Bir zamanlar Azərbaycan çempionatına rəng qatan klublardan biri də paytaxtın "Bakı" komandası idi. Lakin o da bir çox klub kimi tarixə gömülənlər sırasına düşdu.
Son zamanlar fəaliyyətini dayandırmış klubları yad etməyə çalışıram.
Bugünkü müsahibim də bu barədə mənə köməklik göstərdi. "Bakı" klubunun keçmiş mətbuat katibi İbrahim Cəfərov sabiq klubu haqda xatirələrini, maraqlı faktları və pərdəarxası bir sıra məqamları Sport7.az-a bölüşdü.
- İdman mətbuatının maraqlı personallarından olmusunuz. Lakin son zamanlar sanki kölgəyə çəkilmisiniz. Bunun səbəbi nədir?
- Səbəb idman mətbuatının hazırki durumudu. Onsuz da çox adam bilir, gizlətməyin də mənası yoxdu. Bu gün idman mediasında vəziyyət çox açınacaqlıdı. Siravi jurnalist nə qədər qazanır? 300-500 manat. Bu məbləğ isə nəinki ailə saxlamağa, heç bir nəfərin normal yaşamasına yetmir. 15 il əvvəl ad, imza, tanınmaq üçün işləyirdik. Özündən demək kimi çıxmasın, amma artıq o dövr keçmişik. Sağ olsunlar, bir neçə dəfə Mahir Rüstəmli, Elçin Cəlilov kimi jurnalistlərdən "yerin görünür", "səni mətbuatda görmək istəyirik" kimi sözlər eşitmişəm. Verdikləri dəyər üçün minnətdaram. Jurnalistika ən yaxşı bacardığım, sevdiyim sahədi. Amma özümü bugünkü mətbuatda görmürəm.
- Karyeranız ərzində "Bakı" Futbol Klubundan, milli komanda da və özünüz təsis etdiyiniz saytda çalışmısınız. Gəlin lap əvvələ qayıdaq. "Bakı" klubuna gəlişiniz necə oldu?
- Hələ jurnalistikaya gəlməmişdən əvvəl, 2004-cü ildə "Bakı" klubuna azarkeşlik etmişəm. Amma mətbuata gəldikdən sonra bəlkə də "Bakı"nı ən çox tənqid edən jurnalist olmuşam. Hətta elə yazım olub ki, Böyükağa Hacıyev, klub rəhbərliyi məni axtarıb (gülür)...
2006-cı ilin avqustunda mətbuat xidmətinin rəhbəri təyin olundum. Heç 20 yaşım tamam olmamışdı. Daha sonra Coko Hacıyevski baş məşqçi təyin olunduqdan az sonra həm də tərcüməçi kimi fəaliyyət göstərdim. Əslində Hacıyevskinin gəlişində rolu olan Elman Ələkbərovun tərcüməçisi Hacıyevski ilə işləməli idi. Bir neçə gün sonra həmin tərcüməçi xəstələndi. Məsuliyyəti boynuma götürdüm. İlk mətbuat konfransında çox həyəcanlı idim. Yaxşı ki, heç kim sual vermədi. (gülür)... Zaman keçdikcə Hacıyevski ilə çox yaxşı anlaşırdıq. O ağzını açanda artıq cümlənin sonunu, nə demək istədiyini bilirdim. Hətta bəzən dostlar zarafatca deyirdilər ki, Hacıyevski 2 cümlə deyi, İbrahim 5 cümlə tərcümə edir (gülür)...
2008-ci ildə "Bakı"dan ayrıldım. 2010-cü ildə isə qayıtdım. Daha sonra qısa müddət Bülənt Qorxmaz, Cüneyt Biçer, Vinfred Şefer ilə işlədim Əslində "Bakı" ilə bağlı xatirəm, danışacaq çox şey var. Saatlarla danışmaq olar. Ona görə ən yaxşısı siz soruşun, mən cavablandırım. Yoxsa belə çox olar (gülür)...
