Xanım azarkeşlərlə müsahibələrə davam...
Bugünkü qonağımız "Qarabağ" klubunun azarkeşi Aygül Qarayevadır. Əvvəlcə müsahibimizi yaxından tanıyaq.
2000-ci ildə futboldan tamam uzaq olan bir yerdə - Zərdabda anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün Bakıda yaşamağa başladım. 2013-cü ildən "Qarabağ"a azarkeşlik etsəm də, məhz ali məktəbə daxil olduqdan sonra oyunlara mütəmadi getməyə başlamışam. İlk dəfə "Qarabağ"ın "Ayntraxt"la cavab oyununu izləmişəm. Evdə atamın tək futbola baxdığını görüb, mən də oyunu onunla birlikdə izlədim. Hələ futboldan heç bir məlumatım olmasa da, 1:2 hesablı məğlubiyyətə çox üzülmüşdüm. Həmin oyundan sonra klub haqqında maraqlanmağa başlasam da, oktyabra qədər başqa oyununu izləyə bilməmişdim. 2013-cü ilin oktyabrın 20-dən "Qarabağ"ın "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəldiyi oyundan sonra bütün matçlarını izləməyə, onu sevməyə başladım. Həmin oyun haqqında məqalə dərc olunan idman qəzetini hələ də saxlayıram. (gülür)...Futbolu sevməyimdə babamın da böyük təsiri olub. Yeni-yeni futbol izləməyə başlayanda, oyundan əvvəl və sonra matçla bağlı danışardıq. "Qarabağ"ın qalib gəldiyi hər oyundan sonra isə zəng edərək, məni təbrik edərdi. (gülür)...
İlk dəfə isə Çempionlar Liqasında keçirilən "Seltik"lə oyunda stadionda olmuşam. Yay ayları olduğu üçün istirahət etmək bəhanəsiylə Bakıya gəldim və çətinliklə də olsa, bu oyunu stadiondan izləyə bildim.
- Futbol qaydalarını, taktikalarını öyrənə bilmisən, yoxsa sadəcə nəticə üçün baxırsan? Məsələn, xanımların çox faizi "ofsayd"ı anlamaqda çətinlik çəkir...
- Elə ilk vaxtlardan öyrənmişəm. Onsuz da futbola baxdıqca, müşahidə sayəsində nələrisə bilmək olur. Düşünürəm ki, onları bilməsən, futbolun həyəcanını tam yaşaya bilmərsən. Hansısa epizodda qayda pozuntusu var, ya da oyundan kənar vəziyyət, bunu bilmədikdə, epizoda reaksiya vermək olmur. Bəzən olur ki, stadiondan izlədiyim hansısa oyunda belə epizodlardan birini görmürəm, o anda çaş-baş qalıram. (gülür)...
- Futbol sənin üçün nədir?
- Ən çətin sual. (gülür)... Bəzən hansısa hissləri tam izah edə bilmirik. Ya da istədiyimiz kimi çatdıra bilmirik. Futbol mənim üçün bəzən bir növ çıxış yoludur. Bəzən təsəlli, bəzən çöküş, bəzən isə güclü olmağın tək vasitəsi. Futbol bəzən əyləncə, bəzən stress səbəbi, bəzən də tamamilə fərqli, məni sevindirən tək şeydir. Bunları ən çox da "Qarabağ" sayəsində yaşayıram.
- Bizim çempionatda bəzən ən "xod gedən" komanda belə birdən-birə eniş yaşayır, hətta klub dağılır. Bir gün belə bir hadisə sevimli komandanın başına gəlsə, nə edərsən? Başqa klub seçərsən, yoxsa futbolun daşın atarsan?
- Bu sual "Qarabağ" sevgimi bilən əksər insan tərəfindən verilir mənə. Ümumiyyətlə, mənim üçün başqa klub seçmək deyə bir şey yoxdur. Çünki komanda sevgisi belə bir şey deyil. Mənim "Qarabağ" qədər dəyər verdiyim, sevdiyim çox az şey var. Belə deyim, bütün mənanı yükləmişəm "Qarabağ"a və bunu başqa bir varlıqla əvəz etmək mümkün deyil. Sual çox verilsə də, bu haqda düşünmək belə istəməmişəm. Hər anımı bu klubu düşünməklə, oyunu üçün hazırlaşmaqla, plan qurmaqla keçirdiyim halda, belə ehtimalı düşünmək çətindir.
