"Neftçi" də bütün vasitələrlə çökdürülüb..." - MÜSAHİBƏ



Sport7.az saytı azarkeşlərin də fikirlərini, iradlarını ictimailəşdirmək üçün onlara tribuna ayırıb.
 
Bu dəfə "Neftçi" azarkeşi Rüstəm Əfəndiyevin futbolumuz haqda fikirlərinə yer verdik. 

- Futbolla nə vaxtdan maraqlanırsan? 
-İstənilən oğlan uşağı kimi, mən də futbola maraq göstərmişəm. Top, aydın hava, oynamalı meydan özü cəlb edirdi. 2002-ci il keçirilən dünya çempionatından sonra daha ciddi maraqlandım. Hər zaman hər şeydə milliliyə xüsusi rəğbətim olub. Bu səbəbdən milli idman və milli futbola da həvəs göstərmiş, tarixi ilə maraqlanmışam.

- Hansı komandanın azarkeşisən?
- Azərbaycanda "Neftçi", dünya futbolunda isə "Bavariya". 

- Sosial şəbəkələrdə yazdığın rəyləri diqqətimi çəkib. Ölkə futbolunun statistikasını çox yaxşı bilirsən. Xüsusilə də, 10-15 il əvvələ aid hesablar, tarixlər, oyunlar haqqında yazırsan. Bu maraq sirf "Neftçi"yə görədi? 
- Xeyr. Tarixə və rəqəmlərə olan maraq və o vaxt futbolu daha yaxından izləməyimlə bağlı idi. Rəqəm və hesablamanın dəqiqliyini sevirəm. Ümumiyyətlə, həddən artıq dəqiqliyə meylim var. 

- Ancaq deyəsən indiki çempionata elə də marağın yoxdu?
- Tarixə indi də marağım var. Ancaq son 2-3 ildə hazırki futbola əksəriyyət kimi, mənim də marağım yoxdur.

- Hər halda narazı olduğun məqamlar var. Gəl, bunlardan bəhs edək.
- Rəqabət və mübarizə yoxdur. 2007-ci ildən bəri normal qurulub, heç kəsin toxunub dəymədiyi "Qarabağ" aşkar üstündür və 2014-cü ildən bəri rəqib tanımır. Sadəcə ona görə yox ki, "Qarabağ" illərlə formalaşmış güclü klubdur və super güclüdür... Ona görə ki, rəqib ola biləcək komandalar ya artıq yoxdur, misal "Bakı", "Xəzər-Lənkəran" kimi klublar, ya da elə vəziyyətə salınıblar ki, ancaq azca mübarizə apara bilib, bir-iki oyunda xal ala bilirlər. Son mövsümdən zəifləyən "Qəbələ", adını gülünc bir tərzdə dəyişmiş "İnter" əvvəlki kimi deyil. "Neftçi" də artıq bütün vasitələrlə çökdürülüb və indi özünə gəlməyə başlayıb. Hələ hər komandadan xal ala biləcək ortababları demirəm. Onlar da yoxdur. Bütün bu komandalar olanda normal, rəqabətli çempionat izləyirdik.
 
Rayonlarda futbol naməlum səbəblərdən, demək olar ki, yox edilib. Bunun səbəbi şəxsən mənə qaranlıqdır. Bütün çempionatlarda əyalətdəki oyunlara həmişə azarkeşlər axın edib, stadionu doldurublar. İndi həm köhnə klublar yoxdur, yeni yaranan komandalara da imkan vermirler. "Xan-Lənkəran" layihəsi kimi. Halbuki Bakıda az qala mikrorayon adlarıyla klublar yaratmaqdansa, onlardan 1-2-sini rayonlara "təhkim" etmək olardı. Məsələn, 2007-ci ildə "Standart" - Bakı, "Standart" Sumqayıt olan kimi. Bir də ötən il Qubada bir klub fəaliyyət göstərəcəkdi. Ona da bank təminatı məsələsini səbəb gətirib, icazə vermədilər.

