Sport7.az saytı Azərbaycanın tanınmış simalarının futbolumuzla bağlı fikirlərini, iradlarını, tənqidlərini işıqlandırmaqda davam edir.
Bugünkü həmsöhbətimiz politoloq Tofiq Abbasovdur.
- Futbol ilə nə vaxtdan maraqlanırsınız?
- Özümü biləndən futbolla maraqlanıram.
- Hansı komandaya azarkeşlik edirsiniz?
- Azərbaycanda "Neftçi", dünya futbolunda isə "Liverpul"a azarkeşlik edirəm. Milli komandalardan isə Braziliya yığmasını bəyənirəm.
- Azərbaycan futbolunun səviyyəsini necə qiymətləndirirsiniz?
- Çempionatımız çox zəifdi. Azərbaycanda futbol axsayır.
- Bunun səbəbini nədə görürsünüz?
- Futbolda keçid dövründən sonra təbəqələşmə getdi. Və bu təbəqələr arasında heç bir bağlılıq yoxdu. Futbol kütləviliyi onun təminatı deməkdir. Əgər kütləvilik yoxdursa, uşaq futolu yoxdursa, peşəkar futbol da olmur. Futbol Bakıda yox, Azərbaycanın bütün bölgələrində olmalıdır. Elə yerlər var ki, orada futbol ənənəsi var. Azərbaycanın Tovuz rayonunda həmişə güclü kadr potensialı olub. Niyə? Çünki Tovuz bölgəsinin uşaqları fiziki cəhətdən həmişə güclü olublar. Onların nəfəs sistemi Azərbaycanda ən mükəmməl sayılır. Ona görə Tovuz futbolunun uşaqları əvvəllər Gəncənin "Dinamo", sonradan "Kəpəz" komandalarının kadr məsələsini həll edirdi. Ancaq təəssüflər olsun ki, "çinovniklər", yəni məmurlar futbolu öz bildikləri kimi yonurlar. Futbola rəhbərlik edən kardlar gərək o sahənin adamı olsun. Əgər onlar menecerdilərsə, haradasa oxuyublarsa, biznes məsələlərini bilirlərsə, o demək deyil ki, onlar futbolda da bacarıqlarını göstərə bilərlər. Futbol başqa şeydir. Hər bir sahənin özəllikləri var. O sahənin də idarə etməsində çalışanlar da gərək futbolun yetişdirmələri olsun. Çünki onu həm bilmək, həm də hiss etmək vacibdir. Təəssüf ki, bizdə bu sistem yoxdur.
- Yəni, futbolumuzun əsas probleminin AFFA-dan qaynaqlandığını bildirirsiniz?
- Bəli. Çünki bizdə geriləmə gedir. İnkişaf yoxdur. Tərtib edilən inkişaf proqramı heç bir nəticə vermirsə, ya proqram yalnışdı, ya da onun üzərində işləyənlərin, yerinə yetirənlərin peşə hazırlığı aşağı səviyyədədir.
- Millimizin çıxış ilə bağlı nə düşünürsünüz?
- Dünyanın ən güclü məşqçisi Löv, Mourinyo, hətta rəhmətlik Araqon belə gəlsə, əgər futbolçular hazır deyillərsə, ən güclü məşqçi belə burada komanda yarada bilməyəcək. Biz həmişə uzunqulağa gücümüz çatmayanda, palanı vururuq. Yaxşı-yaxşı məşqçilər gəldi. Robert Prosineçki burada işlədi, Berti Foqts işlədi. Biabır elədik burada. Onlar gəlib görürlər ki, ələ gələsi material yoxdur. Futbolçuların hazırlığı aşağı səviyyədədir. İlk növbədə fiziki hazırlıqları, digər tərəfdən isə milliyə olan "diqqətləri". Millidə oynamaq şərəfdi, böyük bir məsuliyyətdi. Ancaq bizdə bunu döndərib ediblər... Nəbilim, aşağı səviyyəli bir şey...
- Fiziki baxımdan hazırsızlıq çempionatla bağlı ola bilərmi? 8 komanda çıxış edir. Dönüb-dolaşın bir neçə həftədən bir eyni komandalarla qarşılaşırlar. Və komandaların gücü, səviyyəsidəki göz önündədir...
- Əlbəttə. Çempionat zəifdi. Futbolçuların ətrafında dəllarlar, maklerlər var. Onlar öz alqı-satqı işlərini görürlər. Buna toxunmaq olmaz, ona toxunmaq olmaz. Götürək Rəşad Sadıqovu. Güya Azərbaycanda güclü futbolçu olub. Güya... Yaxşı olub. Onun vaxtı bitdi, getdi. Ancaq yenə də futbolda öz siyasətini yeridir. Axı o, bu işlərlə məşğul olmalı deyil. Futbolun rəhbərliyi hara baxır, nəyə baxır, nə işlə məşğuldu? Hərə özünə ad qazanıbsa, bu o demək deyil ki, qazandıqları statusa görə ömürlük bütün proseslərdə yaxından iştirak edib, o yana bu yana döndərsinlər, aparsınlar, gətirsinlər. Hərənin öz vəzifəsi var. Futbolçular işləyiblərsə, zəhmətləri, xidmətləri olubsa münasib bir işlər məşğul olsunlar, ancaq transferlərlə məşğul olmaq, uşaq futbolunda kimlərisə qazanlamaq və s. belə olmaz. Baxımsızlıq baş alıb gedir. Ona görə də futbolun inkişafından danışmağa dəymir!
Röya Kərimli
Sport7.az
Комментарии
Отправить комментарий