Qış fasiləsində "Keşlə" ilə yollarını ayıraraq "Navbahor"a keçən Bahodir Nasimov paytaxt klubundan ayrılma səbəbindən bəhs edib.
Özbəkistanlı hücumçu saytımıza müsahibəsində bir sıra maraqlı məqamlara aydınlıq gətirib.
- "Keşlə"dən gedişinizin səbəbi nə idi?
- Rəhbərlik istəmədiyi üçün "Keşlə"dən ayrıldım. İnsanın istənmədiyi yerdə qalmasının mənası yoxdu. Məni komandada istəmiyənlər vardı deyə getmək istəyirdim. Getdiyim üçün də peşman deyiləm. Onlar elə düşünürdülər ki, problem məndədir. Əgər futbolçunu meydana buraxmırsınızsa, oyunun bitməsinə 5-10 dəqiqə qalmış meydana çıxan oyunçudan hansı nəticəni gözləmək olar?! Burax futbolçu 3-4 oyun 90 dəqiqə oynasın, ondan sonrasına bax. Deyirdilər, niyə qol vurmursan? Məni həm oyuna buraxmırdılar, həm də narazı idilər. Mən ilk dəfədir belə hal görürəm. Düzü, ilk dəfə idi belə situasiya yaşayırdım. Onlar mənə irad bildirirdilər. Problem məndədirsə, bəs komandaları niyə sonuncu yerdədir? Niyə 3-cü, 5-ci yerdə yox, sonuncu pillədə qərarlaşıb?
- Bəs maliyyə barədə aranızda problem yaşandı? Anlaşdığınız pulu ala bildiniz?
- Pul barədə heç bir problem yaranmayıb. Müqavilədə necə yazılmışdısa, elə də aldım.
- Komandada əsas problem nə idi?
- "Keşlə"də yaxşı futbolçular var. Heyət yaxşıdı. Ancaq rəhbərlik və məşqçilər korpusu nəticə qazana bilmir. Məşqlərdə görürdüm ki, komandada necə yaxşı uşaqlar var. Yəqin ki, problem başqadı. Düzü, bilmirəm problemin kökü nədir. Ancaq əgər nəticə yoxdursa, dəyişiklik lazımdı. Necə deyərlər, komandaya yeni qan lazımdı. Fikrimcə, orada çalışanları dəyişmək lazımdı.
- Bəs "Neftçi"də oynadığınız illərdə belə vəziyyətlə rastlaşmışdınız?
- "Neftçi"də belə vəziyyət görməmişəm. Orada oynadığım 4 il müddətində hər şey əla idi. Yenə deyirəm, karyeram ərzində ilk dəfə idi belə halla rastlaşırdım. "Neftçi"də həm rəhbərlik futbolçulara yaxşı davranırdı, həm də komandada futbolçular bir-birinə dəstək olardı. Klub prezidenti Sadıq müəllimlə söhbət edərdik, komandada dostluq vardı. O günləri heç vaxt unutmaram.
- Yenidən Azərbaycanda oynamaq istərdiniz?
- Təklif olsa, əlbəttə istərəm. Ancaq oynamaq istəyirəm, ehtiyatda oturmaq yox.
- Azərbaycan çempionatının səviyyəsini necə qiymətləndirirsiniz? Hazırda çixiş etdiyiniz Özbəkistan çempionatı ilə müqayisə edərdiniz.
- Azərbaycanda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu qeyd etmək istəyirəm. Çox güclü məşqçidi. Komandası da çox güclü futbol nümayiş etdirir.
Əvvəl Azərbaycan çempionatı daha güclü idi. İndi isə yox. Çünki əvvəllər çempionluq üçün 4-5 komanda oynayardı. İndi isə ancaq "Qarabağ". Bir də son zamanlar "Neftçi"də dirçəliş yaranıb. 3-4 ərzində ancaq "Qarabağ" güclü futbol sərgiləyirdi. Əvvəl Azərbaycanda futbol daha yaxşı idi. İndi isə komandaların sayı da çox azdı. 4-5 komandaya AFFA sponsorluq edir. Belə olmamalıdı. Hər komandanın öz sponsoru olmalıdır. Mən istərdim Gəncədə də, Tovuzda da yenə böyük futbol olsun.
Müqayisə edəndə isə, Azərbaycan və Özbəkistanda hazırda futbol eyni səviyyədi. Hətta deyərdim ki, Özbəkistanda səviyyə azacıq yüksəkdi.
Röya Kərimli
Sport7.az
Комментарии
Отправить комментарий