- Bəs əsas problemi nədə görürsən? 
- İlk olaraq iqtisadi problemlər. 2015-ci ildən yaranmağa başladı və bu da sponsor və himayədar məsələsinə təsir etdi. Ən üzdə olan səbəb budur. Bəlkə də ona görə ki, bütün az-çox maliyyə imkanları olan şəxslər paytaxtda toplaşdığına görə heç kim rayona sərmayə yatırmaq, klub saxlamaq istəmir. Bildiyim qədər Azərbaycanda klublar hələ də pul qazana bilmir. Avrokuboklardan gələn gəlir istisna olmaqla. Bunu da hər klub etmək gücündə deyil. Avropada klublar sponsorun boynunda oturmayıb, özləri reklam, teleyayım, atribut və bilet satışından dolanır. Bizdə bu yoxdur. Ən böyük problem pul qopartmaq, "bu dəqiqə qazanmaq" istəyidir. Bizdə kifayət qədər istedadlı uşaqlar var. Heç kim onları axtarıb, məktəblərdən toplayıb yetişdirmir. Halbuki, bu futbolda ən uğurlu biznesdir. "Ayaks"ın məlum uğurunu hər kəs bilir. Ən çox futbolçu eksport edən kludur. Ama bu əziyyət və ən əsası uzun vaxt tələb edir. Peşəkar futbolçu illərlə yetişir. Bizdə heç kim bu illəri gözləyərək uşaqlara pul yatırmaq, 10 ildən sonra xərclədiyinin neçə qatını götürəcəyi günü gözləmək istəmir. Bircə "Sabahın ulduzları" turnirinə hamımız ümidlənmişdik ki, nəhayət "buz qırılıb". Ancaq təəssüf, bu layihə 2-3 il çəkdi. Amma baxın, oradan çıxan uşaqlar indi aparıcı klublarımızda və millidə oynayır. Hər il keçirilsə idi, indiyədək nə qədər istedad üzə çıxardı. 

- Elə yuxarıda qeyd etdiyin kimi, Bakıda yaradılan klublara pul ayımaq əvəzi, rayonda bir neçə klubu saxlaya bilərlər. Ancaq nədənsə bölgələrdə futbolun inkişaf etməsində maraqlı deyillər... 
- Bu sualın cavabı çoxları kimi, mənə də qaranlıq qalır. Olar əlbəttə. Amma niyəsə bunu etmirlər. Digər tərəfdən də federasiya axı kluba sponsorluq etmək və ya sponsor axtarmağa borclu deyil. Lap edirsə belə, bu normal hal deyil. Dediyim kimi, klub struktur olaraq bir idarə, mexanizm kimi formalaşmalıdır. Bayaq haqqında danışdığım "Xan-Lənkəran" layihəsi buna ideal bir örnək ola bilərdi. Klubun tamamən sponsorun boynunda qalması və birdən sponsor müflis olsa, ya sadəcə imtina etsə, klubun dağılmağı normal hal deyil. Federasiya lap 2-3 klubu maliyyələşdirsə belə, bu nə vaxta kimi davam edəcək? 

- Geridə qalan mövsüm haqda təəssüratların... 
- Azarkeşlik etdiyim klubdan statistik faktları gətirməyə bilmərəm. Bu mövsüm "Qarabağ" - "Neftçi" rəqabəti ilə keçdi. Əslində deyəcəklərim hər kəsə məlum məqamlardır. Əvvəla obyektiv olaraq deyim ki, "Qarabağ" bu illərdə daha güclüdür. Son mövsüm zəif təsir bağışlamasına rəğmən, bu belədir. Səbəb aydındır... 2007-ci ildən bəri addım-addım qurulan komandadır. Rasim Kara 1 il ərzində özəyin qurdu, 2008-ci ildə heç kimin gözləmədiyi bir vaxtda birdən-birə "Xəzər-Lənkəran"a getdi. Amma Qurban Qurbanov o komandanı qəbul edib, aramla iş apardı. Bu illər ərzində heç kim ona mane olmadı, intriqalar, maxinasiyalar, pərdəarxası oyunlar, transfer hoqqaları və s. olmadı...
 
