"Lənkəranın futbol cəmiyyətindən çox pisliklər gördüm" - Xanım məşqçi



Bugünkü müsahibim Sevanə Nurullayevadır. Bu xanım yaşının gənc olmasına baxmayaraq, özünü həm futbolçu, həm hakim, həm də məşqçi kimi sınayıb. 

Sevanə basqılara, zədələrə, haqsızlıqlara məruz qalsa da, həyatının ayrılmaz hissəsi olan futbolu buraxmaq niyyətində deyil. Yaxşısı budu, sonrasını özü danışsın. 

1996-ci ildə Lənkəran şəhərində anadan olmuşam. Futbol oynamağa 2011-ci ildə Lənkəranın qızlar komandasında başlamışam. 2013-cü ildə isə, yüksək balla Gəncə Dövlət Regional kollecinə daxil olmuşam. "Fidan", "Zaqatala", "Qəbələ" kimi qızlar komandasında bir sıra medallar qazanmışam. 2015-2016-cı illərdə hakim kimi fəaliyyət göstərdim. 2018-ci ilin fevral ayında isə, AFFA tərəfindən keçirilən C lisenziyası kurslarına dəvət aldım Kursu uğurla tamamlayaraq C kateqoriyasını aldım. Ötən ilin oktyabr ayında AFFA ilə müqavilə bağladım və Lənkəranda 13 yaşlı qızlardan ibarət "Mələklər" komandasını yaratdım. "Xəzər Lənkəran" rəhbərliyi mənə  bu şəraiti yaratdı. Hazırda 11 yaşlı oğlanlardan ibarət komandada da köməkçi məşqçiyəm. 

2018-ci ilin dekabr ayında UEFA-nın keçirtdiyi B lisenziyalı məşqçi kursuna da dəvət aldım. Bir ilə iki kursa dəvət alacağımı gözləmirdim. Ölkəmizdə 60-a yaxın B kateqoriyalı məşqçi var. Ancaq 10 məşqçi dəvət almışdı bu kursa və onlardan biri də mən oldum. Hazırda kurs davam edir. Ümid edirəm ki, imtahandan uğurlu keçib B lisenziyasını alaram. 

- Yaşın gənc olsa da, az zamana çox təcrübə sığışdırmısan. Bir məqam diqqətimi çəkdi. Məsələn, kişi futbolunda oyunçular 35, hətta daha çox yaşa qədər oynayırlar, təcrübə yığırlar. Daha sonra karyeralarını bitirib məşqçiliyə başlayırlar. Ancaq qadın futbolunda fikir vermişəm ki, bir-iki il futbol oynayıb məşqçiliyə gedirlər. Bu kişi futbolçuların 20 ilə yaxın müddətdə öyrəndiklərini qızlar bir neçə ilə necə öyrənib, "butslarını qapıdan asıb" məşqçiliyə başlayırlar?
- 8 il oynamışam. Hazırda da Yüksək liqada oynayıram. UEFA qadın məşqçilərin sayının artırılmasını istəyir. Bizdə uzun illər əvvəl qadın futbolu yox idi axı. Ki, indi o oyunçular məşqçi olsun. Kursda 10 məşqçi var, ancaq sadəcə mən və biri hazırda işləyir. Oxuyan, kateqoriya alan çoxdu. Amma işləyən azdı. 

- 2012-ci ildə 17 yaşlı qızlar arasında keçirilən Dünya çempionatında iştirak etmisən? 
- Xeyr, həmin vaxtlar milliyə dəvət almamışdı. 2013-cü ildə milliyə çağırılmışdım, onda da ağır yol qəzası keçirtmişdim deyə gücüm yox idi. Futbolu sevdiyim üçün oynayıram. 

- İstər müsahibə, istər şəxsi münasibətim olan futbolçu xanımların bir çoxundan şikayətlər eşitmişəm. Bəs sən futbolda haqsızlığa məruz qalmısan?
- Bəli, məşqçi tərəfindən. Mən də komandanı tərk etdim. Lisenziyam verilmədi. 1 il futbolsuz qaldım. 

- Bu haqda ətraflı danışa bilərsən?
- Düzü bu barədə çox danışmaq istəməzdim. Sadəcə olaraq məşqçi başqa komandada oynamağımı istəmirdi. Buna görə də lisenziyamı vermədi. Yaxşı ki, belə məşqçilər də gördüm. Öz komandamda çalışıram elə səhvlər edib qızları futboldan küsdürməyim. Hər məşqçi yaxşı ola bilməz. 

