Reşat Kəsəmənli: "Mənə görə ən maraqsız futbol mövsümüdü"



Futboldan kənar sahələrdən olan tanınmış şəxslərlə müsahibələrimiz davam edir. 

Bu dəfə aktyor, şair Reşat Kəsəmənli futbolla bağlı fikirlərini Sport7.az-la paylaşıb.

- Ölkə futbolunu izləyirsiniz?
- Azərbaycan futbolu ilə maraqlanıram. Uşaqlıdan "Neftçi" azarkeşiyəm. Ancaq avrokuboklarda istənilən bir klubumuz çıxış edəndə, onları dəstəkləyirəm. Son zamanlar "Qarabağ"ın Avropada uğurları çox olduğu üçün, avrokuboklarda bu komandaya  azarkeşlik edirəm.

Ancaq son iki ildə Azərbaycan futbolunda əvvəlki futbol qalmayıb. Ola bilər ki, ölkə çempionatında lider komandaların nəticələri eyni olsun. Ancaq istər "Qarabağ", istər "Qəbələ" olsun 2 il əvvəlki komanda deyillər. Bugünku oyunla oyunla onlar Avropada 2 il əvvəlki nəticələri qazana bilməzlər. Buna təəssüf edirəm. Avropada belə status qazanmışkən, birdən-birə belə düşüş yaşamaqları xoşa gələn hal deyil. Ümid edirəm ki, toparlanacaqlar. Ancaq əvvəlki nəticələrə baxanda bu gün sərgilənən oyun qənaətbəxş deyil.

"Neftçi"yə gəlincə isə, son 4-5 mövsüm bu komanda adına layiq olan oyun göstərə bilmədi. Bu mövsüm isə, rəqiblərinin biraz özünəxas oyun göstərməməsi və özlərinin dircəlməsi sayəsində çempionatda öz sözlərini deyi bilirlər. Ki, turnir cədvəlində də liderdilər. Vallah mənim arzum odur ki, hansı komandamız olur olsun, ölkə xaricində adımızdan söz etdirsinlər. Avropada fərqi yoxdu hansi komandadı, əsas Azərbyacan adı olsun. Biz isə, ümumi Azərbaycana dəstək oluruq. Komandamızın hər birinə uğurlar.

Mən 4-5 yaşımdam futbolla baxıram. Çünki atam o yaşlarımdan məni futbola aparardı. Ağlım kəsəndən bütün dünya üzrə futbol çempionatlarına baxıram. Mənə elə gəlir ki, bütün dünya üzrə bu mövsüm ən zəif mövsümdü. Mənə görə ən maraqsız futbol mövsümüdü. Nə "Barselona" 3 il əvvəlki futbolunu sərgiləyə bilmir, nə "Real", nə "Mançester Yunayted" və s. Bu mövsüm heç bir komanda adına layiq futbol göstərə bilmir.

- Azərbaycanda çempionat anlayışı demək olar ki, qalmayıb. Yüksək liqa 8 komandalı "Bakı çempionatı"ndan ibarətdir.  Bölgələrdə böyük futbol anlayışı qalmayıb. Bu gedişat futbolumuza nə verəcək?
- Açığını deyim, regionlarda yüksək səviyyədə futbol qalmayıb deyə bilmərik. Regionlarda inkişaf gedir. Sadəcə olaraq bizdə problemi aradan qaldırmaq üçün yerli futbolçulardan daha çox istifadə etmək lazımdı. Düzdü, legioner futbolçuların yerli oyunçulara müsbət təsiri var. Ancaq fikrimcə, bölgələrdə uşaq futboluna diqqət ayırmalıyıq.  Bizdə uşaq futbol məktəbləri bir paytaxtda, bir də Qəbələdə var.  Regionlarda uşaq futboluna diqqət yetirilsə, əminəm ki, istedadlı uşaqlar yetişəcək və rayonlarda futbol Bakıdan daha çox inkişaf edəcək. Sadəcə bölgələrdə futbola yüksək dərəcədə qayğı yoxdu. Ddiqqət ayrılmır. Yoxsa mən əminəm ki, ən yaxşı futbolçular elə regionlardan çıxar. Hər şeydə hazır məhsul istəyirik. Ancaq hazır məhsulun əmələ gəlməsinə təkan vermirik. Sadəcə deyirik ki, bizdə futbol inkişaf etmir. Axı inkişaf üçün uşaq futbol məktəbləri lazımdı. Regionlarda uşaq futbol məktbələri qurulmalıdı, orta məktəblərdən istedadlı uşaqlar cəlb olunmalıdı, güclü mütəxəssis seçilməlidi.  Bunun üçün isə dövlət tərəfindən vəsait ayrılmalıdı. "Sovet" dönəmində olduğu kimi, dövlət hesabına pulsuz futbol məktəbləri olmalıdı. O məktəblərdə o qədər gözəl futbolçular yetişəcək.