İlk vaxtlar sadəcə kubok, avroliqa təsnifatı, "play-off", sonra hər kəsə məlum uğurlar. Düzdür, Avropada məsələn, "Chelsea-Qarabagh Azerbaijan" tipli başlığın illərlə çıxması və klubun Avropada səs-küy yaratması, olduqca vacib və qürurvericidir. Hələ də davam edən müharibə və təmsil etdiyi bölgənin işğalda olması, bunu xüsusilə əhəmiyyətli məsələ edir. Amma bu səbəb deyil ki, digər klublar sıxışdırılsın, çökdürülsün. Bu illərdə "Neftçi” də erməniləri böyük futbolda ilk dəfə məğlub etmiş və ikinci dəfə meydandan qaçmağa sövq etmiş komandadır.Bu illərdə orada nə baş verir?  Dəfələrlə heyət dağıdılır, yenidən qurulur, məşqçilər əlcək kimi dəyişdirilirdi. 2010-cu ildə klubda sabitlik yarandı və komanda gücləndi. Dalbadal çempionluq, kuboklar, avroliqanın qrup mərhələsi gəldi. Əgər bu iş müəmmalı səbələrdən dayandırılmasaydı, indi 2 eyni səviyyəli klub Avropaya çıxardı. Amma bu iyrənc oyunlar "Neftçi"ni autsayderə çevirdi, biabırçılıqlar bir-birini əvəzlədi. "Qarabağ"sa öz işində idi. Əsas da futbolda və ümumiyyətlə istənilən işdə budur: aramla, təmkinlə işləmək, səbrlə çalışmaq. Nəticə də gəldi. "Neftçi"dəki siyasi hoqqabazlıq "Qarabağ"da baş verməyib, rahat komandanı qurub, qoruya biliblər.
 
"Neftçi"də oxşar oyunlar hələ 2004, 2005 və 2008-ci illərdə baş vermişdi. Futbola böyük pulların gəldiyi, yeni komandalar yaranıb gücləndiyi bir vaxtda, "Neftçi" olduqca passiv idi. Nəinki yeni transfer etmir (Stenli Udenkvor və Tomislav Vişeviç istisna. Stenli də çox effektli deyildi. Baxmayaraq ki 6 oyuna 4 qol vurmuşdu), hətta maddi səbəblərdən özünün aparıcı oyunçularını – Aqil Məmmədov, Vadim Vasilyev, Nadir Nəbiyev kimi futbolçuları itirdi və bütün 1-ci dövrəni bir hücumçu – Qurban Qurbanovla başa vurdu. O da az sonra zədələnir və "Neftçi" kimi klub meydana buraxmağa hücümçu tapmır. Vidadi Rzayev və Zaur Tağızadə hücümçu əvəzinə ön xəttə çıxış edir. Düzdür, qışda vəziyyət düzəlir və sonradan niyəsə yoxa çıxan İssa Nikiyema, Georgi Adamiya, Tomislav Mişura, Darko Çordaş kimi oyunçular gətirilir. Çempionat başa çatandan sonra eyni əhvalat təkrar olunur. Bu dəfə daha çox oyunçu eyni səbəbdən komandanı tərk edir. Amma bu dəfə tez bir zamanda bir sıra oyunçular - Vadim Borets, Branimir Subaşiç, Vladimir Miçoviç və başqaları cəlb edilir. Bu heyət 2008-ci ilədək oynayır. Ondan sonra Gede dönəmi başlayır və yenə heyət dağıdılır. Aciz günlər başlayır.
 
Bundan sonra 2010-2015-ci illərdən dirçəliş və uğur dövrü başlayır. 2015-ci ildən etibarən yenə eyni biabırçılıq başlayır. Az-çox klub özünə gəlməyə başlayan kimi, yenə hansısa görünməz əl işləri qarışdırır və komanda uduzmağa, bərbad oyun göstərməyə başlayır. Məsələn, Əsgər Abdullayev kimi olduqca savadlı və təcrübəli bir məşqçi kluba gəlir. Hətta ilk oyunların birində "Qarabağ" məğlub edilir. Ardı ilə yenə tənəzzül. Sonra Elxan Abdullayev dönəmi başlayır. İnsan kimi olduqca savadlı biri olan bu mütəxəssisin dövründə də azca uğurlar gəlməyə başlayır. Xüsusən, yanvardan sonra yeni transferlər sayəsində xallar yığılır, ümid yaranır. Bu da uzun çəkmir və yenə tənəzzül. Sonra da olanları hamı xatırlayır. Hələ ki, çoxları haqlı narazı olsa da, az-çox sabitlik yaranıb və güc dirçəlməyə başlayıb. Baxmayaraq ki, Bordin kimi bir məşqçinin etdiyi səhvlər, uzaqgörən olmaması hər kəsə aydındır. Perspektiv vəd etməyən biri olsa da, avrokubaklardakı oyunları gözləyək.
 
