Bugünkü həmsöhbətim "Qarabağ" azarkeşi olan Naibə Məmmədovadır. O, saytımıza müsahibəsində həm özü, həm də futbolla bağlı fikirlərindən bəhs edib.
Əvvəlcə onu yaxından tanıyaq.
- Adım Naibə. 21 yaşım var. Jurnalistika fakültəsini bu il bitirmişəm və hazırda sahəm üzrə işləyirəm. Futbola baxmağı sevirəm. Boş vaxtlarımda musiqi dinləyirəm və ya kitab oxuyuram. Ümumiyyətlə, kefsizlik dərəcəmdən asılı olaraq dəyişir.
- Necə oldu ki, futbola marağın yarandı?
- Bəziləri kimi yalandan danışmayacam ki, uşaqlıqdan. Çünki mənim uşaqlıqda futboldan zəhləm gedib. Ancaq arada "Barselona" - "Real" oyununa baxmışam sadəcə. O da ki, qardaşım baxırdı deyə. (gülür)... Bizim məhəllədə yayda hər həftənin bazar günü küçə futbolu oynayırdılar. Baxıb, deyirdim ki, bunlar bekardılar vallah. Sonradan o "heç vaxt heç vaxt demə" məsəlini "Qarabağ" başıma gətirdi. "Qarabağ" məndə futbola sevgi yaratdı. Həyatımın bütününü əlində cəmlədi. Filan günə oyun var deyib xoşbəxt olmağa başladım. Gördüm ki, futbol həyatıma çevrilir, "Qarabağ" da dəyərimə. Belə-belə sevməyə başladım futbolu.
- Sevimli komandanın bütün oyunlarına gedirsən, ya evdən narazılıq olur?
- Hər oyuna getmək şansım olmur. Amma çalışdığım qədəri ilə Bakıda keçirilən oyunlara gedirəm. Evdən narazılıq ancaq qardaşım tərəfindən olur. Anam isə qoruyucu mələyimdi. Bir dəfə oyuna gedəcəm, gec gələcəm deməyim bəs edir. Normal qarşılayır.
- "Qarabağ"ın bir çox xanım azarkeşi var. Onlarla münasibətin necədi? Oyunlara onlarla birgə gedirsən?
- "Qarabağ"ın mənə qazandırdığı dəyərlər çoxdur. Ən çox istədiklərimin adını istəsəniz, Nuriyə, Sevinc deyərdim. Aygüllə o qədər də yaxından tanış deyiləm. Amma uzaqdan onu da çox istəyirəm. (gülür )... Oyunlara Nuriyə ilə bir baxdığım olub.
- Qızlardan bir çoxu həm azarkeş, həm də media nümayəndəsidir. Sevginiz ilə işiniz bir-birinə ziddi. Misalı özündən götür. Nə dərəcədə obyektiv ola bilirsən? Yoxsa hisslərinə yenik düşürsən?
- Məncə, son dərəcə obyektivəm. Obyektiv olmayan bir insan "Qarabağ" azarkeşi ola-ola "Energetik"dən, "Qəbələ"dən yazmaz. Yazmaz ki, biz TPL-da hələ "Qəbələ"ni çox görmək istəyirik. Yazmaz ki, "Energetik" əsas liqada oynasın. Amma gəlib sən jurnalistsən, bu formanı niyə geyinirsən demək gülüncdür. Azarkeşliyimi işimə qarışdırmıramsa, heç kəs azarkeşlik etmə deyə bilməz mənə. Deyərsə, azarkeşliyimi seçib kənarlaşaram oradan. Çünki "Qarabağ" mənim hər şeyimdi. "Toz kondurmam" ifadəsi var. Bax, azarkeşlik mənimçün odur. Jurnalist azarkeşlik etməz deyən şəxslərin azarkeşliyini çox bəlli etdiyinin şahidi olmuşam. Bəzi şərhçilər var, adlarını çəkmək istəmirəm. Dəfələrlə şahidi olmuşam ki, oyunu tərəfkeşlik edərək şərh edirlər. "Qarabağ" qol vuranda da bərkdən qışqırmaq olar, düzdürmü? Bu sırf "Neftçi"yə xas olan bir özəllik deyil, məncə.
- Qalmaqallı cavab... Şərhçilərimizi "Neftçi"li olmaqda ittiham edirsən? (gülür)...
- Yox, ittiham deyil. Sadəcə kənardan belə görünür. Hazırda bir azarkeş kimi danışıram mən. Və gördüklərim, dinlədiklərim bunu deməyimə zəmin yaradır. Bunu tribunadan olan bir neçə şəxslə müzakirə etmişəm. Dediklərimi təsdiqləyiblər. Ümid edirəm, məhkəməyə çağırmazlar məni. (gülür)...