- Diqqətimi çəkən məqam mətbuat katibi postuna gəlişiniz oldu. Demək tənqidlərinizdən "qorxub" sizi öz cəbhələrinə çəkməyə əl atdılar. Bəs nə əcəb razı oldunuz? (Zarafat)...
- Yox, qətiyyən. "Bakı" sevgimi bilirdilər. Gəlişimdə tənqiddən çox sevginin rolu oldu deyərdim.
- "Bakı" klubunun bu günə kimi mətbuata açıqlanmayan sirrlərindən bəhs edə bilərsiniz?
- Xeyr. siz dediyiniz kimi sirdirsə, sirlər bizimlə qəbrə gedəcək. Ancaq maraqlı şeylər danışmaq olar.
- Buyurun danışın o zaman...
- Çox şey olub, amma hamısı danışılası deyil. (gülür)... Maraqlı hadisələrdən bəzilərini danışım. 2007-ci il idi, Haciyevki "Bakı”ya təzə baş məşqçi təyin olunmuşdu. "Neftçi”yə də məşhur Petrjela gətirilmişdi. İndiyə kimi yadımdadı, oyun oktyabrın 20-si olacaqdı. 1 gün əvvəl oktyabrın 19-da komandamızın üzvü Elnur Abdullayevin toyu idi. Həmin gün başqa bir toy da var idi. O toy mənim üçün çox vacib idi. 5 il üzünü görmədiyim adamı görəcəkdim. Nə isə, Elnurun toyuna komanda şəklində yollandıq, həmin vaxtlar oyunlardan 1, vacib oyunlardan isə 2 gün əvvəl "zbor” olurdu. Elə oldu ki, Abdullayevin toyundan qayıdanda mənim getməyimə icazə verilmədi, məcbur olub komanda ilə birgə "Delfin”ə qayıtdım. Gecə internete daxil oldum. Həmin vaxt saytlar indiki kimi çox deyil. Cəmi 3-4 idman saytı var idi. "Apasport”da Petrjelanın açıqlamasını oxudum.
Dəyərli həmkarımız Mehman Süleymanov almışdı həmin açıqlamanı. Petrjela deyirdi ki, "Bakı” sabah bizdən 1 xal alsa, bu, onlar üçün qələbəyə bərabər olacaq”. Əsəbi vəziyyətdə bu açıqlamanı oxuyan adam nə vəziyyətə düşər? Dəli oldum. Dərhal Haciyevskinin otağına yollandım. Necə deyərlər, birinin də üstünə beşini qoyub ona dedim. Lorı dildə desək, Haciyevskini "tırkaladım”. (gülür)... Dərhal inzibatçını çağırdı və göstəriş verdi ki, komandanı iclasa toplasın. Təsəvvür edin saat 23:30-da "adboy” verilib, hamı otağına yollanıb yatmağa, 1 saat sonra isə hamı iclasa toplanır. Haciyevski başladı danışmağa. O, 2 dəqiqə danışırdı, mən dediklərinin "doza”sını artırmaq üçün 5 dəqiqə tərcümə edirdim. Fatih Terimin "Bayraq”, "Sakarya” söhbətlərinə bənzər. Komandanı gecəynən necə motivasiya elədiksə, sabahsı günü birinci hissədən sonra 3:0 hesabı ilə öndə idik.
"Neftçi”də "Neftçi” idi. Kimlər yox idi o komandada?! Zaur Tağızadə, Rəşad Sadıqov, Georgi Adamiya, Aqil Məmmədov, Branimir Subaşiç, 1 il əvvəl "Bakı”nı "Neftçi”yə dəyişən Ramil Quliyev, Rail Məlikov, Ramazan Abbasov. Həmin gün ilk və son dəfə idi ki paltardəyişmə otağında uşaqları elə görürdüm. Adətən fasilədə futbolçular formanı, getrini çıxar, rahatlanır, əl-üzlərini yuyurdular. Amma həmin gün fasilədə 11 nəfərin 11-i də otağda oturub ikinci hissəsinin başlamasını gözləyirdilər ki, ikinci hissə başlasın, çıxaq daha 3-ünü vuraq. Yekunda 5:1 hesabı ilə qalib gəldik. Hamı deyirdi ki, biz bu oyunu 1 gün qabaq, gecə iclasda udmuşduq. (gülür)... Həmin oyun Azərbaycan futbolunda Haciyevskinin "möhür”ü idi. Həmin vaxt Petrjelanı "Neftçi”yə gətirənlər onun tezliklə millinin sükanı arxasına keçməsini planlaşdırırdılar. Amma 1:5-dn sonra nə milli? Yığmaya da elə sonradan Haciyevski getdi. Belə maraqlı hadisələr çox olub.