Görək transfer bazarında kim nə edəcək. Bu dəqiqə hər kəsə maraqlı budur.  Çempionatda ancaq "Neftçi"nin oyunlarını izləyirdim. Ümumilikdə, heç maraq da yoxdur. Quraşdırılmış və səhnələşdirilmiş tamaşaları xatırladan çempionatımız var.
 
Çoxları AFFA rəhbərliyini, Elxan Məmmədovu səriştəsizlikdə ittiham edir və səbəbkar sayır. Tutaq ki, belədir. Bu adam 2007-ci ildən AFFA-dadır. 2007-2014-cü illərdə də 8 klublu birincilik idi? Xeyr. Normal çempionat, normal 1-ci dəstə, əvəzedicilərin birinciliyi keçirilirdi. Milli də Foqtsun gəlişindən sonra az-az nəticələrin yaxşılaşdırırdı: az qala hər oyun qol vururduq, 7,9 xal, 10 qolla rekordcuqlar müəyyən edirdik. Demək ki, məsələ təkcə Elxan Məmmədovun sərişdəsi deyil. Son iki-üç mövsümün bərbad hala düşməsinin başqa səbəbləri olmalıdır. Variantlar çox, konkret versiya yoxdur. Ən böyük çıxış yolu klubun sərbəst qruplara və qazanc gətirən strukturlara çevrilməsidir. Bu əvvəl-axır olacaq. Müasir dövr bunu tələb edir. Tarixin və iqtisadiyyatın qanunlarına qarşı getmək, təkamülün  qarşısını almaq mümkün deyil. Ləngidə bilərlər. Amma olacaq. 

- Bu avrokuboklarda komandalarımızdan hansı nəticəni gözləyirsən? 
- Bu il ÇL-nin qrup mərhələsinə düşmək fikrimcə, mümkün olmayacaq. Real danışsaq, inandırıcı deyil. Amma AL-in qrupuna "Qarabağ"ın düşmək ehtimalı hardasa var. "Neftçi" də bunu hədəfləyib. Bu baxımdan ölkə futbolunda pioner olması istənilən vəziyyətdə bu tapşırığı avtomatik olaraq klubun qarşısına qoyur. Amma bunun üçün heyət zəifdir. 2010-cu ildə Arif Əsədovun qurduğu və ilk ilindəcə çempionluq,1 il sonra Böyükağa Hacıyevin çoxunun inanılmaz saydığı AL qrupuna çıxmaq kimi işlər bacarmış heyətdən indiki komanda çox uzaqdır. Ən əsası müdafiə zəifdir.
 
Avroliqanı hədəfləyin komanda bu cür primitiv səhvlərdən qol buraxmamalıdır. Bir ildir bunu dilinə gətirməyən qalmayıb. Amma bu bir ildə hələ də Bordin bu problemi tam həll etməyib. Müdafiə futbolunu bizim azarkeş bəyənmir. Amma nəticə versəydi dərd yarı. O da yoxdur. Ölkənin ən savadlı məşqçilərindən biri Əsgər Abdullayev müdafiə futbolunun ustasıdır. Onun "Bakı" və "Olimpikdə" qurduğu heyət, verdiyi nəticə və etibarlı oyun bir şirin nağıl idi. Bu adam ən az top buraxan müdafiə qurub, əks-hücum və qol vəziyyətlərinin reallaşdırılmasının yüksək faizinə sahib hücumçular hesabına uğur qazanırdı. Ən əsası çempionatda öz dəsti-xətti ilə hər kəsdən seçilən və işi ilə nəticə verən bir mütəxəsisdir. Heyif, "Neftçi"dən tez getdi. Bordindən dəfələrlə bacarıqlı və istedadlı bir məşqçidir.
 
Amma "Neftçi"də Ağasəlim Mircavadovun oynatdığı o surətli və texnikalı oyunu daha çox bəyənirdim. Bu arada rəhmətlik Böyükağa Hacıyevdən danışmamaq olmaz. Onu hər kəs tanıyır, bilir. Hələ "Bakı"da işləyərkən lap ümidsiz oyuna belə həm komandanı, həm də azarkeşləri əla motivasiya edə bilirdi. Onun mətbuat konfransına qulaq asmaq, oyunçularına dediklərini eşitmək bir başqa aləm idi. Heyif, artıq yoxdur. Fikrimcə, digər klublarımızın Avropa yürüşləri ən azı 1-2 mərhələ keçməyi qismət edər. Amma "Qəbələ" bu gün qrupa düşəcək gücdə deyil. "Səbail" də. 