- Ad çəkməmisən deyə problem yoxdu. (gülür)... Heç soruşmadın. Harada işləyirsən? İdman sahəsində çalışırsan?
- Mən sözü ortaya atmışam, kimə aiddirsə, onsuz da götürəcək. (gülür)... "Yeni Sabah" saytında idman müxbiri olaraq. Əvvəlcə də "Qol.az"da təcrübə yığmışdım
- Keçək çempionatımıza... Sevimli komandanın bu mövsümki çıxışını necə qiymətləndirirsən?
- Sevdiyim komanda məncə, bu il yaxşı çıxış edir. Xüsusilə də, son zamanlar. Ardıcıl böyük qələbələrlə rekorda da imza atdıq. Mövsümün sonuna elə də çox qalmayıb. Növbəti oyunlarda da qələbə qazanıb çempionluğu qeyd edəcəyimizi düşünürəm. Çünki bizə bu yaraşır...
- "Qarabağ"ın heyətində bəyəndiyin və bəyənmədiyin futbolçular kimlərdir? Oyun baxımından ha, yaraşığa görə yox. (zarafat)...
- Onsuz da onların yaraşığı nümayiş etdirdikləri oyunlarıdır. Oyununu ən bəyəndiyim futbolçu hazırda Zubirdir. Çox yaxşı oyun sərgiləyir. Transfer olunanda "Youtube"da keçmiş oyunlarına baxmışdım və fikirləşmişdim ki, bu bizim üçün çox möhtəşəm oyunçu olacaq. İndi yanılmadığımı görürəm. Amma ümumi götürsək, mənə görə, bütün zamanların ən yaxşısı Miçeldir.
Ən sevmədiyim oyunçu isə sözün açığı, yoxdur. Çünki baxırsan ki, hamısı can qoyur oyuna. Necə narazı olasan axı.
- Sadəcə "Qarabağ"a azarkeşlik edirsən? Yoxsa ümumi Azərbaycan futbolu ilə maraqlanırsan. Məsələn, millimizin matçlarını izləyirsənmi? Yığmanın oyunu ətrafında təhlil apar. (gülür)...
- Bəli, izləyirəm. Yurçeviçin nəyə qadir olduğu 2 oyunla bəlli olmayıb mənə. Bəlkə də, qarşıdakı oyunlarda yaxşı məşqçiliyinin şahidi olaq. Amma hazırki vəziyyətdə nəsə demək çətindir. Zamana buraxıb gözləyirik. Oyunçulara gələndə isə, Ramil Şeydayevi və Eddi İsrafilovu tərifləyə bilərəm. Yaxşı oyun göstərmişdilər. Məsələn, Xorvatiya ilə olan oyunda. Dmitri Nazarovun oyununu bəyənmədim. Geriləyib. Mənə elə gəlir ki, millidə hazırki komandasında oynadığı kimi oynamır. Bunu da zamana ötürüb, gözləyirik. Ümid edirəm ki, komandanın xeyrinə gözəl oyunlar görə biləcəyik.
- Gələcəklə bağlı planların nədir? Özünü peşəkar idman jurnalisti kimi təkminləşdirmək istəyirsən, yoxsa sahəni dəyişə bilərsən?
- Hazırda bu sahəni sevirəm deyə, buradayam. Hələki fikrimi dəyişmək kimi bir niyyətim yoxdur, işlədikcə öyrənməyə çalışıram və özümü bu sahədə çox xoşbəxt hiss edirəm. Amma həyat bizim istəklərimiz üzərində qurulmadığına görə, gələcəkdə dəyişiklik ola bilər. Bu sahədən uzaqlaşsam, ya dil-ədəbiyyat müəlliməsi, ya da bankda hər hansı bir sahə üzrə işləyərəm, çox güman ki.
- Özünü yaşıl meydanda sınamısan?
- Yox, amma sınamaq istəyərəm.
- Futbolla bağlı ən yadda qalan xatirəni bizimlə bölüşə bilərsən?
- "Qarabağ"ın bütün oyunları xatirədi. Amma indi ağlıma gələni danışım. Keçən yay formamı geyinib semestr imtahanına getmişdim. (Bütün imtahanlara geyinirdim, uğur gətirirdi mənə). Evə gələndə məhləmizdəki uşaqlardan biri üstümə qaçıb qucaqladı ki, futbolçu olmusan? Məni də "Qarabağ"da işə düzəlt. Mən də futbolçu olmaq istəyirəm. Sən də Qarayla bir yerdə oynayacaqsan? Gülmüşdüm. Belə bir xatirə var. (gülür)...
- Son olaraq ne demək istəyirsən?
- "Qarabağ"ım, sən çempion olacaqsan!
Röya Kərimli
Sport7.az
Комментарии
Отправить комментарий