"Xəzər Lənkəran”la oynayırdıq. Oyunqabağı məşq idi, kanallardan biri çəkiliş aparardı. Bir anda heç kim anlamadı nə oldu, bir də ayıldıq ki məşqdə dava gedir. Özü də komanda şəklində. Yerlilər əcnəbilərə qarşı. Sonradan məlum oldu ki, Rodriges var idi, səhv eləmirəmsə Ekvadordan idi. Yerli oyunçuların öz aralarında qeyri-etik zarafatla dediyi sözlərdən birini əzbərləyib, "kvadrat” oynayanda bu sözü öz aləmində zarafatca komandanın ağsaqalı sayılan bir yerli oyunçuya dedi. Onun da xasiyyəti elə idi ki, futbolçulardan heç kimlə zarafatı yox idi. Dərhal bu sözə qarşılıq Rodrigesə yumruq vurdu, başqa bir yerli də ekvadorluya təpik atanda Andre Ladaqa görmüşdü. O da həmin yerli oyunçunu vurdu (etik cəhətdən yerlilərin adını açıqlamağım düz çıxmaz).
Bir anın için də komanda ikiyə bölündü: yerlilər və əcnəbilər. Çətinliklə də olsa, aranı sakitləşdirdik. Amma sırf mənim üçün ən çətini bundan sonra idi. Axı çəkiliş gedirdi və bütün bu dava lentə alınıb. Vacib oyun qabağı bu kadrların efirə getməsi komanda üçün fiasko olardı. Rəhbərlikdən bir nəfər dedi ki, "get kasseti al”. Başa saldım ki, mən də jurnalist işləmişəm, kimsə gəlib mənə əmr edirmiş kimi desə ki, "kasseti ver”, ömrü boyu vermərəm. Gəldim, xahiş elədim ki bu davanı efirə verməsinlər. Geri qayıdanda kasseti almadığımı görüb, "məsuliyyət sənin boynunadır” dedilər. Həmin gün axşam həmin kanalda idman xəbərləri bitənə qədər "ürəyimi yedim”. (gülür)... Hətta komanda birgə şam yeməyi edərkən idman xəbərləri bloku başladı, getdim o dünyanı gördüm, gəldim. (gülür)... Sağ olsun dəyərli həmkarlardan biri, efirə dava ilə bağlı heç nə vermədi...Bir sözlə, belə yaddaqalan, maraqlı hadisələr çox olub.
- Mənim də Avropa Liqasının II təsnifat mərhələsində "Bakı"nın "Buduçnost"la ilk oyunda texniki məğlubiyyət alması yadıma düşdü. Həmin hadisəni necə xatırlayırsınız? Pərdəarxasında bu məsələ ilə bağlı nələr danışıldı, nələr yaşandı?
- Həmin hadisə Joel Epalle ilə bağlı idi. Kamerunlu futbolçunun keçidi birbaşa baş məşqçi Vinfred Şeferin istəyi ilə həyata keçirilmişdi. Transferi komandanın vitse-prezidenti Tunc Afşar həyata keçirmişdi. Epalle 4 il əvvəl səhv eləmirəmsə, "Verder”də oynayarkən hansısa avrokubok oyununda qırmızı vərəqə alıb, amma bundan heç kimin xəbəri yox idi. Futbolçu özü də bu barədə heç nə deməmişdi. Biz hadisədən Bakıdakı oyundan 1 gün sonra xəbər tutduq. Amma məlumatı düz cavab oyunu keçirilən günə qədər mətbuatdan gizlədə bildik. Bu məsələdə konkret kimisə günahlandırmaq çətindir. Çünki futbolu özü də daxil olmaqla, hər kəs günahkar idi. UEFA-dan siyahı göndərilmişdi, hansı ki həmin siyahı bütün klublara göndərilir, dəftərçə kimi, orada 3 min ad var idi.