- Keçək milli komandaya...
- Ümumilikdə, millinin ən güclü heyəti Sovet futbolunun yetişdirdiyi Avropa səviyyəli peşəkar və əla hazırlqlı oyunçulardan qurulan heyət idi. Elə Vəli Qasımov, Nazim Süleymanovun adını çəkmək kifayətdir. Amma paradoksal olsa da, bu cür heyət gözəl və məzmunlu oyun göstərsə də, nəticə vermirdi, aylarla qol vura bilmirdi. Bunun səbəbi də şəxsən mənə aydın deyil. Bir dəfə Vəli Qasımov bunu şəraitsizlik və lazımı maliyyənin olmaması, oyunçuların öz pulları ilə bilet alıb, millinin düşərgəsinə gəlməsi, normal təlim-məşq toplanışlarının olmaması ilə əlaqələndirdi. Bəlkə də budur səbəb. Amma heyif o cür heyətdən. Düzgün istifadə edə bilmədik. İndi elə oyunçularımız yoxdur və kim bilir nə vaxt olacaq. Ümumilikdə, ilk seçmə mərhələdən sonra Torres dönəmi millinin ən zəif dövrü sayılır. O vaxt da absurd hadisələr baş verirdi. Millinin aparıcı futbolçuları, ölkənin ən üzdə olan oyunçuları müxtəlif səbəblərdən millidən imtina edir, komandanı pis vəziyyətdə qoyurdular. Bu da bəzilərinin həm sovet, həm də postsovet futbolunun bəlalarından olan intriqalara qoşulması ilə bağlıdır. Millidən imtina futbolçu üçün vətənə xəyanətə bərabərdir. Bilərək ki, milliyə çağırılacaq oyunçu seçimi məhduddur, futbolçu naz edir, şərt qoyur və ya kiminsə intriqalarına qoşulur. Nəticədə milli, ölkə zərər görür, biabır olur. Nəticədə ancaq Azərbaycan beynəlxalq arenada biabır oldu. Nə Torres qaldı, nə də bu özünü Maradona sayan futbolçular. Ölkə futbolunda biabırçı darmadağınlar ləkə kimi qaldı. Polşaya 0:8 hesabı ilə uduzduğumuz oyundan sonra voleybol üzrə millimiz də Polşaya yenildi. Ancaq normal idman mübarizəsi, əzmkarlıq göstərərək məğlub oldu. O vaxt bir Polşa qəzetində belə bir başlıq çıxmışdı: "Azərbaycanın voleybolçu qızları, futbolçulardan üstündür"... 

Son vaxtlar Qurban Qurbanov millidə məşqçi oldu. Sözsüz, ən uğurlu yerli məşqçidir. Burada iki məqam var: ya ona imkan vermədilər ki, normal işləsin, ya da milli və klub fərqi burada özünü göstərdi və həqiqətən bacarmadı. Məsələn, Fabio Kapello çox uğurlu klub məşqçisidir, amma İngiltərə və Rusiya milliləri ilə ciddi uğur qazana bilmədi. Amma fikrimcə, o, bir neçə il qalıb, bacarığını tam ortaya qoymalı idi.
 
Hələ ki, millinin tarixi ərzində ən uğurlu rəhbəri Robert Prosineçkidir. O hələ ki, maksimumu sıxıb çıxara bilib. Məncə, Yurçeviç onu uğurun təkrarlaya biləcək məşqçidir. Bir də milliləşdirmə məqamına toxunum. Məsələn, əgər hansısa mövqedə milli oyunçu yoxdursa, ya kapriz edirsə, o mövqeyə legioner gətirmək olar. Hava topları bizim ən çox axsayan cəhətimizdir. Bu hər zaman olub. Ən çox da müdafiədə. Bizdə ucaboy müdafiəçilər azdır. Bu boşluğu legioner hesabına niyə də doldurmayaq?! 1-2 milliləşdirmə ilə heç nə olmaz. Deku braziliyalı idi, milliləşdirilmişdi. Ancaq Portuqaliya millisinin liderlərindən idi. Eləcə də digər millilərdə bunu görürük. Əgər kimsə milliyə xeyir verirsə, oynasın.

Röya Kərimli 
Sport7.az

Комментарии