Bildiyiniz kimi, Sport7.az saytı ölkəmizdə fəaliyyət göstərən Avropa klublarının rəsmi fan-klublarına da tribuna ayırıb.
Bu dəfə "Milan"ın fan-klubunun rəsmisi Yusif Qasımov ilə söhbətləşdik.
- Əvvəlcə sizi yaxından tanıyaq.
- Yusif Qasımov. 1989-cu ildə Bakı şəhərində anadan olmuşam. Atam alim, anam musiqi müəllimidir. Hal-hazırda 29 yaşım var. Evliyəm, bir qızım var. 160 nömrəli orta məktəbdə, Təfəkkür Universiteti və Azərbaycan Dövlət İqtisadiyyat Universitetində təhsil almışam. İş karyeramı bank sektorunda başlamışam. Hal-hazırda isə böyük bir holdinqdə Rəqəmsal Marketinq üzrə Menecer vəzifəsində çalışıram. Bundan əlavə Bakı Caz 2018 Festivalının laureatıyam.
1999-cu ildən "Milan" klubunun azərkeşiyəm və Azərbaycanın rəsmi "Milan" fan-klubunun idarə heyətinin üzvüyəm.
- Niyə məhz "Milan"?
- 1999-cu ildə mənim 10 yaşım olardı və o zaman Valeriy Lobanovskinin Kiyev Dinamosu Avropada çox gözəl oyun sərgiləyirdi. O, heyətin ən sərrast oyunçusu da Andrey Şevçenko idi. "Camp Nou"da "Barselona"ya qarşı het-trikindən sonra isə bu oyunçunun vurğunu oldum.
Və 1999-cu ilin yayın Andrey "Milan"a keçdi. İtaliya, Berluskoni, dəb Dolce & Gabbana kostyumları...Axı balaca 10 yaşlı nə bilir bunlar nədir? Mənim üçün "Milan" artıq Şevçenko idi.
O vaxtlar NTV+ antenləri geniş yayılmışdı şəhərə və futbolu göstərən xüsusi kafelər yaranmağa başlayırdı. Səbrsizliklə oyunları gözləyib, Maslaçenkonun şərhləri ilə izləyirdik.
Sonra isə tam "Milan" sevgisi başladı, Şevçenkonun orada olub-olmamağından asılı olmayaraq...
- "Milan"ın rəsmi fan-klubu nə vaxtdan və kimin təşəbbüsü ilə yaranıb?
- Bizim fan-klubumuz əvvəl sadəcə oyunların birgə izləmələri ilə başlamışdır. "Azərbaycanda Milanın fan-klubunu yaradaq” ideyası çoxdan var idi, lakin onu ilk dəfə 2011-ci ildə ərsiyyə gətirənlər Musayev Teymuraz, Şahverdiyev Şahin və Oruc adlı həmkarlarımız etdi.
Atalar demişkən, "Dama dama göl olar”. Bizdə cərəyan edən hadisələr də bu atalar sözünün bariz nümunəsidir.
Sonradan ailəmizin tərkibi get gedə artdıqca biz daha geniş planları cızmağa başlamışdıq.
Layihəmizin məntiqi sonluğu 2018-ci ilin sentyabr ayında baş tutdu. İtaliyadan, "Milan"ın baş ofisindən rəsmi məktubunu aldıq. Məktubda deyilirdi ki, onlar bizim fan klubumuzu RƏSMİ olaraq tanıyırlar.
Sevincimizin həddi-hüdudü yox idi. 7 il ərzində alın tərisi ilə qarışıq bu günə qədər addımladıq və artıq fan-klubumuzun tam yeni mərhələsi başladı...
- Fan-klubun neçə üzvü var?
- Hal-hazırda fan klubumuzun rəsmi olaraq 70-dən çox üzvü var. İlk növbədə deyim ki, klubumuzda müəyyən ierarxiya mövcuddür:
Prezident, vitse-prezident, mətbuat katibi, prezidentin müşaviri və arbitraj heyəti. Təşkilatçılıq məsələlərinə məhz bu adamlar baxır.
