Ayxan Ayvaz: "Azərbaycan futboluna baxanda başımı divara vururam"



Futboldan kənar sahələrdən olan tanınmış şəxslərlə müsahibələrimiz davam edir. 
Bu dəfə yazar Ayxan Ayvaz futbolla bağlı fikirlərini Sport7.az-la paylaşıb.

- Futbol sizin üçün nə deməkdir?
- Mənə görə, futbol sənətdir, idman deyil.  Deyəsən, bu cümləni dəfələrlə deyiblər. Amma olsun. Nə qədər təkrarlansa da, bundan daha yaxşı ifadə tapmaq mümkün deyil. Mən futbolu bu cür görürəm. Həyatın həyacanlı tərəfi. Döyünən ürəyi. Ritmika. Futbol mənim üçün həyatın dinamikasıdır. Həyat onsuz çox sönük görünər.

- Həyatınıza rəng qatan klub hansıdır?
- Uşaq vaxtı "Qalatasaray"ın azarkeşi olmuşam. Hasan Şaş, Hacı, Tafarel - bu mənim uşaqlıq yaddaşıma hopmuş futbolçular idi. İndi də hərdən onların keçmiş oyunlarına baxıb uşaqlığımı yada salıram. Bəzi filmlər, bəzi şeirlər kimi bəzi futbol oyunları da bir zaman sonra yalnızca xatirədir. Sonra mən "Qalatasaray"a xəyanət elədim (gülür). "Beşiktaş"a azarkeşlik etməyə başladım. İlhan Mansız sevdirdi bu klubu mənə. Onun elə-belə adam olmadığını hiss etdim. Nəsə qəribə bir hüzn dolaşırdı Mansızın simasında. Və mənə elə gəldi ki, "Beşiktaş" o biri türk klublarından daha çox gerçəkçidir, təmizdir.

- Türk klublarına azarkeşlik edən insanlar daha emosional olur. Ən çox da sosial şəbəkələrdə atmacalı statuslar, rəylər yazırlar. Siz də belə polemikalara girişirsiniz?
- Qətiyyən. Əslində son zamanlar futbolla münasibətlərimə son qoymuşam. Bunun da bəlli səbəbləri var. Futbol artıq əvvəlki həyacan yaratmır. Çünki futbol artıq burjuanın əlinə keçib. İstədikləri klubları qalib edirlər, istədiklərini məğlub. Yəni futboldakı təbiilik yoxa çıxıb. Təbii, yenə türk klubları oynayanda həyəcanlanırıq, emosional oluruq. Amma reallığı da dərk edirəm. Hər şeyin bir oyun olduğunu qavrayıram. Və təəssüf ki, bu oyun humanistcəsinə qurulmayıb. İçində şeytani bir hiss dolaşan futbol mənə maraqlı deyil. Və ən əsası... Futbol haqda uzun-uzadı dartışmaları da qəbul etmirəm. Mən tamaşaçı kimi zövq alıram sadəcə. O futbol haqda uzun-uzadı şərh verənləri anlamıram.

- Azərbaycan futbolu ilə aranız necədi? İzləyirsiniz?
- İzləmirəm. Maraqsız gəlir mənə. Əsəblərimə toxunur. Mən Azərbaycan futbolunu heç vaxt ciddi şəkildə izləməmişəm. Bizdə tarixən birlik olmayıb deyə komanda oyunları həmişə zəif alınıb. Yalnız fərdi oyunçular var ki, adamın onlara heyfi gəlir. Bir, yaxud bir neçə şəxslə də futbolumuzu xilas edə bilmərik. Son vaxtlar bir az yaxşılaşıb deyəsən. Amma ümumən gülüncdü. Adam Azərbaycan futboluna baxanda başını divara vurmağı gəlir.

- Ölkə futbolunda sizi bu dərəcə əsəbləşdirən məqam nədir?
- Çox sadə: oynaya bilmirlər. Komanda oyunu yoxdu. Dediyim kimi, bizdə tarixən birgə iş görmək alınmadığı üçün bu futbola da aiddir. Fərdi şəkildə yaxşı oyunçular var, ancaq onlar komandanın içində məhv olub gedirlər. Yəni bizdə həmişə dediyimiz bir məqam var: uşaq futbolu yetişdirilmir. Araşdırma yoxdu. Məhəllələrdə bəlkə də Ronaldo, Messi səviyyəli uşaqlar var - ancaq onlar kəşf edilmir. Futbolçunu bu cür tapıb ortaya çıxartmaq və ondan istifadə etmək, eyni zamanda komanda qurmaq bu işin ən vacibidir.

- Dediyiniz işləri qurmaq üçün əslində yetərincə şərait, maliyyə var. Ancaq nəticə yoxdu. Xüsusilə də uşaq futbolu və regionlarda...
- Əlbəttə, var. Sadəcə istək yoxdur. Bunu reallaşdırmaq istəyən fədakarlar gözə dəymir. Heç kim çiynini bu ağır yükün altına vermək istəmir.

- Hər halda infarkt keçirməmək üçün millimizin də çıxışlarını izləmirsiniz?
- Yox, bu yaşda infarkt keçirdəsi deyiləm (gülür). Sadəcə maraqlı gəlmir. Yəni vaxtım boşa gedəcək deyə düşünürəm. Mən elə dəhşətli futbol fanatiki deyiləm. Estetik zövqümə uyğun futbola baxıram. Mən futbolun estetik yanı ilə maraqlanıram. Yəni cəlbedici olsun. Təxminən qadın bədəni kimi, hər hansısa bir sənət əsəri kimi.

- Futbolla bağlı yadda qalan xatirəniz varmı? 
- Çoxdur belə. Ən maraqlısını danışım. Məktəb vaxtı məhəllənin yığmasında oynayırdım. Özü də yekə-yekə kişilərin arasında. Ən balaca mən idim. Yarımmüdafiədə oynayırdım. Hərdən küsdürürdülər, çıxıb gedirdim, axşam oyuna çağırırdılar, dil töküb yalvarırdılar. Bir dəfə atam məni Əsgər Abdullayevin yanına apardı. Oyuna girdim, bir az özümü göstərdim. Məşqçi məni atama təriflədi, dedi, bu uşaq yaman futbolçu olacaq üstünə düş. Atam əlini yellədi, razılaşmadı: "Bu uşaq universitetə girməlidir". Heç nə, gələcəyin Messisini bu cür futboldan soyutdular. Acığa düşüb ədəbiyyata gəldim. Sonra da deyirsiniz, niyə bizdə futbol yoxdu? Olmaz da...

- İndi peşmansınız? "Kaş futbola gedərdim" dediyiniz vaxtlar olub?
- Arada olur peşmançılıq. Ancaq hesab edirəm ki, olduğum yerdəyəm. Yekəxanalıq kimi çıxmasın. Mənim bir sözüm var: istedadlı adamlar hər yerdə istedadlı olur. Yəni indi də yaxşı oynaya bilərəm. (gülür)...

Röya Kərimli
Sport7.az

Комментарии