"Liverpul" azarkeşləri finala hazırdı - MÜSAHİBƏ



Bildiyiniz kimi, Sport7.az saytı ölkəmizdə fəaliyyət göstərən Avropa klublarının rəsmi fan-klublarına da tribuna ayırıb.

Bu dəfə Çempionlar Liqasının finalı öncəsi "Liverpul"un rəsmi fan-klubunun üzvləri ilə söhbətləşdik. 

- "Liverpul" sevgisinin necə yarandığının tarixçəsindən bəhs edin. 

Nicat Valehzadə: "Bunu ifadə etmək üçün "Liverpul" əfsanəsi Bill Şenklinin sözləri ilə başlamaq istəyirəm. "Bəzi insanlar futbolu ölüm-qalım məsələsi kimi görür. Bu məni çox məyus edir. Sizi inandıra bilərəm ki, futbol bundan daha da vacib məsələdi". Bu sözləri eşitdiyimdən bəri, özümə fəlsəfə olaraq qəbul etmişəm. Necə ki, 2015-ci ildə bunu hər kəs gördü. 2015-ci ilin fevral ayında "Liverpul" Avropa Liqası çərçivəsində "Beşiktaş"la İstanbulda qarşılaşdı. 18 yaşım hələ tamam olmamışdı. Amma nə yolla olur olsun mən o oyuna getməli idim, getdim də. 

Oyun günü çox pis başlamışdı. Bir gün əvvəl sağlam olsam da, oyun günü hərarətim vardı və qrip olmuşdum. Matçın keçirildiyi "İstanbul Atatürk stadionu" da küləyi ilə bilinir. Türk azarkeşlər mənə getməməyi məsləhət görür və halımın daha da pisləşəcəyini deyirdilər. Mən isə heç nəyə qulaq asmadım və getdim. Aylar keçdikdən sonra Türkiyə fan-klubunun rəhbərlərindən biri ilə danışanda, "Sənin özündən gedəcəyindən qorxurduq. Səndə isə heç bir tərəddüd yox idi", demişdi mənə.  

2003-cü ildə qonşum ilə futbola baxanda "Liverpul"la tanış oldum və hələ də bu sevgi ilə yaşayıram.

Həsən Musayev: "Liverpul"a sevgim 2004-2005-ci illər mövsümündə yaranıb. Uşaq vaxtı dostumla "playstadion" oynayanda, həmişə "Arsena"ı seçirdi və udurdu. Və bu məndə "Arsenal"a qarşı antisimpatiya yaradırdı. Səhv eləmirəmsə, 2004-cü ilin payızı idi. Yenə dostuma yenilib evə qayıdanda "Lider" TV-də futbol matçı nümayiş olunurdu - "Liverpul" - "Arsenal". İlk dəfə idi ki, bu komandanın adını eşidib, oyununu gördüm. Mənim "playstadion"da bacarmadığımı real həyatda "Liverpul" bacardı. Səhv eləmirəmsə, 2:1 hesabı ilə "Arsenal"ı uddu və özümdən asılı olmayaraq, bu kluba qarşı simpatiyam yarandı. Və get-gedə bu simpatiya sevgiyə çevrilməyə başladı. 

Sübhan Nərimanov: 2002-ci ildən "Liverpul"a baxıram. Amma 2005-ci ildə baş verənlər həqiqətən azarkeş olmağıma səbəb oldu. Bir İstanbul gecəsi. "Milan" və "Liverpul" finalı. Birinci hissə "Milan"ın 3:0 hesabı ilə irəlidə olmasına baxmayaraq, "Liverpul" ikinci hissədə hesabı 3:3 edir. Penaltilər seriyasında "Milan"ı məğlub edir və kuboka sahib olur. Bu komanda mənə heçnəyin elə də gec olmamasını, sona kimi mübarizə aparmağı və sonda təslim olmamağı öyrətdi. "Liverpul" gündəlik hər an, hər saniyə düşünəcəyim bir mövzu, bir həyatdı mənim üçün. Emblemində olan Simurq quşu tək formamıza deyil, ürəyimizə də həkk olunub. Sevdiyim musiqi də "Liverpul"un himnidir - YNWA - "You never wallk alone". "Sən heç vaxt tək deyilsən"... Bu deviz altında hər oyundan-oyuna bir olub, sevincimizi də, kədərimizi də bir yerdə bölüşürük. "Liverpul" komandadan başqa bütün "Liverpul" azarkeşlərini birləşdirən ailədir. 