Fan-klubun prezidenti Teymuraz Musayev və Mətbuat Katibi – Fuad Şərifov müntəzəm olaraq ekspert qismində bizim yerli idman kanallarımızın qonaqlarıdır.
- Fan-klubun məkanı var?
- Təbii ki, bizim öz məkanımız var ("Milan" baş ofisinin əsas tələblərindən biri idi). Bütün oyunları "Sports Bar & Pub”-da izləyirik (Qələbə kruqunun yanı).
- Səfər oyunlarına yollanan üzvləriniz olur? Klubdan bilet barədə dəstək olur?
- Hələ ki, gedənlər öz hesabına gedir, lakin 2019/2020 mövsümünə biz səfər oyunlarına gedişləri təmin etmək istəyirik.
Bizdə aylıq olaraq klubun fondu yığılır və atributika, üzvlülük kartları kimi məsələlərə xərclənir.
Əsas məqsədimiz gələcəkdə həm səfər oyunlarına getmək, həm də "Milan" əfsanələrini Bakıya dəvət edib mədəniyyətimizlə tanış etməkdir.
Bu yaxınlarda fan-klubumuzun üzvləri Gürcüstana səfər etmişdirlər və oradakı "Milan"ın rəsmi fan-klubu ilə yoldaşlıq oyunu keçirib, birgə "Milan"ın oyununu izləyib, maraqlı fikir mübadiləsi həyata keçirmişlər.
Bu yaxınlarda biz gürcü həmkarlarımızı öz məkanımızda qəbul etdik və "Chievo" - "Milan" oyununu birlikdə izlədik.
- Qarşıda nə kimi planlarınız var?
- Vurğuladığım kimi, fan klubun geniş heyəti ilə "Milan"ın stadionunda sevimli komandamızı dəstəkləmək, Azərbaycan bayrağını orada ucaltmaq.
Ümumiyyətlə, biz ölkəmizin təbliğatı ilə də məşğul olmaq istəyirik. İtalyanlara Azərbaycan barədə daha geniş məlumat vermək, onları buraya dəvət etmək və güclü Azərbaycan-İtaliya futbol əlaqələri yaratmaqdır.
Hər şey hobbidən başlayır, sonra bu işi sevməyə başlayırsan, sonra bu işin azərkeşi olursan və yekunda öz töhfəni vermək istəyirsən. Nümunəvi fan-klub olmaq istəyirik, bizimlə həmfikir olan və bizi dəstəkləyən hər kəsi bir araya gətirmək istəyirik. Sizə deyim, pis də alınmır. (gülür)...
- Alqışlayıram sizləri... Bəs digər fan-klublarla dostluq əlaqələriniz var? Birgə oyunları izləyirsiniz?
- Bəli, təbii ki! Hətta deyərdim ki, fan-klublar arasında ən tolerant bizik. (gülür)... Bunu nəinki biz, bizim digər klubların fan klubları təsdiqləyir.
Bizim Sports barımızda İtaliya çempionatının mərkəz oyunlarını birlikdə izləyirik. "Milan" - "Yuventus", "Milan" - "İnter", "Milan" - "Roma" matçlarını digər düşərgənin nümayəndələri ilə birlikdə izləyirik.
Matç zamanı heç bir provokasiya yönlü şüarlar səslənmir, qeyri-normativ leksika istifadə olunmur. Yalnız dəstək üçün istifadə olunan mahnılar və şüarlar qrup şəklində səslənir.
Fikrimizcə mübarizə olmalıdır, rəqabət də həmçinin, lakin rəqibin şəxsiyyətinə toxunmaq qeyri-etik və antipeşəkarlıqdır. Biz bu yolu seçmişik və bu yol ilə davam da edəcəyik!
Röya Kərimli
Sport7.az
Комментарии
Отправить комментарий