Futboldan kənar sahələrdən olan tanınmış şəxslərlə müsahibələrimiz davam edir.
Bu dəfə yazar Ömər Xəyyam futbolla bağlı fikirlərini Sport7.az-la paylaşıb.
- Futbol sizin üçün nə deməkdir?
- Futbol - təkcə futbol deyil, amma sözün ikinci mənasında, əlbət, oyundur. Tutalım, Cənubi Amerikada futbolla siyasət iç-içədir, Avropada futbol bir növ, qumardır və sair - məndən ötrü bu qaç-qovdu bir zaman eşq məsələsi idi, aramıza ədəbiyyat girdi, mən də meydançadan qaçdım, sözə sığındım.
- Aranıza girdiyi üçün heç ədəbiyyatı qınadığınız vaxt olub? Məsələn, deyə bilərsiz ki, "Sən olmasaydın indi mən də milli futbolçu ola bilərdim?"
- Qətiyyən! Belə deyim, əgər futbol 22 nəfərlik, ən yaxşı halda 11 nəfərlik sevgidirsə, mən sözlə təkbətəkəm. Və başqa hər şey bu təkcənəliyin içərisindədir. Qrup seksi sevmirəm. Bir də ki futbol da, top da sözdür axı...
- Kəlmələrlə oynayan biri olaraq Azərbaycan futbolunu hansı sözlərlə təsvir edərdiniz?
- Bilmirəm, bu futbol bizdə niyə alınmır! Axı biz aldatmağı, fırlatmağı, paslaşmağı, lazım olanda dala verməyi, burcutmağı, atmağı, topa tutmağı, küncə sıxmağı yaxşı bacarırıq...
- Sonuncu dəfə nə vaxt futbol matçı seyr etmisiniz?
- Düzü, xatırlamıram, fəqət çox uzaq tarix də deyil.
- Ölk çempionatında baxmağa nəsə qalmayıb. Elə komandalar "Bakı çempionatında" başlarını girələyirlər. Bəs klublarımızın avrokuboklarda çıxışı, və ya millimizin nəticələri ilə maraqlanırsınız?
- Avrokubokun vəziyyəti aydındır. Mənim xüsusi tərəfdaşı olduğum bir komanda yoxdur, amma zövq xatirinə, vaxtım olanda izləyirəm. Bizdə isə... Xatırlayırsınızsa,"Neftçi” Rusiyanın bir zəif komandasına 8:1 uduzmuşdu, "Kəpəz”i də başqa geydirmə bir komanda 8:1 udmuşdu.
Yaxşı, bəs nədən alınmır? Fikir verin, təknəfərlik yarışmalarda uğurlarımız bol, beynəlxalq naliyyətlərimiz saysız-hesabsız. Di gəl, komanda tipli yarışmalarda niyəsə uğurlarımız azdır. Əgər voleybolu nəzərdə tutursunuzsa, komandadakıların çoxu bizdən deyil.
Məsələn, "Qarabağ” futbol klubu. Komandanın uğurunda vacib olan "ayaqlar”ın neçəsi bizim?
Əzizi-mən, biz zəngin torpağın fağır sakinləri əl-ələ, çiyin-çiyinə nəinki yarışa, heç yaşaya bilmirik.
Qatarda, avtobusda yan-yana, çiyin-çiyinə gedə bilmirik. Ümumiyyətlə, futbolacan hələ bir çox məsələni həll etmək lazımdır.
Komandalaşmaq, birlikdəlik...
- Demək ki, problem yerli futbolçulardadı. Sizcə, səbəbi nədir?
- Əgər Azərbaycanda niyə yaxşı həkim, yaxşı musiqiçi, yaxışı yazıçı, fizik, alim, geoloq yoxdursa, ən yaxşı halda bir-iki nəfərdirsə və o azsaylı işıqlar da orda-burda didərgindilərsə, eyni səbəbə görə yaxşı futbolçu da yoxdur... və sair...
- Fərqləndirdiyiniz heçmi bir məşqçi, və ya futbolçu yoxdur? Yəni o dərəcədə yox səviyyəsindədir bizdə futbol?
- Əlbəttə, var! əgər mən bizim yaxşı futbolçuları və məşqçiləri tanımıramsa, bu təkcə mənim problemim deyil, ancaq inanıram ki, bu sahənin də əjdahaları var. İndi mən Qurban müəllimin, Rəşadın adını çəkib çulumu sudan çıxara bilərəm, amma eləmirəm...
- Dediniz ki, ədəbiyyatdan əvvəl həyatınızda futbol olub. Futbolla bağlı bir xatirənizi bizimlə paylaşa bilərsiniz?
- Leylanı xatırlayıram... Təəssüf ki, Leyla məni çoxdan unudub, fəqət məni bu xatirə öz məşum ilıqlığıynan məktəbin arxasına - qoca tut ağacının altına çəkir...
Leyla... qırmızı güllü donu dizlərinin üstünü örtsə də, ayaqları titrəyir, ovucları tərləyir... bizim olmayan, amma bizim olan dünya... mübhəm arzular... hərdən xəyali oğlumuzun - Morientesin saçlarını oxşayır...
Mən onu heç kimə qısqanmırdım, daha doğrusu, özümü heç kimə oxşatmırdım. Amma bu yaraşıqlı gedə - Morientes məni yaman qızıqlandırırdı.
Leylanın bir qəribə futbol sevdası vardı, mən də onun xətrinə futbolu sevdim, topla davranmağı, qaçmağı, aldatmağı öyrəndim... Siniflər arası futbol matçının final oyunundan əvvəl rəqib komandanın qapıçısıynan beş şirvanlıq şifahi müqavilə bağladıq. Ki, o, müqaviləyə əsasən, mənim üç topumu buraxacaqdı...
Əclaf vədinə xilaf çıxdı... Bir dənə də qol vura bilmədim... Sonra nə oldusa, yadıma gəlmir...
Röya Kərimli
Sport7.az
Комментарии
Отправить комментарий