın qalibi adını qazanıb. Makedoniyalı mütəxəssis 2007-2009-cu illərdə paytaxt klubunun uğurları üçün çalışmış, millimizə də bir dönəm rəhbərlik etmişdi. 

10 ildir Azərbaycandan ayrılan mütəxəssislə təsadüfən "facebook"da söhbətləşmək imkanımız oldu. O, ölkəmizlə, futbolumuzla bağlı xatirələrini Sport7.az-a bölüşdü. 
Onu da qeyd edim ki, fotoları Coko bəy özü göndərib. Aradan uzun illər keçməsinə baxmayaraq, qəzetləri saxlamasını onun işinə olan sevgisinin göstərici kimi qiymətləndirmək olar. 

- İşləriniz necə gedir?
- Hazırda Makedoniyanın Yüksək Liqa təmsilçisi "Belasisa" komandasının direktoru və baş məşqçisi vəzifəsində çalışıram. Turnir cədvəlində autsayderlər sırasında olmağımıza baxmayaraq,  komandamı elitada saxlaya biləcəyimə inanıram. 

Mən məşçilik karyerama 1988-ci ildə başlamışam. Geridə qalan 31 il müddətində 10 ölkədə işləmişəm. Bolqarıstan, Azərbaycan, Serbiya, Yunanıstan , Kipr, Misir, Səubiyyə Ərəbistanı  və s. kimi ölkələrdə çalışmışam. Yaxşı komandalarda işləmişəm. Karyeramda ən gözəl il isə, 2000-ci ildə işlədiyim Yaponyanın "Cubilo İvata" komandasını qeyd etmək istərdim.

- Bəs Azərbaycanda işlədiyiniz illəri necə xatırlayırsınız?
- Azərbaycanda işlədiyim illər karyeramda ən yaxşı günlərdən idi. "Bakı" ilə birgə çempion olduq. Milli komanda da bir müddət işlədim. Bakı gözəl şəhərdi. "Bakı" klubunda 26 turdan sonra uğurlu nəticə sayəsində çempion olduq. Güclü heyətimiz vardı, atmosfer əla idi. Hafiz Məmmədovun rəhbərliyi altında işləyirdik. Qardaşı Zeynal Məmmədov da klubun meneceri idi. Direktor Yaşar Seyidov mənə çox yaxın insandı. Makedoniyadan bir neçə köməkçim vardı. Nazim Süleymanov da bizim briqadada idi. O da Azərbaycanda ən yaxın dostlarımdan biridir. 

- Ancaq hazırda "Bakı" klubu fəalliyyətini dayandırıb. Hər halda bundan xəbərdarsınız?
- Bəli, komandanın çempionatda iştirak etmədiyindən xəbərim var. Belə bir klubun başına gələnlərə görə təəssüf hissi keçirirəm. Ümid edirəm ki, "Bakı"nın yenidən çempionata qayıtmaq və əvvəlki ad-sanını qaytarmaq imkanı olar.

- "Bakı"da qazandığınız uğuru "Simurq"da davam etdirə bilmədiniz...
- "Simurq"da 1 il işlədim. Yaxşı dostlar qazandım. Mən bu klubla martda müqavilə bağladım. Hədəf komandanı Avropaya çıxartmaq idi. Ancaq klubda maliyyə problemləri yarandı və heyət zəiflədi. Komandanın 80 %-i 20 yaşa qədər gənc futbolçulardan ibarət idi. Təəssüf ki, yaxşı nəticələr qazanmaq imkanımız olmadı. 
- Sizin burada işlədiyiniz illərdə çempionatda çox klub vardı. Lakin bu gün o klubların 2-3-ü xarici heç biri qalmayıb. 
- Xəbərim var. "Karvan", "Turan", AZAL, "Xəzər Lənkəran" kimi yaxşı komandalar artıq qalmayıb. Azərbaycan çempionatı  bu qədər xərclənən pulun qarşılığında Avropanın ən yaxşı liqalarından biri olmalı idi. Azərbaycanda çox pul qazanan futbolçu və məşqçilər heç bir fayda vermədilər. Ancaq biz az pula daha yaxşı oynayırdıq. Mən bunu açıq deyirəm. Orada keyfiyyətə yox, ada və hansı tanınmış ölkədən gəldiyinə baxırdılar. 