Epallenin də adı həmin 3 min nəfərlik siyahıda olub. Amma həmin siyahını qabağına qoyub bir-bir vərəqləyən olmamışdı. Yekunda UEFA oyun günü qərarını açıqladı. Bizə texniki məğlubiyyət verildi. Buna baxmayaraq, cavab oyununa çox ciddi hazırlamışdıq. "Buduçnost”dan 1 baş üstün idik və inanırdıq ki səfərdə inanılmazı gerçəkləşdirib 3:0 hesabı ilə qalib gələ bilərik. 2:0 öndə idik, 1 top dirəkdən dönmüşdü, 1 epizodda da səhv eləmirəmsə Saşa Kaykut idi, təkbətəkdən yararlana bilməmişdi. Nadir hücumların birində "Buduçnost” mərkəzdən endirilən zərbə ilə gözlənilmədən hesab arasındakı fərqi azaltdı. Bundan sonra komanda toparlana bilmədi. Yekunda hər iki oyunda 2:1 hesabı ilə qalib gəlməyimizə baxmayaraq, mərhələni rəqib adladı. Rəhbərlik oyunqabağı iclasda bildirmişdi ki, mükafat fondu 300 faiz artırılır. Üçüncü mərhələyə keçsəydik, "Kopenahagen”ə rəqib olacaqdıq. Hollandiyada təlim məşq toplanışında olan Danirmarka təmsilçisinin oyununu izləmişdik və bu rəqibi də tam keçəcək gücdəydik. Təəssüf ki, ani bir diqqətsizlik komandanı bu cür uğurdan məhrum etmişdi.
- Komanda daxilində bas veren en boyuk qalmaqal hansi olub?
- Bayaq danışdığım "Xəzər Lənkəran"la oyundan öncəki hadisəni qeyd etmək olar. Həmçinin, "Buduçnost"la oyundan sonra yaşananlar. Həmin vaxt klub prezidenti Hafiz Məmmədov çox bərk əsəbləşmişdi. Bütün idarə heyətini uzaqlaşdırmışdı. Təbii ki, Hafiz müəllim iradında tam haqlı idi. Dünya səviyyəli mütəxəssis, bahalı transferlər cəlb olunmuşdu komandaya. Almaniyada yüksək səviyyəli hazırlıq keçilmişdi. "Bakı" Avropa Liqasının "pley-off"a kimi irəlləmişdi. Bu dəfə də məqsəd qrup mərhələsi idi. Komandanın potensialı buna imkan verirdi. Təəssüf ki, ani diqqətsizlik bütün zəhməti yerə vurdu.
- Hafiz Məmmədov demişkən, onunla dostluğunuz nə vaxtdan başlayıb, hazırda əlaqəniz hansı səviyyədədir?
- Mən Hafiz müəllimi 2004-cü ildən, o isə məni 2006-cı ildən tanıyır. Sağ olsun, rəhbər kimi daim diqqət, qayğısını əsirgəməyib. Hafiz müəllim haqda çox danışmaq olar. Hamı onun necə insan olduğunu, necə geniş ürəyə sahib olduğunu bilir. O, bizim rəhbərimiz yox, böyüyümüz olub. Bu gün də Hafiz müəllimin yanındayam, Allah qismət etsə hər zaman da yanında olacam. Təəssüf ki, bir çoxları pis gündə qaçır. Amma tanıyanlar bilir ki, şükür Allaha əqidəmizdə elə şey yoxdu. Gəmi batırsa, biz də o gəmidə batacağıq. İnanmıram ki, nəinki Azərbaycanda, heç dünyada Hafiz müəllim kimi ikinci bir rəhbər şəxs olsun. Ancaq əfsuslar olsun ki, ona qarşı çox haqsızlıqlar olub. İstər futbolda, istərsə də biznesdə. Hafiz Məmmədovun hesabına çoxu əyninə şalvar geyinsə də, hamısı sona kimi kişiliklərini qoruya bilmədilər. İnsan gərək çörək yediyi qaba tüpürməsin. Amma göydə Allah var, gec tez haqq öz yerini tapacaq. İnanıram ki, tezliklə hər şey öz yerini tutacaq. Az qalıb.