- Gördüyüm qədərilə futbolumuzla çox dərindən maraqlanırsız, hər bir çatışmamazlıqlardan xəbəriniz var. Müsahibəniz vasitəsi isə futbolumuzun baş bilənlərinə nəyi çatdırmaq istərdiniz? Qısacası, AFFA-ya nə mesajiniz var?
- Az əvvəl qeyd etdiyim regionlarda uşaq futbolunun inkişafı ilə bağlı dövlətə təklif verə biləcək qurum AFFA-dır. Bu qurum uşaq futbol məktəblərinin inkişafı ilə bağlı plan hazırlamalıdı. Onsuzda ölkəmizdə dövlət tərəfindən idman böyük diqqət göstərilir. Dövlət hesabına, yəni heç bir məbləğ ödəmədən bölgələrdə futbol məktəbləri açılsa, bu çox böyük fayda verəcək. Özü də bilirsiniz ki, bölgələrdə azarkeş kimi futbol maraq həddindən artıq çoxdu.  Buna misal "Xəzər Lənkəran"ı çəkmək olar. Cənub zonası bu komandanın oyununa necə böyük maraq göstərirdi.

- Millimizin çıxışını necə qiymətləndirirsiniz? Sizcə, Qurban Qurbanovun millidən getməsi doğru qərar idi? Yeni baş məşqçi ilə nəsə irəliləyiş əldə edə biləcəyik? 
- Məncə, Qurban Qurbanov əvvəldən milliyə getməməli idi. Çünki Qurban Qurbanov "Qarabağ"la birgə yetiişmişdi. Onun etalon məşqçi kimi formalaşması "Qarabağ"la bağlıdı. Bir ailənin başçısı kimi, bu ailədə böyümüş bir insan kimi. O, nəinki milli, başqa komandanın başına keçsə, yenə də uğur qazana bilməyəcək. Qurban Qurbanov deyəndə ağıla ilk gələn "Qarabağ"dı, "Qarabağ" deyəndə isə Qurban Qurbanov. Bunlar bütövləşib. Mənim fikrimcə, Azərbaycana bizim futbolu gözəl bilən məşqçi gətirmək lazımdı. Sadəcə olaraq biz bir ilə böyük nəticə gözləyirik. Mən heç vaxt istər millimiz, istər Avropada çıxış edən klublarımız böyük hesabla məğlub olanda lağa qoymadım, gülüş obyektinə çevirmədim. Çünki bu düzgün deyil. Anlamaq lazımdı ki, heç bir şəxs tutduğu vəzifədə aşağı nəticə göstərmək istəməz. Onlar da əllərindən gələni edirlər. Və əldən gələn budu. Onları dolamalı deyilik. Ancaq bizim insanlar bu gün qələbə qazananda alqışlayır, sabah böyük hesabla uduzanda başlayırlar tənqid də yox, hətta təhqir etməyə. Bizim ən böyük səhvimiz budu. Özümüzə baxmalıyıq ki, biz tutduğumuz işdə mükəmməlik, qüsursuzuq?! Ən azından biz də işimizi mükəmməl yerinə yetirməyə çalışırıq, əlimizdən gələni edirik. Ancaq həmişə uğur qazanmırıq. Sözüm odur ki, hər bir halda komandanı dəstəkləmək lazımdı.

- Son olaraq çempionatla bağlı proqnozunuzu soruşum. Sizcə, bu movsum çempion adını hansı komanda qazanacaq? 
- Hazırda əsas rəqabət "Neftçi" və "Qarabağ" arasında gedir. Düzü, istərdim "Neftçi" qazansın. Ona görə yox ki, uşaqlıqdan "Neftçi" azarkeşiyəm. Sadəcə "Neftçi" kimi bir komandanın uzun illər sonra çempionluq adı qazanması bu komandaya daha da güclənməsi üçün stimul verəcək. "Qarabağ" onsuzda güclü klubdu. Həm də "Qəbələ"dən sonra daha bir güclü rəqibi olacaq. Çempionatda isə, rəqabətin artması komandalarda inkişaf yaradacaq. Nəticədə isə, Azərbaycan futbolu inkişaf edəcək.

Röya Kərimli
Sport7.az 

Комментарии