Maşında yatan müəmmalı adam, səbirsiz baba, başına gün vuran hakim...

Sport7.az-da növbəti rubrika start götürür. Bu dəfə futbol ictimaiyyətinin nümayəndələri futbolda başlarına gələn, gördükləri, eşitdikləri gülməli hadisələri bizimlə bölüşəcəklər.  

İlk müsahiblərim sabiq futbol hakimləri oldu. Keçək qonaqlarımızın "Gülməli xatirələr"inə.


Əfqan Həmzəyev: "Günlərin bir günü, öz maşınımla Zaqatalaya oyuna gedirəm. Yola geçə çıxdım ki, səhərə rahat çatıb dincələ bilim. İsmayıllı - Qəbələ arasında qatı dumana düşdüm. Üstəlik yağış da yağırdı. Maşını yolun kənarında saxladım ki, duman biraz çəkildikdən sonra sürüb gedəm. Yuxu məni tutub, yatmışam orada. Maşını da yolun kənarına, aşağı tərəfdə saxlamışdım ki, hərəkətə mane olmayım. Nə qədər yatdığımı bilmirəm. Ancaq nəsə xırıltılı bir səsə oyandım. Allah- Allah. Gördüm ki, maşının içində, yandakı oturacaqda bir adam yatlb və xoruldayır. Gözlərimə inanmadım. Bu şəxsi isə tanımıram. Maşının sağına-soluna baxanda, yan tərəfdə başqa bir maşın gördüm. Boş idi. Xoruldayan adam isə orta yaşlı biri idi. 

Qardaşı ehmalca yuxudan oyatdım və maşınımda nə işi olduğunu soruşdum. Dedi ki, Əfqan müəllim mən Qəbələdənəm. Sizi də tanıyıram  Sizi mənə Allah göndərib. Maşınım az geridə xarab oldu və mən də uzaqda başqa maşının yolun kənarında dayandığını gördüm. Güclə öz maşınımı itələyərək gətirdim bura və saxladım. 10 dəqiqə içəridə oturdum, gördüm burada qalsam soyuqdan öləcəm.  Yaxınlaşdım sizin maşına. Sizi tanıdım və gördüm yatmısız. Oyatmamaq üçün ehmalca qapını açıb yan oturacaqda oturdum. Maşının içi isti olduğundan yuxu məni aparıb. Siz Allah bağışlayın..."

Ceyhun Həşimov: "Sabahın ulduzları" turnirinə adətən gənc hakimləri yollayardıq. Bir dəfə qərara gəldim ki, Premyer Liqa hakimləri də bu yarışda oyun idarə etsin. Özüm də bir oyun idarə etdim. Valideynlər bizimlə görüşüb, hal-əhval tutdular. Səmimi söhbətlərimiz oldu. 

Oyun zamanı futbolçulardan birinin babası mənim qərarıma etiraz etdi və "Sən heç vaxt Premyer Liqa səviyyəsinə qalxa bilməyəcəksən", deyə iradını bildirdi. Bunu eşidən valideynlər ağsaqqala güldülər. Oyun bitdikdən sonra həmin ağsaqqal mənə yaxınlaşıb qucaqladı. Dedi ki, "Sən Allah bağışla. TV-də başqa cür görsənirsən, burada başqa". Elə bu söz də ətrafdakıların gülüşünə səbəb oldu. Mənim də xatirimdə xoş epizod kimi qalıb".

Azad Hüseynov: "1993-cü ilin iyun ayı idi. Həmin vaxtlarda Yüksək liqada oyunlar günorta vaxtı keçirilirdi. Ad çəkmək istəmirəm, baş hakim tanınmış hakimlərdən biri idi. Mən də ona kömək edirdim. Oyunun ikinci hissəsində mən tərəfdə rəqib uzun ötürmə edir. Komanda yoldaşı isə "ofsayd"dadır. Dərhal bayrağı qaldırdım. Ancaq baş hakim bayrağı endirməyimə işarə etdi. Oyunçu isə qol vurdu. Qol buraxaq komandanın oyunçuları düşdülər hakimin üstünə. Mən də tez qaçdım kömək üçün onun yanına. O da fit çalıb qolu ləğv etdi. Bu dəfə isə, digər komanda etiraza başladı. Axırda həmin hakim vəziyyətdən çıxmaq üçün dedi ki, "Başıma gün vurub (özü də keçəl idi), ona görə də özümdə deyildim. (gülür)..."

Röya Kərimli 
Sport7.az

Комментарии