- Hafiz Məmmədova qarşı nə kimi haqsızlıqlar edildi.
- Hafiz müəllim Azərbaycan futbolu üçün çox böyük işlər görüb. 30 milyon dollar xərcləyib, ölkədə analoqu olmayan baza inşa etdirmişdi. İndi necədi o bazanın durumu? Çətin vaxtlarda ölkə futboluna cavabdeh olan şəxslər həmin bazanın taleyi ilə maraqlanmadılar. Halbuki o bazada yetişən onlarla futbolçu illər boyu Azərbaycanın müxtəlif yaş qrupları üzrə milli komandalarında oynayıb. Həmin bazada Azərbaycanın əsas millisi, eləcə də aşağı yaş qrupları üzrə millilər illərlə təmənnasız, AFFA tərəfindən heç bir ödəniş edilmədən hazırlıq keçiblər. Ölkəmizdə keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatı zamanı komanaların bir çoxu məhz "Bakı”nın bazasında məşq edirdilər. Eləcə də millimizlə rəsmi, yoxlama oyunları üçün Bakıya gələn komandalar. Hansı yığma "Bakı”nın bazasında məşq etməyib ki? İstər Portuqaliya olsun, istər Türkiyə millisi. Və bir daha təkrar edirəm ki, məhz Hafiz müəllimin göstərişi ilə bütün bunlara görə assosiasiya tərəfindən kluba heç bir ödəniş edilmirdi. Azərbaycan futbolu üçün bu qədər iş görən adama qarşı necə biganə qalmaq olar? Hansını deyəsən? "Land of fire Azerbaijan” brendinin tanınması, onlarla yeniyetmə futbolçuların "Atletiko”nun, "Lans”ın düşərgəsinə yollanıb təcrübə keçməsi, peşəkar futbolçu kimi püxtələşməsi. Bütün bunları Hafiz Məmmədov özü üçün etmirdi ki, Azərbaycan və Azərbaycan futbolu üçün edirdi də. Məlum olanda ki, 17 yaşadək futboçular arasında Avropa çempionatı Azərbaycanda keçiriləcək, həmin vaxt yarışa 2 ildən artıq vaxt qalırdı, Hafiz müəllim təklif etdi ki, 20-30 futbolçu seçilsin, göndərək "Atletiko”nun düşərgəsinə 2 il orada hazırlıq keçsinlər, qitə çempionatına qədər. Üstəlik, həmin uşaqların bütün xərcini öz üzərinə götürmüşdü. Amma bu cür təklifə müsbət cavab verilmədi.
O ki qaldı, futboldankənar haqsızlıqlara, bu haqda geniş danışmağa səlahiyyətim yoxdu. Qısaca onu deyə bilərəm ki, bəzi məmurlar Hafiz Məmmədovun, "Baghlan Group”un qazandığı uğurları həzm edə bilmədilər, gözləri götürmədi. Müsəlmanı yıxan nədi? Paxıllıq. Bəzi qüvvələr birləşərək işlərin bügünkü vəziyyətə düşməsinə səbəb oldular. Amma az qalıb. Tezliklə hər kəs baş verənlərdən xəbərdar olacaq. Sənədlərlə, faktlarla hər şey ortaya qoyulacaq və hər kəs biləcək ki, təxminən 5 il ərzində hansı haqsızlıqlar olub.
- Və bu təsirlərin nəticəsində "Bakı" klubu da dağıldı...
