Bu dəfə 1997/98-ci illər mövsümünə səyahət edəcəyik. Mövzumuz sayca 7-ci olan Azərbaycan çempionatıdır.
Həmin mövsüm Yüksək dəstədə 14 komanda çempionluq uğrunda mübarizə aparıb.
Çempionatın reqlamentinə əsasən, 14 klub və 18 yaşadək futbolçulardan ibarət milli komanda dairəvi sistemlə mübarizəyə başlayıb. Bu komandalardan 1-i – "Araz” aşağı dəstədən gəlib. "Xəzri” mövsümü erkən bitirib və nəticələri ləğv olunub. Əvvəlki "Polis Akademiyası” "Dinamo”, Bərdə "Pambıqçı”sı isə "Qarabağ” adını daşıyıb. 2 komanda aşağı dəstəyə düşməli idi ki, bunlar da yarış bitən kimi dağılan "Kür-Nur” və "Qarabağ” (Bərdə) olub. U-18 isə müsabiqədənkənar çıxış edib.
Komandalar qələbəyə görə 3 xal qazanırmış.
1997/98-ci illər mövsümündə Azərbaycan çempionu adını Gəncənin "Kəpəz" klubu qazanıb. 26 turdan sonra 70 xal toplayan gəncəlilər çempionluğu bayram edib. "Dinamo" (Bakı) çempiondan 16 xal geri qalaraq gümüş medalın sahibi olub. Üçüncü pillənin sahibi "Şəmkir" də 54 xal toplayıb, sadəcə top fərqinə görə bürünc medalla kifayətlənib.
Çempionatın ən sərrast futbolçusu "Dinamo" (Bakı) və "Sumqayıt" komandalarının şərəfini qoruyan Nazim Əliyev seçilib. O, 23 oyunda 23 qola imza atıb.
1997/98-ci illər mövsümündə Azərbaycan kubokunu Gəncənin "Kəpəz" klubu qazanıb. Əyalət təmsilçisi finalda "Qarabağ"ı 2:0 hesabı ilə yenərək ölkə kubokunun qalibi olub.
Beləliklə, "Kəpəz" həm mövsümü dublla başa vurub, həm də ardıcıl ikinci dəfə kuboku muzeyinə aparıb.
Röya Kərimli
Sport7.az
Комментарии
Отправить комментарий