"Xəzər Lənkəran" azarkeşi olaraq tanıdığımız tanınmış müğənni Baloğlan Əşrəfov futbolla bağlı fikirlərini, iradlarını, tənqidlərini Sport7.az-la bölüşüb.
- Baloğlan bəy, nə vaxtdan futbol izləyirsiniz?
- Mən dəhşətli dərəcədə futbol azarkeşiyəm. Uşaqlıqdan futbola marağım var. O vaxt Sovet höküməti vaxtında bir komanda vardı, o da "Neftçi". Allah hərəyə bir şey qismət edib. Hər kəsin bir şeyə marağı olur. Mənim futbola olan marağım çox güclü idi. O vaxtlar mən rayonda yaşayırdım. "Neftçi"nin oyunlarını özüm üçün öncədən yazırdım və deyirdim həmin vaxtda Bakıda toyum var. Və rayonda neçə vaxt öncədən danışdığım toy sahibi ilə futbola 2-3 gün qalmış danışıb toyu ləğv edirdim. Bir dəfə belə, iki dəfə, üç dəfə. Dedilər ola bilməz ki, bu hər dəfə Bakıda toy danışır və rayondakı toyları ləğv olunur. Axırda məni izlədilər. Və Masallı musiqiçiləri gəlib məni stadionda tapdılar. Mən də oturub futbola baxıram. (gülür)... Hətta məni razı salmaq üçün təklif etdilər ki, biz sənin üçün toy günü televizor çəkəcəyik, təki futbola getmə. O vaxtlar da indiki kimi deyildi. Televizor uzun kabellə çəkilirdi. Axırda toyxanada stolumun aşağısına televizor qoydular ki, mən həm oxuyum, həm də oradan futbola baxım.
Müstəqillik dönəmində Masallıda da, Lənkəranda da komanda yarandı. Və onlara azarkeşlik etdim.
İndi də Azərbaycan komandalarının Avropada çıxışlarına baxıram. Ölkə sərhədindən kənarda yarışan bütün komandalarımızın oyunlarını izləyirəm. O vaxtlar yaxşı futbolçu tanışlarım vardı. Amma indikilərlə... Artıq o yaşda deyiləm ki, gedib onların dalınca düşüm. Ancaq yenə də futbola marağım var.
- "Xəzər Lənkəran" klubunun dağılması sizə necə təsir etdi?
- Sənin bu sualın xoşa gələn sualdı. Bəziləri başqa cür deyir, o biraz məqsədə uyğun olmur. "Xəzər Lənkəran" bütün Cənub zonasının təmsilçisi idi. O vaxt futbol rəhbərlərindən biri ilə maraqlı söhbətimiz olmuşdu. Dedi ki, Azərbaycanda futbola olan marağın başında Lənkəran komandası dayanır. "Neftçi", "Qarabağ" və digər komandalar Lənkəranda oynayanda stadion ağzına kimi dolardı. Böyük maraq, diqqət vardı. Demək olar ki, futbola olan marağın 70 %-ini "Xəzər Lənkəran" azarkeşləri təşkil edirdi. Elə həmin şəxs də mənə dedi ki, bu komanda fəaliyyətini dayandırsa, Azərbaycanda tamaşaçılar tərəfindən futbola maraq azalacaq. Belə də oldu. İndi görürsüz ki, nə gündədi stadionlar. 20-30 nəfərlə futbola maraq yaratmaq olmaz. Ancaq "Xəzər Lənkəran"ın dağılma səbəbini bilmirəm.
- Bəs indi ölkə çempionatının oyunlarını izləməyə marağınız varmı?
- Televiziyada baxıram. Mənim üçün "Neftçi"nin, "Qarabağ"ın, "Qəbələ"nin oyunları maraq doğurur. Müşahidə aparıram görüm nə fikirdəyəm, bunlara olan marağım nə yerdədir, bunlardan nəsə gözləmək olarmı?! Belə-belə baxıram. Amma yenə deyirəm komandalarımız ölkə xaricində çıxış edəndə mütləq baxıram. Öncədən biləndə ki, futbol olacaq işimi təxirə salıb oturub TV önündə baxıram. Hətta "Qarabağ" qrupa düşəndə mən stadiona da getmişəm.
- Millimizin oyunları necə təəssürat yaradır?