- Təəssüf ki... Amma mən dağılmasını qəbul etmirəm. Ümid həmişə sonda ölür deyirlər. İnanıram, inanıram ki bir gün yenə "Bakı” Premyer Liqanın bəzəyi olacaq. Bu, olmalıdır. Dostlar bəzən arada "Nə oldu, "Bakı” qayıtmadı” sualını verirlər. Təəssüf ki, indiki məqamda əldən susmaqdan başqa bir şey qalmır. Amma bir gün qayıdış olacaq. "Bakı”, "Xəzər Lənkəran” qayıtmalıdır. Bunlarsız Azərbaycan futbolu qabağa gedə bilməz. İndi Azərbaycan çempionatında intriqa var? 8 komanda, 4 dövrə. Eyni rəqiblə nə qədər qarşılaşmaq olar? 2004-cü ildə 7-8 komanda çempionluq uğrunda oynayırdı. Bəs indi? Hansısa komandanı aşağılamaq fikrində deyiləm. Amma "Bakı”nın, "Xəzər Lənkəran”ın, "İnter”in, "Simurq”un vaxtında qapazaltı olanlar indi meydanı boş görüblər. Elə vaxt olurdu ki, "Qarabağ” kimi komanda Avroliqadan kənarda qalırdı. Amma indi ölkədə Avroliqada Azərbaycanı təmsil edə biləcək neçə komanda var?
- "Bakı" futbol akademiyasını xüsus vurğulardım. Potensialı yüksək idi. Azərbaycan futboluna çox futbolçu qazandıra bilərdi.
- Akademiyada fəaliyyətdə olduğu dövrdə Azərbaycan futboluna xeyli istedad bəxş etdi. Bu gün Premyer Liqada hansı klubun heyətində "Bakı”nın yetirməsi yoxdu ki? "Qarabağ”da Mahir Mədətov, "Neftçi”də Aqil Məmmədov, Rəhman Hacıyev, Namiq Ələskərov, "Zirə”də Vüqar Mustafayev, "Sumqayıt”da Şəhriyar Əliyev, Qvanzav Maqomedov, "Səbail”də Elxan Əhmədov, Vüqar Bəybalayev, "Sabah”da Bəxtiyar Soltanov, Vadim Abdullayev... Bu, hələ xatırladıqlarımdı. Hazırda "Qəbələ”ni saymasaq, son 15 ildə digər klublar birlikdə "Bakı”nın yetişdirdiyi qədər futbolçu yetişdirməyiblər. Təbii ki, akademiya fəaliyyətini davam etdirsəydi, hazırda siyahı iki qat daha geniş olardı. Rəhbərlik uğur qazanmaq üçün lazımi şəraiti yaratmışdı, Türkiyədən mütəxəssislər cəlb olunmuşdu. Bir sözlə, düzgün iş aparıldığı üçün futbolçu da yetişirdi
- Media Komitəsi ilə qalmaqal yadıma düşür. Bu haqda ətraflı danışa bilərsiniz?
- Media Komitəsi yarananda ən çox sevinənlərdən biri mən olmuşdum. Amma Media Komitəsinin qəbul etdiyi elə ilk qərardan narazı qaldım. Məsələ belə idi ki, millinin Avstriya toplanışı olacaqdı və AFFA səfərə 3 jurnalist yollanacağnı bildirmişdi və seçimi komitənin ixtiyarına buraxmışdı. Məlum oldu ki, gedən 3 nəfər "Apasport”, "Azərisport” və "Futbol+”un əməkdaşlarıdır. Mən də buna etiraz etdim. Bildirdim ki, bu, düzgün deyil. Cəmi 3 yer ayrılıb, onu da komitənin idarə heyətində yer alanlar zəbt edir. Üstəlik, əvvəl, yəni komitə yaranmamışdan öncə də eyni mətbuat orqanları səfərə gedirdi. Belə çıxır ki, komitənin yaranması heç nəyi dəyişmədi?! Köhnə hamam, köhnə tas. Adını qoydular guya mən səfər davası edirəm. (gülür)...