- "Qarabağ"ın hər oyununa gedirsən? Stadiona gedəndə ailən problem yaradır?
- Bəli, demək olar ki, bütün oyunlara gedirəm. Ailə məsələsi isə işin çətin olan qismidir. Bu il bu baxımdan işim bir az asanlaşıb. Ailəmdən uzaqda yaşadığım üçün, bir az da balaca olduğum üçün narahat olurlar, buna görə də, bəzən etirazlar olur. Amma hələ universitetə hazırlaşdığım vaxtlarda atama "ali məktəbə daxil olum, oyunlara gedərəm, elə?" deyə sual verirdim. İndi də, cümə günləri anamla danışarkən, "bu həftə oyun var?" sualı olmazsa olmazımız olur. Keçən mövsüm gizlin getdiyim oyunlar daha çox idi. İndi isə, belə deyim, gedəcəyimi bir oyun deyəndə, 5 oyun demirəm. (gülür)... Bu baxımdan, anam xüsusi narazılıq edir. Noyabrda "Qəbələ" deplasmanına getdikdən sonra, anamın nə Qəbələdən, nə də "Qəbələ"dən xoşu gəlmir. (gülür)...
- Hər ailənin qızı futbola buraxmamaq üçün bir səbəbi var. Sənin ailən nə üçün stadiona getməyini istəmir?
- Mən də əsas səbəb dediyim kimi, əsas ailəmdən uzaqda qalmağımı və balaca olduğumu demələridir. Xüsusilə, gec saatlarda baş tutan oyunlarda çox narahat olurlar. "Tək olacan, başına bir şey gələr" deyirlər. Əsas da, anam. Amma artıq qəbul ediblər. Bu da inamdan irəli gəlir. Hətta bəzən oyuna gedəcəyimi əvvəldən xəbər etməyəndə, anam "nə əcəb bu həftə oyuna getməyəcən" deyə soruşur. Bəlkə də, söz almağa çalışır. (gülür)...
- Mən düşündüm deyəsən ki, anam deyir "soyuq olar, xəstələnərsən stadionda"...
- O soyuq olması məsələsi artıq mənim əvvəldən dediyim bir şeydir. Qışda, gecə olan matçlarda "oyuna gedəcəm" sözümdən sonra "əynimi qalın geyinəcəm, çıxanda və evə çatanda xəbər edəcəm" deyib, işimi qarantiya alıram. (gülür)...
- Bəs səfər oyunlarında, və ya axşam saatlarında stadiondan çıxanda özünə qarşı hörmətsiz bir hərəkət görmüsən?
- Bu, keçən il daha çox olurdu. Bəlkə də, keçən il daha çox ciddiyə alırdım deyə belə şeyləri elə yadımda qalıb. Onsuz da çempionat oyunlarında o qədər də çox azarkeş olmur. Bəzən olurdu ki, avrokubok oyunlarından sonra kimsə qəribə baxırdı, ya da klubun uduzacağını filan deyirdi. Bu il isə, xoş münasibəti daha çox görmüşəm. Bəzən heç tanımadığım biri görüb "əhsən sizə" "axır ki, qızları da stadionda görürük" kimi sözlər deyiblər. Təbii ki, digər hallar da olur. Amma başa gələn çəkilər deyiblər. Stadiona gedəndə belə şeyləri görməzdən gəlməyə çalışıram, oyuna köklənirəm ancaq.Tək getdiyim oyunların birində ikinci hissədə bir oğlan məndən arxa sırada rəqib klublardan birinin bəstəsini oxumağa başladı. Təbii ki, bir az əsəbləşdim, mübahisə etməmək üçün özümü saxlayırdım. Eşitməyim və mübahisə etməyin deyə stadiondakı bəstələri ən yüksək səsimlə oxumağa başladım.
- Bildiyim qədərilə mətbuat işçisisən...