Nicat Məmmədov: Avro-2004-də Milan Baroşu tanıdım. Futbolçu kimi ideal vaxtları idi. Həmin dövrdə hansı klubda oynadığı haqda məlumat topladım və beləcə İngiltərənin ən böyük klubunun azarkeşi oldum. Açığı ilk illər klubun böyük tarixi olduğu haqda məlumatlı deyildim. Və sevdiyim klub elə ilk mövsümdəcə ÇL tarixində iz qoyaraq, 2005-ci ildə qalib oldu. "Liverpul" bir klub deyil, ondan artıqdır. Baş məşqçimiz Yurgen Klopp demişkən: 'We are "Liverpool", this means more"...

- Bəs fan-klub yaratmaq ideyası kimindir? 

Sübhan Nərimanov: 2008-ci ildə "facebook"da "Liverpool Azerbaijan fan club" adlı səhifə açmaqla, fan-klubu yaratdım. Daha sonra Təbriz Məmmədov, Nicat Həsənzadənin köməkliyi ilə "Liverpul" azarkeşlərini bir araya gətirdik. Sayımız əvvəl 10-15 nəfər idi. Hazırda isə yüzlərlə fanat ordumuz var. Fan-klubumuz rəsmidir və Azərbaycanda xarici fan-klublar arasında ilklərdən, İngiltərə klublarının fan-klublarından isə birincisidir. Rəsmi fan-klub statusu almaqda Nicat Məmmədov və Nicat Vəlizadənin birbaşa rolu olub. Rüstəm Tağıyev və Həsən Musayev isə təşkilatçılıq işləri ilə məşğul olurdular. 

Nicat Məmmədov: Fan-klubu "facebook" vasitəsi ilə tanıdım. Sübhanın rəhbərlik etdiyi fan-kluba qatıldım. İlk oyuna gecikmişdim. (gülür)... Fan-klubda fəaliyyətimdən razı qalan Sübhan məni idarə heyətinə daxil etdi. Hazırda "Liverpul" fan-klubu rəsmi olaraq tanınır. Bu baxımdan Azərbaycanda ilk etmişik. Hər mövsüm yeni layihələr üzərində işləyirik. Fan-klubun həcmini daha da artırmaq niyyətindəyik. Hazırda 200-ə qədər aktiv üzvlərimiz var. Həmçinin Bakıdan kənarda yaşayan, oyunları izləməyə gələ bilməyən azarkeşlərimiz də bizə dəstək olurlar. 

- Qarşıdan ÇL-in final oyunu gəlir. "Tottenhem"lə oyuna hazırlıqlar necə gedir? 

Sübhan Nərimanov: Finala güclü hazırlıqlar gedir. Fan-klubumuzun azarkeşlərinin sayı 2 min civarındadı. Gənclərdən tutmuş, uşaqlar, yaşlılar, hər yaş qrupundan var. Fan-klubdan əvvəl mehriban ailəyik. Hamı bir nəfər üçün, bir nəfər də hamı üçün. Fan-klub yaranandan çox problemlərlə üzləşmişik. Amma birliyimizin sayəsində hamısını atlatmışıq. Final günü gözəl ab-hava olacaq. Bəlkə də heç bir fan-klubun edə bilməyəcəyi bir ab-havanı nəzərdə tuturam. 

- Bəs bu oyunda hansı nəticəni gözləyirsiniz? 
Nicat Valehzadə: Gərgin oyun olacağını düşünürəm. "Liverpul"da oyunçular həm fərdi, həm də komanda şəklində daha yaxşı oyun göstərir. Amma iki klubun da sona qədər mübarizə aparacağı aşikardı. İngilis klublarında bu bir adətdi. Yarımfinalda hər iki klub geri dönüş etdi. Finalda buna da diqqət yetirəcəklər. Hesab təxminən 3:1 "Liverpul"un xeyrinə olacaq. Ümid edirəm ki, bizi gözəl bir oyun gözləyir. 

Röya Kərimli
Sport7.az

Комментарии