Azərbaycanı sevirəm. Orada yaxın, səmimi olduğum çox dostlarım var. Lakin təəssüfləndiyim məqamlar da var. Məsələn, mənim yaxşı işim və qazandığım nəticələrə adekvat yanaşmadılar. Ancaq mən daha çox yaxşı şeyləri xatırlamağa çalışıram. Azərbaycan futboluna yolu bilirəm. Yaxşı məşq metodikası ilə yeni futbolçular yetişdirmək olar. Əgər Azərbaycandan Avropada 10 futbolçu çıxış etsə, o zaman klubların işini yüksək qiymətləndirmək olar. Ancaq heç kim düşünməsin ki, mən iş təklifi gözləyirəm. Mənim öz işim var. Sadəcə öz fikrimi söyləyirəm. Mən Azərbaycanı daima sevəcəm. 

- Bəs iş təklifi gəlsə, qayıdarsız Azərbaycana?
- Hazırda işlədiyim klub var. Həm direktoram, həm baş məşqçi. Bu klubda arzularımız çoxdu. Ona görə başqa komanda haqqında düşünmək çətindi. Azərbaycan futboluna maraq olsa, mən məmnuniyyətlə kömək etməyə hazıram. Söhbət, təklif, görüş təşkil edərəm. Mənim peşəkar futbolda 1000-dən çox "silah"ım var.  Makedoniyada da başqa ölkələrdə də adımı, işimi yaxşı bilirlər. Mən Yuqoslaviyada futol məşqçilərinin prezidenti olmuşam. Orada dünyanın 5-6 ən yaxşı liqalarından biri olub. 

- Azərbaycanda işldədiyiniz müddətdə ən yadda qalan hadisəni danışa bilərsiniz?
- Ən yadda qalan xatirəm "Bakı" klubu ilə bağlıdı. Çempion olduğumuz mövsüm idi. 3 dəfə "Tofiq Bəhrəmov" stadionuna rekord sayda 35 000 azarkeş toplanmışdı. Bunlar "Levski", "Bazel" və "Ekranas" ilə oyunlara təsadüf etmişdi. 

Sonra... Azərbaycanın ən tanınmış klublarından olan "Neftçi" 5:1 hesabı ilə məğlub etmişdik. 

26 oyunun 20-sində qələbə qazanmışdıq. O zaman çox güclü çempionat gedirdi. "Neftçi", "Xəzər Lənkəran", "İnter", "Qarabağ", "Simurq", "Olimpik" kimi klublarla mübarizə aparmışdıq. 

Finlandiya - Azərbaycan oyunu yadımdadı. Güclü Avropa komandası kimi çıxış etdik. Hakim səhvi ucbatından 1:2 hesabı ilə uduzsa da... Belçika ilə oyunda da (0:1) hakimlikdən narazı qaldım. 2 il milliyə dəvət almayan Rəşad Sadıqov, Zaur Ramazanov, Mahmud Qurbanov, Zaur Tağızadə, Rail Məlikov kimi futbolçuları milliyə dəvət etdim. Komanda daha da güclənmişdi. 

Bütün futbol adamlarına salamlarımı göndəririəm. Hafiz Məmmədova ehtimadı üçün təşəkkür edirəm. Millini mənə həvalə etdikləri üçün AFFA-ya minnətdarlığımı bildirirəm. Öz ölkəm kimi güc qoymağa çalışdım. Buna görə də Azərbaycan xalqını daim sevəcəyəm. 

Röya Kərimli
Sport7.az



Комментарии