"Alo, Tofiqdi? Nurlan dedi ki, ..." - RUBRİKA



"Gülməli xatirələr" rubrikamız davam edir. Futbol ictimaiyyətinin nümayəndələri futbolda başlarına gələn, gördükləri, eşitdikləri gülməli hadisələri bizimlə bölüşüblər. 

Keçək xatirələrə...

Emil Şükürov ("Freestyle Football Azərbaycan"ın qurucusu və rəhbəri): "Yakuba Bambanın "Karvan"da debüt oyunu Tovuzda "Turan"a qarşı idi. Həmin gecə yol gəlib komandaya qoşulmuşdu. İkinci hissədə əvəzetmədən meydana girib bərabərlik qolunu vurdu. Komanda üzvlərini yaxşı tanımadığından qol sevincini 4-cü hakimlə bölüşmüşdü. (gülür)..."

Nurlan İbrahimov ("Qarabağ”ın mətbuat katibi): 5-6 il əvvəlin söhbətini danışıram. Avrokubok vaxtlarıdı. Hamı bilet istəyir. Aləm qarışıb bir-birinə. Biz də kimsə bilet istəyəndə çalışırdıq könülləri xoş tutaq. Bir nəfər "messenger"də bilet üçün mənə yazmışdı. Dedim ki, zəhmət olmasa gedin "Tofiqə" oradan götürün. Hər ehtimala qarşı öz nömrəmi də qeyd elədim. Bilirsiniz ki, "Tofiq"dən bilet götürərsiniz deyəndə, "Tofiq Bəhramov" adına Respublika stadionu nəzərdə tutulur.

Bu yazışmanın üzərindən 20 dəqiqə keçmişdi ki, mənə zəng gəldi. "Alo, salam. Tofiqdi? Bəs Nurlan dedi ki, sizdən bilet götürməliyəm". Bir anlıq duruxdum. Düzü, çatmadı mənə. Soruşdum kimsən. İzah elədi ki, bəs Nurlan yazıb ki, bileti gedib Tofiqdən götürərsən. Əlaqə üçün də bu nömrəni yazıb". O zaman mənə "danq" elədi ki, bu insan "Tofiq"i stadion yox, şəxs başa düşüb".

Xəyalə Əzizzadə (Futbol hakimi): "Futbola başladığım illərdi. Mən də rus dilində ümumiyyətlə heç nə bilmirdim. Məşqdə bəzi fintlər edəndə baş məşqçi mənə həmişə "zdorova Xayala" deyirdi. Bir gün su fasiləsində yaxınlaşdım məşqçiyə və dedim ki, "Ay müəllim, mən Zdorova deyiləm, Əzizzadəyəm". Sözün sonu "ova" ilə bitdiyi üçün elə başa düşmüşəm ki, soyadımı səhv salıb. Bütün komanda yoldaşlarım mənə gülmüşdü. (gülür)..."

Röya Kərimli
Sport7.az




Комментарии