- O haqda danışmağa biraz çətinlik çəkirəm. Millimizin məşqçilərini tez-tez dəyişirlər. Mən Qurban Qurbanovun millidən getməsinin əleyhinə idim. Yeni baş məşqçi gətirilməsi heç ürəyimcə olmadı. Çünki bunlar istəyirlər ki, bu gün bu məşqçini gətirən kimi bir həftə sonra xariqələr yaratsın. Belə olmaz. Bu mümkün deyil. Qurban Qurbanov dünya məşqçilərinin heç birindən geri qalmır. Heç kimdən də səviyyə baxımından aşağı deyil. Müasir futbolunun bütün qayda-qanununu bilən adamdır. Qurban Qurbanovun millidən getməsinin səbəbi mənim üçün qaranlıq qaldı. Bilmədim ki, nəyə görə onu çıxartdılar. Buna 6 ay vaxt vermək düzgün deyil. Bu adam komandanı formalaşdırmalıdır. Azərbaycanlı futbolçuların hamısını, sən də, mən də, hamımız yaxşı tanıyırıq. Bunlar öz səviyyələrini, sürətlərini qaldırmalıdırlar. Fiziki cəhətdən güclənməlidirlər. Bunlar elə səviyyəyə çatmalıdırlar ki, gələn məşqçi də taktiki cəhətdən bunlara nəyisə öyrətsin. 20 dəqiqədən sonra bu adamın qaçmağa nəfəsi çatmırsa, futbolu daşımağa gücü çatmırsa, başına dönüm bunlarla nə edə bilərək?! Mümkün deyil axı.
Klublara baxmayın. Onlar ordan-burdan xarici futbolçu gətirirlər. Yerlilər də çalışıb onların ardı ilə qaçırlar. Özümüzünkülərə nə deyim vallah. Mən istərdim özümüzünkülər hamıdan gözəl oynasın. Kim istəməz onun komandası dünyada tanınsın? Amma söhbət millidən gedirsə, problemi məşqlərdə, fiziki durumda axtarmaq lazımdı. O oyunçunu tanıyıram, sürəti saatda 120-dirsə, ondan 180-i gözləyə bilmərəm axı. Kimsə onları o 180-a çatdırmalıdır. Bəlkə mən səhv deyirəm. Qurbanovu çixart, yerində lap rəhmətlik Labanovski olsun. Kimi istəyirsən gətirsinlər. Gəlib başını fırladacaq, görəcək ki, bu futbolçuların sürəti bu qədərdir. Nə edə bilər məşqçi? Deyirsən, kiminsə gözündən düşürsən. Deyirsən, deyirlər bu öz işi ilə məşğul olsun. Demirsən də, elə bilirlər hərifik. Düz gəlmir axı. Millinin futbolçuları dünyanın başqa komandalarında oynaya futbolçular olmalıdır ki, formalaşsınlar, hansısa sürətə yiyələnsinlər.
- Axı 8 komandalı "Bakı çempionatı"nda bu futbolçu hansı təcrübəni yığsın?!
- Ay sağ ol... Ay başına dönüm... Ayib deyil bir ölkədə, bir çempionatda komandalar bir-biriləri ilə 4 dəfə oynayır. Bölgələrdə futbola maraq o zaman yaranır ki, rayonu təmsil edən komanda şəhərdən gələn komandanı qəbul edir. Bu insanlarda yerliçilik prinsipi hər yerdə olmalıdı, buna pis baxmaq olmaz. Mənim üçün dünyada "Xəzər Lənkəran" azarkeşləri kimi azarkeş ola bilməz. Onlar o qədər gözəl, düzgün, tempramentli idilər ki, mən futbola marağı elə görmək istəyirəm. Masallıda futbol yox, Lənkəranda yox, İmişlidə yox, Yevlaxda yox. Ayıb deyil?! Bakıda bir komanda o birisi ilə 4 dəfə oynayır. Dünya dağılsa da dördündən birinə baxmaram. Bu nə deməkdi?! Toy-bayram onda olurdu ki, "Neftçi" gedib Lənkərana oyanırdı, Gəncədə oynayırdı. Çempionat belə formalaşır. Belə olmaz canım.
Bunu da qeyd edə bilərsiniz. Azərbaycana xaricdən gələn hər hansı müğənninin, sənətçinin reklamlarını TV kanallarda az qalırlar adamın gözünə soxsunlar. Bir müğənninin hansısa mahnısını reklam edirlərsə, evlərdə dava olur ki, uşağın toyuna aparsınlar. Futbola maraq necə yaransın? İki idman kanalı var. Olmaz ki, futbol olan günlərdə ayrı-ayrı kanallarda, şəhərin müxtəlif yerlərində göz oxşayan, gözəçarpan, futbola marağa səbəb olan bir şey olsun?! Və insanlar ora getsin. Sakitcə, səssiz-səmirsiz futbol keçirərlər? Bir insanlarda maraq yaradın. Biz də "Görəsən bugün nə olacaq?" marağı ilə stadionlara gedək.
Röya Kərimli
Sport7.az
Комментарии
Отправить комментарий