"Yasəmən küyə düşüb "Qarabağ"a azarkeşlik edir" - MÜSAHİBƏ



Futbol azarkeşləri ilə bağlı rubrikamıza bu dəfə 2 qonağımız var. Müsahiblərimizin maraqlı tərəfi odur ki, aralarında böyük məhəbbət olsa da, sevdikləri komandalara görə "mehriban düşmən"dilər.

Söhbət "ARB TV"nin redaktoru Nazim Xəliloğlu və xanımı ARB TV-nin "Aranfilm" Yaradıcılıq Mərkəzinin ssenari müəllifi Yasəmən Quliyevadan gedir.



- Nazim, səninlə başlayaq... Futbolla nə vaxtdan maraqlanırsan?
- 2000-ci ildən. Avropa Çempionatına baxdım ilk dəfə. Türkiyə, meydan sahiblərindən biri Hollandiya və İtaliya millilərinə azarkeşlik edirdim. İtaliya finalda uduzanda ağlamışdım. İlk dəfə stadiona "Şəmkir" - "Barri Taun" oyununa getmişəm. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmişdi. Badri qol vursa da, 1:4 hesabı ilə uduzmuşduq.


- Hansı komandanın azarkeşisən?
- Uşaqlıqdan evdə bir klubun adını eşitmişəm - "Neftçi"...
Bəlkə də atam və qardaşımın ən sevimli komandası olduğundan məndə də bu kluba qarşı maraq yaranıb. Dayımın da təsiri olub. 40 ildən çoxdur "Neftçi" azarkeşidir. "Neftçi" mənim uşaqlıq xatirələrimdir, ən sevdiyim rənglərdir, mənim üçün bu komanda futbolun özüdür.



- Bir müddət "Neftçi" çətin günlər keçirdi. Artıq yavaş-yavaş özünə gəlir. Sevimli komandanın oyununun necə dəyərləndirirsən?
- Hazırda çempionatımızın səviyyəsi bərbaddır. Rəqabətin cəmi iki klub arasında getməsi ümumən ölkə futboluna ziyandır. "Neftçi"nin hazırki vəziyyəti məni qane edə bilməz. Bilirəm ki, bu "Neftçi"nin problemi olmaqla yanaşı ümumən ölkə futbolunun problemidir. Oyunçular həmişə xatırlamalıdırlar ki, "Neftçi"də oynayırlar. Bu digər klub deyil. Bu "Neftçi"dir. Komandaın daha da güclənməsi lazımdır. Həmişə üstün oyunla, gözəl hücumlar və qollarla qalib gələn "Neftçi"ni görmək istəyirəm.


- Çempionatın bərbad səviyyədə olmasının səbəbini nədə görürsən?
- Futbol həm də iqtisadiyyatdır. İqtisadiyyatın azad inkişafı ayrı-ayrı sahibkarların da möhkəm təmələ sahib iş qurmalarına şərait yaradır. Sahibkarlar arasındakı rəqabət artır. Ən güclü rəqabət meydanlarından biri də futboldur. Fikir versəniz dünyanın ən aparıcı klublarının sahibləri böyük iş adamlarıdır. Bizdə isə klubların bir neçəsinə AFFA himayədarlıq edir. Bu sadəcə gülməlidir. Futboldakı rəqabət bu gün həm də biznes rəqabətidir. Bu gün "Barselona" - "Real" oyunu həm də Perezlə Xosep Bartomeunun biznes mübarizəsidir. Bu rəqabət olmasa, bu biznes olmasa futbol inkişaf etməz.

İllərdir futbolumuz bərbad gündədir. AFFA rəhbərliyi bu işi bacarmadıqlarını etiraf etməlidir. Yoxsa hər il eyni şey təkrarlanacaq. Torres gedəcək, Foqts gərələk, o gedəcək Prosineçki gələcək, Yurçeviç və s. və ilaxır.


- Elə milli ilə bağlı da fikirlərin maraqlıdır...
- Uşaq futbolu inkişaf etməyincə, akademiyalar açılmayınca və milli ruh olmayınca yığma komandadan yeni nələrsə gözləmək məntiqsizlikdir. İşləmək lazımdır, düzgün işləmək. Bu gün heç kim azarkeşləri stadionlara gəlməməkdə qınaya bilməz. Meydana çıxan 11 nəfər futbol oynamağı bacarsın, sonra azarkeş istəsin. Oynamağı bacaranları tapmaq üçün də düzgün iş görmək lazımdır. İşi bacarmaq lazımdır.



- Həyat yoldaşın Yasəmən xanım "Qarabağ" azarkeşidir... "Neftçi"li olaraq buna münasibətin...
Nazim: Bizim ailədə bu sarıdan demokratiyadır. Ailə qurandan bəri getdiyimiz əksər oyunlarda gülürdü mənə. Yaxşı ki, son vaxtlar qələbə və heç-heçələrimiz oldu. Klublarımıza hörmətlə yanaşırıq. Çempionlar liqasının oyunlarında Yasəmənlə bərabər "Qarabağ"a dəstək vermişəm. İnanıram ki, növbəti mövsüm "Neftçi"nin Çempionlar Liqası oyunlarında o da mənimlə bərabər komandamıza azarkeşlik edər. Maraqlıdır, qızımız hansı kluba üstünlük verəcək. İlk dəfə stadiona onu mən aparmışam, özü də "Neftçi"nin oyununa. (gülür)...



- "Neftçi" - "Qarabağ" oyununu birgə izləyəndə necə atmosfer olur?
Nazim: Çox vaxt oyunlara stadionda baxırıq. "Qarabağ qol vuranda onun sevinib cingiltili səsi ilə qol qışqırması beynimə işləyir. O an mənə bıçaq vursan qan çıxmaz. "Neftçi" qol vuranda isə bu böyük həzdir. "Forza Neftçi" möhtəşəmdir. Yasəmən həmişə stadionda deyir ki, bunların səsi batsın, qoymur bizim azarkeşlər ağzını açsın.

Yasəmən: Qarabağlıyam... Bəlkə də ondandır ki, bu klub ürəyimə daha yaxındır. "Qarabağ" məncə Azərbaycanın ən yaxşı klubudur. Bunu nəticələr də sübut edir. Nazimə də çox vaxt deyirəm ki, bezmədin uduzmaqdan? Onda "Neftçi"yə azarkeşlik etməyə hövsələ var. İllərdir çempion ola bilmirlər. Neyləmək olar, kişi əl çəkmir bu klubdan. (gülür)...



Nazim: Mən Yasəməndən daha yaxşı azarkeşəm. Komandamı daha yaxşı tanıyır, daha çox sevirəm. "Qarabağ"ın son zamanlar uğurları çoxdur. Buna görə kluba azarkeşlik etmək sanki bir dəb halını alıb. Bu yaxşı haldır. Məncə, Yasəmən də küyə düşüb "Qarabağ"a azarkeşlik edir. (gülür)...

Yasəmən: Mən küyə gedib "Qarabağ"a azarkeşlik etmirəm. Sadəcə sevirəm bu klubu. Həmişə də sevəcəm. İnanıram qızımız da böyüyəndə "Neftçi"ni yox, "Qarabağ"ı sevəcək.


Nazim: O, artıq "Nefçi"ni seçib. Hətta forma ilə fotosu da var. (gülür)...


Röya Kərimli
Sport7.az



Комментарии