Əziz futbolsevərlər, hər halda Naci Şensoyu bir çoxunuz xatırlayırsınız?!
Türk mütəxəssis "Turan"ın Azərbaycan çempionatında çıxış etdiyi illərdə komandanın baş məşqçisi idi. O, arada fasilələr olmaqla, bir neçə dəfə bu komandaya başçılıq edib. 61 yaşlı məşqçi 2002-2003, 2004-2005 və 2012-ci illərdə Tovuz komandasını çalışdırıb.
Ancaq onun həyatındamı deyək, yaddaşındamı deyək 2004-2005-ci illər mövsümü xüsusi yer tutub. Bu haqda biraz sonra.
Əsas məqam odur ki, bu gün Naci bəyin doğum günüdür. O,1958-ci ilin 20 fevral tarixində Kosovonun Prizren şəhərində anadan olub. Gənc yaşlarında "Manısaspor" və "Vanspor" klublarında futbolçu kimi çıxış edən Şensoy, 2000-ci ildən məşqçilik karyerasını başlayıb. O, karyerası ərzində Azərbaycan klubu ilə yanaşı, Türkiyə, Bolqarıstan, Serbiya, Makedoniya komandalarında da çalışıb.
Sonuncu iş yeri Makedoniyanın "Pelister" klubu olan Naci Şensoy hazırda işsizdir. O, saytımıza müsahibəsində hazırda istirahətə zaman ayırdığını bildirib.
Hazırda evimdəyəm, dincəlirəm. Ailəmlə birlikdə olduğum üçün çox xoşbəxtəm. Buna çox ehtiyacım vardı. Bəlkə də məşqçilik kənardan asan iş kimi görsənir. Ancaq bu iş çox fədakarlıq tələb edir. Mental olaraq dözümlü olmaq lazımdı. Çünki davamlı ailədən və evindən uzaqda qalırsan. Keçən il Makedoniyada kubok qazandıqdan sonra bir çox təklif aldım. Amma mən biraz dincəlmək qərarı verdim.
- Naci bəy, Azərbaycanda işlədiyiniz günləri necə xatırlayırsınız?
- Ah, ah... o günləri geri qaytarmaq mümkünmü?!... Xüsusilə də 2004-2005-ci illər mövsümündə "Turan"da keçən günləri. Tovuzda 10 min azarkeş ilə yaşanan o gözəl günlər unudularmı? Onu da xatırladım ki, 1,5 il müddətində Tovuzda bizi heç kim yenə bilməmişdi. Bizə qarşı çox paxıllıq vardı. Axırda isə, qalmaqallı hakim Xaqani Məmmədov bizi "İnter"ə uduzdurdu. Özü də diskvalifikasiya olundu.
Çox gözəl və unudulmaz günlər idi. Bütün tovuzluların qürur duyduğu günlər idi...
- Söhbət açılmışkən, o qalmaqallı oyunu yada salaq.
- Az əvvəl dediyim kimi, "Tural" il yarım müddətində öz meydanında məğlub olmamışdı. Ancaq Xaqani Məmmədovla "İnter" bunu bacardı. Xatırlayırsınızsa, matçdan sonra "İnter" ilə hakimlər Bakıya eyni qatarda yola düşmüşdülər. Hətta "İnter" rəhbərliyi ilə baş hakim Xaqani Məmmədov eyni vaqonda araq içərək, qələbəni bayram etmişdilər. Həmin anın fotoları da vardı. Xaqani Məmmədovun rüşvət aldığı AFFA-ya da məlum oldu və hakimlikdən ömürlük olaraq kənarlaşdırıldı. Bu hadisələri tovuzlu azarkeşlər və Azərbaycanın əsl futbolsevərlərinin unutması mümkül deyil.
- Xəbəriniz var ki, Xaqani Məmmədov illər sonra AFFA-da Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olundu?
- Paradoks burada yatır. Necə olur ki, rüşvət üstə ömürlük futboldan kənarlaşdırılan hakimi kimsə Hakimlər Komitəsinə sədr seçir? Belə bir şey Avropanın heç bir yerində yoxdu. Heyrət ediləcək bir vəziyyətdir. Kimsə onu o vəzifəyə gətirə bilər, ancaq futbolsevərlərin vicdanında Xaqani Məmmədovun yeri bəllidi. O ləkəni üzərindən silməsi mümkün deyil.
- Azərbaycan futbolu ilə fürsət düşdükcə maraqlanırsınız? Məsələn, hazırda "Turan"ın hansı liqada çıxış etdiyini, neçənci yerdə olduğunu bilirsiniz?
- Təbii ki... Həm Azərbaycan Premyer Liqasını, həm də I Divizionda çıxış edən "Turan"ı yaxından izləyirəm. Və arzu edirəm ki, ən qısa zamanda "Turan"a yaxşı sponsor tapılar və layiq olduğu yerə dönər. Çünki Azərbaycanda futbol demək, Tovuz futbolu deməkdir. O mənbə heç bir zaman qurumayacaq. Amma "Turan"ı yaşatmaq Tovuz və Azərbaycanda futbolu sevən "böyüklər"in üzərinə düşür.
- Azərbaycandan iş təklifi gəlsə, yenidən bura qayıdarsınız?
- Əlbəttə. Mən belnəlxalq məşqçiyəm. İndiyə kimi 6 fərqli ölkədə işləmişəm və uğurlar, kuboklar qazanmışam. Azərbaycanda məni sevən və hörmət edən kütlə var. Mənə sadəcə tovuzlular deyil, Azərbaycanın digər klublarının azarkeşləri də hörmət bəsləyir. Çünki onlarla aramda sevgi yarandı. Bunu heç kimin əlimizdən almağa gücü yetməz. İnanıram ki, şərait düzələcək və mən yenidən Azərbaycan futbolunda xidmət göstərməyə gələcəm.
Röya Kərimli
Sport7.az
Комментарии
Отправить комментарий