- Jurnalistika üzrə ail təhsil alıram. Hələ bu yolun başlanğıcındayam. Bir neçə aydır başlamışam artıq. Deyim ki, mənim təhsilimdə jurnalistikanı seçməyimə də "Qarabağ" səbəb olub. Hələ ki, idman jurnalistikasını seçmişəm. Amma açığı bilmirəm bu sahədə hansı müddətə qalmaq istəyərəm.
- Deyək ki, getmisən "Qarabağ"ın oyununa və hansısa tənqid olunacaq məqamla üzləşirsən. Azarkeş duyğuları ilə jurnalistika arasında qalsan, hansı hisslərin üstün gələr? Sevgiyə yenilib və çatışmazlığını ört-bastır edərsən, yoxsa peşəkar davranıb klubunun çatışmazlığını qələmə alarsan?
- Bu qədər acımasız olmamalı idiz. (gülür)... Belə deyim, mən "Qarabağ"ın oyunlarında heç vaxt jurnalist kimi iştirak etməmişəm. Bunu demək olar ki, hamı bilir. Etmərəm də. Tribunada oluram çünki. Bu, mənim üçün daha vacibdir. Amma mənim dediyim kimi, mənim jurnalistikaya gəlməyimə azarkeşlik, "Qarabağ" səbəb olub. O ki qaldı, klubun hansısa tənqidi nüansına, azarkeş dəstək olduğu kimi, tənqid də edə bilər. Bəzən transferdə hansısa etirazı sosial şəbəkə vasitəsilə bildirmişik və s. Amma ümumilikdə, elə bir etirazım, ya mənfi nüanslar olmur.
- Oyuna daha çox "Qarabağ" azarkeşi Sevinc ilə gedirsiz? Heç hansısa rəfiqəni futbola cəlb etmisən?
- Universitetdə qız qrup yoldaşlarım həftə sonuna aid gəzmək, əylənmək üçün plan quranda, mən birinci oyunun vaxtını deyirəm, ya da ümumiyyətlə, deyirəm futbol var, stadionda olacam, mən gəlmirəm. Nə qədər incisələr də, artıq bu vəziyyətə öyrəşiblər. Bir müddət əvvəl ikisi dedi ki, yaz aylarında olacaq oyunların birində biz də sənlə gəlib, orda necə olduğunu, necə dəstək verdiyini görmək istəyirik. Görürəm ki, artıq onlara stadionda dəstək vermək maraqlı gəlir. Amma bu baxımdan məni ən çox sevindirən məqam öz ailə üzvlərimlə bağlıdır. Yayda Çempionlar Liqasında "Kukesi" ilə oyuna bacımla getmişdim. O, yaşça məndən böyükdür. İlk dəfə idi birlikdə gedirdik. Həm ev baxımından rahat oldum, yanımda böyük bacım olduğu üçün evə gec qayıdanda tələsmirdim, həyəcanlanmırdım, həm də bacımla oyunu izləmək daha gözəl bir duyğu idi. Futbola çox marağı olmasa da, oyunu stadionda izləməyə etiraz etmədi. Oyunun sonunda isə bizim kimi futbolçuları qələbəyə görə alqışladı.
- Bəs gələcəkdə şəxsi həyatında futbola qadağa olsa, nə seçim edərsən?
- Olmayacaq. (gülür)... Bəzən ətrafımda kimsə deyir ki, nə vaxta qədər stadiona gedib, ordan dəstək olacan, bəstə oxuyacan? Deyirəm, hər zaman. Hazırda həyatımda belə bir problem yoxdusa, ya da belə deyim, çətinliklərə baxmayaraq, bunu bacarıramsa, problemi həll edirəmsə, niyə gələcəkdə bu tip problemin olmasına icazə verim ki? Bu gün ailəm bəzən etirazlara baxmayaraq, bunu qəbul edib, məni başa düşürlər, inanırlar. Demək ki, heç vaxt başqa bir maneə ola bilməz həyatımda. Hazırda mənim üçün həyatımda ən vacib ailəm və "Qarabağ"dır. İndi birindən qopmadan ikisinə sevgini davam etdirirəmsə, stadiona gedirəmsə, bu, hər zaman belə olacaq.
Röya Kərimli
Sport7.az
Комментарии
Отправить комментарий