Bu da gülünc iddia idi. Çünki mən niyə "Futbolxəbər” getmir demirdim. Mən başqa saytların getməsini təklif edirdim. Hətta dedim ki gəlin komitəyə üzv olmayan saytları göndərək ki, onlar da gələcəkdə obyektivliyi görüb komitəyə üzv olsunlar. Bunlar bir yana, dostlar bilir, aerofobiyam var, mən özüm səfərdən imtina edirəm, təyyarəyə minməmək üçün. Təyyarəyə minməyən adam necə səfər davası edə bilər? Bir sözlə, elə ilk iclaslarından birində komitənin qərarına etirazım narazılıqla qarşılandı və bundan sonra komitənin bəzi üzvləri mənə qarşı guya radikal mövqe tutdular və 2 il ərzində də bu məsələ davam etdi. Sonra söhbət çıxmışdı ki, guya komitədə hansısa üzv bəzi saytlarla "otkad”la işləyir. Məni iclasa dəvət etdilər, bu məsələ müzakirə olundu.
Qəribəsi odur ki, bu xəbəri mənə elə idarə heyətinin üzvlərindən biri demişdi, digər bir üzv isə telefonda belə bir söhbət eşitdiyini vurğulamışdı. Amma həmin iclasda hər ikisi susdu. Halbuki komitə sədri Mahir Rüstəmli israrla məndən ad istəyirdi. Ad çəksəydim. Necə deyərlər bəraət alacaqdım. Amma gözlədim həmin adamlar danışsınlar, susdular. Yaxşı ki, o komitədə Firuz Abdulla ilə Elçin Cəlilov var idi. Yoxsa mənə əks mövqedə dayananlar komitənin dağılmasına 3 ay qalmış yox, lap çoxdan məni komitədən uzaqlaşdırmaq kimi absurd qərar çıxarardılar. Məni komitədən uzaqlaşdırıb, növbəti seçkidə seçiləcəyimdən ehtiyatlanıb guya 1 illik uzaqlaşdırma verdiklərini açıqladılar. Hüquqşunaslar belə qərarın absurd, gülünc olduğunu dedilər. Amma göydə Allah var. 2 ildə o qədər haqsızlıq oldu ki, indi nə komitə var, nə də başqa şey. O vaxt kiminsə layihəsini kəsənlərin, indi özlərinin layihələri kəsilir. Allah axı hər şeyi görür.
Bir də onu əlavə edim ki, arada narazılıq yaranan Avstriya toplanışı üçün komitə dediyim kimi "Apasport”, "Azərisport” və "Futbol+”un adını yazmışdı. Vaxtında sənədləri çatdırmadıqları üçün heç "Futbol+"un nümayəndəsi səfərə gedə bilmədi. Məsuliyyətsizlik ucbatından.
- Son olaraq hazırki işlərinizlə bağlı danışaq. İdman mətbuatını böhran vurub. Bu durum sizin işlərinizə nə dərəcə təsir göstərib?
- İşlər təbii ki, yaxşı getmir. Çünki saytı saxlamaq üçün qazanc olmalıdır. Qazanc isə reklamdan olur. Digər böyük saytlardan fərqli olaraq bizim reklamlarımız heç vaxt çox olmayıb. Reklam almaq üçün reketçiliklə məşğul olmayıb "Futbolxeber" heç vaxt. İndiyə kimi nə reklamımız olubsa, təklif də əksər hallarda qarşı tərəfdən gəlib. Hazırda cəmi 1 reklamımız var və o da yalnız 1 işçiyə əmək haqqı verməyə çatır. Amma o 1 reklam olmasa belə, "Futbolxeber" daim yaşayacaq. Bu yaxınlarda, martın 15-də saytın 6 yaşı tamam oldu. Allah qismət eləsin, İnşallah hələ uzun illər sayt yaşayacaq. Amma təbii ki, maddi durumun zəif olması adamı həvəsdən salır. İstədiklərivin heç 10 faizini reallaşdıra bilmirsən. Ümid edirəm ki, tezliklə digər saytların da, "Futbolxeber"in de maddi qazancı ən azı beyində olan planları həyata keçirməyə yetəcək qədər olacaq.
Röya Kərimli
Sport7.az
Комментарии
Отправить комментарий