Sport7.az saytı azarkeşlərin də fikirlərini, iradlarını ictimailəşdirmək üçün onlara tribuna ayırıb.
Müsahibimiz hazırda fəaliyyət göstərməyən "Bakı" klubunun sabiq, ama sadiq azarkeşi Ramil Məmmədovdur.
- Gəl, ən başdan başlayaq. Sevimli klubun "Bakı" klubu tanışlığın nə vaxtdan başlayıb?
- 2004-cü ilin avqust ayı idi. Azərbaycan çempionatı yeni start götürmüşdü. Məhlədən tanışlarla "Bakı" - "Göyəzən" oyununa getdim. O gündən bu komandaya qarşı simpatiyam yarandı. Zaman keçdikcə isə, bu maraq sevgiyə çevrildi.
- "Bakı" klubu çempionatda uğurlu illər keçirsə də, son illərində çərxi dönmüşdü. O günləri necə xatırlayırsan?
- Bir azarkeş olaraq həmin günlər mənim üçün çox ağır idi. Sevimli klubumu bu vəziyyətdə görmək mənə çətin gəlirdi. Yenidən əvvəlki gücümüz qayıdacağımıza özümü inandırmağa çalışırdım. Əslində dərk edirdim ki, müəyyən insanların futbolumuzdan getmədiyi müddətdə "Bakı" qayıtmayacaq. Amma yenə də özüm özümə təsəlli verirdim ki, bu pis genlər keçəcək.
- Müəyyən insanlar deyərkən, kimləri nəzərdə tutursan?
- "Bakı"nın problemi əslində maliyyə ilə bağlı deyildi. AFFA-da oturan və futbolumuzu şəxsi biznesi kimi idarə etməyə çalışan şəxslər "Bakı"ya qarşı çox təzyiqlər edirdilər. "Bakı" akademiyasında yetişən futbolçuların müqavilələrini klubdan xəbərsiz ləğv edirdilər. Oyunda haqsız yerə cərimələr yazıb klubu borclu vəziyyətə salırdılar. Bu haqda uzun danışmaq olar. Ürəyim doludu. Həmin illərdə futbolumuzda keçən "çirkin oyunlar"ın şahidi oldum.
- Və nəticədə "Bakı" yüksək dəstə ilə vidalaşdı. Bir azarkeş olaraq bu sənə çox pis təsir etmiş olar...
- Əlbəttə. Çox ağır təsir etdi. "Bakı" sadəcə azarkeşlik etdiyim klub deyildi, həm də futbolumuzun brendi idi. İstər bazası, istər yetişdirib futbolumuza qazandırdığı gənc futbolçularla, istərsə də az müddətdə qazandığı uğurlarla. Mənə elə gəlir ki, "Bakı"nın çempionatı tərk etməsi futbolu bilən, sevən hər kəsə pis təsir etmişdi.
- Hazırda klubun yoxdu. Hansısa başqa kluba meylin yaranıb, yoxsa hələ də "Bakı"nın yasını saxlayırsan?
- Heç bir kluba azarkeşlik etmirəm. Ümumiyyətlə, çox az izləyirəm çempionatı. "Bakı"dan sonra oyunlara maraq qalmayıb. Mini futbol çempionatında kəndimizin həvəskar "Borçalı" komandasnı yaratmışıq. Ancaq ona azarkeşlik edirəm. (gülür)...
- Ümumiyyətlə, Azərbaycan çempionatı barədə nə düşünürsən?
- İndiki çempionata çempuonat deməyə insanın dili gəlmir. 8 klubla çempionat olar? Bu 8 klubun 6-si eyni insanlar tərəfindən idarə olunursa, hansı maraq, rəqabət ola bilər axı? Belə çempionat keçirməkdənsə, ölkədə futbolu ləğv etsələr daha yaxşı olar məncə.
- Bəs, digər klubların fan-klublarını necə qiymətləndirirsən?
- Fan-klublar klublara baxanda çox inkişaf ediblər. Hazırda "Forza Neftçi" Avropanın bir çox qruplarına rəqib olacaq azarkeş qrupudur.
- Ramil, "Bakı"nın yerində yeni klub yaransa, o stadionda, o bazada yer alsalar. Yəni adı dəyişmiş "Bakı" olsa, ona da azakeşlik edərsən, yoxsa artıq azarkeşlik anlayışı sənin üçün bitib.
- Mənim üçün azarkeşlik "Bakı" ilə bitib. Nə vaxtsa "Bakı" yenidən fəaliyyət göstərsə, öz rəngləri, öz loqosu. öz bayrağı ilə, ancaq o zaman yenidən azarkeşlik edərəm.
Röya Kərimli
Sport7.az
Комментарии
Отправить комментарий