Sport7.az veteran futbolçuları yad etməyə davam edir. Bugünkü müsahibimiz bir zamanlar "Karvan" komandasında çıxış edən Qoça Trapaidzedir.
Gürcü yarımmüdafiəçi öz karyerası və Azərbaycanla bağlı fikirlərini saytımıza bölüşüb.
- Əvvəlcə sizi yaxından tanıyaq...
- Mən Gürcüstanın Rustavi şəhərində anadan olmuşam. Azərbaycan sərhədinə yaxın ərazidi. Uşaq vaxtı döyüş və boks kimi idman növləri ilə məşğul olurdum. Futbola isə 13 yaşımda başlamışam.
- Karyeranız ərzində hansı klublarda çıxış etmisiniz?
- "Dinamo" (Tbilisi), "Kolkheti" (Poti), "Dinamo" (Batumi), "Bolnisi Sioni" kimi klublarda çıxış etmişəm. Ölkə xaricində isə 3 il Ukraynanın "Tavriya", 1 il isə "Volın"da oynamışam. 2004-cü ildə isə "Karvan"a keçmişəm.
- Azərbaycana gəlişiniz necə oldu? Sizi kim dəvət etmişdi?
- Ukraynanın "Volın" komandasında Kamal Quliyev və Tərlan Əhmədovla birgə oynamışam. Azərbaycana onlar məni dəvət etdilər. Bu dəfə Yevlaxın "Karvan" komandasında birgə forma geyindik.
- "Karvan" komandasında keçən günlərinizi necə xatırlayırsınız?
- "Karvan" həmişəlik mənim ürəyimdə qaldı. Təəssüf ki, artıq fəaliyyət göstərmir. Azərbaycan mənim ikinci evimdi. Oranı çox sevirəm. Çoxlu dostlarım var.
- Azərbaycada çıxış etdiyiniz müddətdə sizin yığma komanda üçün milliləşdiriləcəyiniz haqda söhbətlər gəzirdi... Niyə alınmadı?
- Dəqiq bilmirəm səbəbini. Azərbaycan yığmasında oynamağıma UEFA icazə verməmişdi.
- "Karvan"dan ayrıldıqdan sonra karyeranıza necə davam etdiniz?
- Elə karyeramı da "Karvan"da başa vurdum.
- Hazırda nə işlə məşğul olursunuz? Məşqçi kimi fəaliyyət göstərirsiniz?
- Xeyr, futbolu buraxmışam.
- Azərbaycan futbolu ilə maraqlanırsınız? Misal üçün, sizin burada çıxış etdiyiniz dövrlərdə fəaliyyət göstərən bir çox klub - "Xəzər Lənkəran", "Karvan", "Bakı" və.s artıq dağılıb.
- Futbol baxımından səviyyə yüksəlib. Ancaq maliyyə çatışmazlığına görə klublar dağıldı.
- "Karvan"da oynadığınız illərdə ən yadda qalan xatirənizi bizimlə bölüşə bilərsiniz?
- Bir məqam heç yadımdan çıxmır. Düzü, hansı komanda ilə oynadığımızı xatırlaya bilmədim. Matç günü Yevlaxda 50 dərəcə isti vardı. Həmin oyunda hakim bəlkə də 10 dəfə su içməyimiz üçün görüşü saxlamışdı.
- Azərbaycana gəlmək barədə planınız var?
- Hazırda çox məşğulam deyə səfər edə bilmirəm. Ancaq Bakıya gələndə bütün dostlarıma zəng edib görüşməyi düşünürəm.
Röya Kərimli
Sport7.az
Комментарии
Отправить комментарий