- Hakimliyi niyə buraxdın?
- Normativlər çox çətindi. Mən isə, qaçmağı sevmirəm. 

- Futbolçu olmağına mane olanlar olub?
- Ən yaralı yerimdi. Dayım özü futbolçu olub. O, mənə dəstək olub. Anam da istəyirdi. 4 il futbol oynadığımı anam və qardaşımdan başqa heç kim bilmədi. Ancaq qohumlar, qonşular irad bildirirdi. Ki, "Futbol oğlanlar üçündü. Qız Bakıya tək gedir futbol üçün", kimi sözlər. Ancaq ən çox məşqçiliyə başlayanda çətinlik yarandı. Çox yerdən xahiş etdim ki, mənə köməkçi kimi iş verilsin. Maddi bir şey istəmədim. Etmədilər. Ancaq mən birbaşa baş məşqçi oldum. Lənkəranın futbol cəmiyyətindən çox pisliklər gördüm. Ad çəkmək istəmirəm. Mənə AFFA və "Xəzər Lənkəran" rəhbərliyi dəstək oldu. O insanlara AFFA-dan zəng edib, bu gəncə dəstək olun deyirdilər. Onlar isə, baş üstə deyib heçnə etmirdilər. 

Onu da qeyd etmək istərdim ki, ayağım təkrar-təkrar zədələr aldığına görə sıradan çıxıb. 

- Bəs AFFA-dan müalicə üçün dəstək almısan?
- Bəli, müalicəmə AFFA kömək edib. Ancaq eyni yerdən dəfələrlə zədə aldığım üçün müalicə xeyir etmir. Əslində qorumaq lazım idi, mən səhlənkarlıq etdim. Özümü qorumadım. 

- Buna görə həyatımı məşqçiliyə həsr etmək qərarına gəldin? 
- Hələ də oynayıram. Ayağıma zərbə dəyməməsi üçün çalışıram. Çempionatın əvvəlində oynadığım komandaya dəstək olmaq üçün qapıda dururam. Ən son zədəmi isə, həftənin 1-ci günü kursda aldım. 

- Bir dönəm qadın futboluna yüksək miqdarda maliyyə ayrıldı. Liqalar, komandalar yaradıldı. Ancaq son illərdə biraz sönüklür yaranıb. Hazırda qadın futbolçuların maddi gəliri varmı? Loru dildə sorusum, Azərbaycan futbolundan pul qazana bilirsən?
- Mən çox şey qazandım. Dostlar, hörmət. Yaxşını, pisi, iki üzlü insanların üzə gülə-gülə arxadan nələr etdiyini öyrəndim. Maliyyə məsələsinə gəlincə isə, hazırda AFFA-dan əmək haqq alıram. 

- Dedin dostlar qazandım. Bəs düşmən?
- Düşmən deyə bilmərəm. Hələ ki, düşmən dərəcəsində birini görməmişəm. Ancaq paxıllar çoxdu. 

- Paxıllıq edib nə edirlər? "Torbanı tikirlər"?
- "Torbanı mən tikirəm". (gülür)... Zarafat edirəm. Kurslarda olur. Məşqimi pisləyirlər, əziyyətimi yerə vururlar. 

- O adamlara mesajın var?
- Sadəcə gülüb keçirəm. 

- Sosial şəbəkədə bir çox klubun formasında şəkillərin var. Açığı hansı klubun azarkeşi olduğunu anlaya bilmədim. 
- Bu günə qədər ən azı 100 dəfə məndən soruşublar ki, hansı klubun azarkeşisən. Heç kim bunu tuta bilmir. Formasını geyindiyimiz hər klubun azarkeşi olmalıyıqki?! (gülür)... Hazırda heç bir kluba azarkeşlik etmirəm. Vaxtım olanda oyunları izləməyi gedirəm. Son olaraq "Qarabağ" - "Qəbələ" oyununa getmişdim. Gəncə və Lənkəran öz evimdi. Onların forması mənə əzizdi. Dostlarım da çox vaxt formalar verirlər. Azarkeşlik isə, başqa bir şeydi. Qızların hər oyuna gedib, forma ilə şəkil çəkdirib paylaşması azarkeşlik deyil. Şəkil paylaşmayıb, hər oyuna gedib, soyuqda, istidə 90 dəqiqə sevimli komandası üçün qışqırıb, dəstəkləyib, özünə əziyyət verəndi əsl azarkeş. Kənardan oyuna baxmaq azarkeşlik deyil. 

Röya Kərimli
Sport7.az


Комментарии