Futboldan kənar sahələrdən olan tanınmış şəxslərlə müsahibələrimiz davam edir.
Bu dəfə Azərbaycanın xalq şairi, sabiq millət vəkili Sabir Rüstəmxanlı futbolla bağlı fikirlərini Sport7.az-la paylaşıb...
- Sabir müəllim, futbolla maraqlanırsınız?
- "Neftçi"nin yaxşı oynadığı illərdə baxmayaraq ki, heyətində azərbaycanlı futbolçu az idi, Bakı komandası olması və həmin yerli futbolçuların xətrinə baxırdıq. Hər oyununda stadiona gedirdik. Yazıçılar birliyindən dəstək vardı. Bizim məşhur xalq yazıçımız İsmayıl Şıxlı, bir yerdə işlədiyim Hüseyn Abbaszadə azarkeş idilər. Biz də cavan idik. Hər oyuna birləşib gedirdik. Amma müəyyən dövrdən sonra futbol və azarkeşlik qalmadı. İndi də Azərbaycan komandası oynayanda maraq göstərirəm. Ancaq yerdə qalan komandalara o qədər də ciddi marağım yoxdu.
- Özünüz də maraq azaldı, yoxsa hansısa prosesləri gördükdən sonra həvəsdən düşdünüz?
- SSRİ dağıldı, müstəqillik uğrunda mübarizə başladı. Müstəqilliyin ilk illəri, müharibə vaxtlarından sonra... Bizdə böyük meydanda savaş gedir. Azərbaycanın Qarabağ bölgəsində. Hər bir müharibə "futbol meydança"sıdı və o meydançada bizim "komandamız" uduzur. Ona görə istənilən futbol meydançasında qazanılan qələbə mənim ürəyimdəki yanğını, həsrəti soyutmur.
- Ancaq fikir vermisinizsə, Ağdam təmsilçisi "Qarabağ" futbol klubu təmsil etdiyi Qarabağ adını Avropada tanıdır...
- Qarabağ adının Azərbaycanla bağlı olmasını dünyaya çatdırmaq baxımından yüksək qiymətləndirirəm. "Qarabağ" komandasını çox istəyirəm və onlara uğurlar arzu edirəm. Hər turnirdə qalib gəlməklərini istəyirəm. Ancaq tək "Qarabağ" futbol komandasının yox, ümumiyyətlə, Qarabağda savaşan ordumuzun qalib gəlməsini arzulayıram. Ondan sonra "Qarabağ" komandası uğuru 5-10 qat yüksək qazanacaq.
- Sonuncu dəfə stadiondan izlədiyiniz oyun hansı olub?
- Beynəlxalq yarışlardan birində hansısa xarici komanda ilə görüş idi. Milli Məclisdən yoldaşlarla birgə getmişdik. O yadımdadı. Bəlkə də o oyun sonuncu olub. Ancaq hansı il olduğunu dəqiq xatırlamıram.
- Bəs milli komandamızla maraqlanırsız?
- Düzünü desəm, son vaxtlar milli ilə maraqlanmamışanm. Ancaq dünya çempionatı olanda oyunlara baxıram. Təəssüflər olsun ki, son dövlərdə Türkiyə millisi də zəif çıxış edir. Nə Avropa, nə də dünya çempionatının final mərhələsinə düşə bilmir. Dünya və Avropa çempionatlarında daha çox balaca, əzilən dövlətlərin yığmasının qalib gəlməsini istəyirəm.
- Ötən il Rusiyada keçirilən dünya çempionatına baxdınız? Hansı komandaya azarkeşlik etdiniz?
- Bəli, baxdım. Məsələn, Xorvatiya gözəl komandadır. Onlara azarkeşlik edirdim. Sonra Portuqaliyanı qeyd edərdim. Avropanın balaca dövlətidir... Bu cür dövlətlərin komandaları yaxşı oynayanda zövg alıram.
- Bəs özünüz heç futbol oynamısınız?
- Uşaq vaxtı bir çox idman növləri ilə məşğul olurdum. Futbol, voleybol, güləş. Ancaq onlar da uzaqda qalıb.
Vaxt ikən respublikada Şahmat Federasiyasının yaranmasında iştirak etmişəm. İlk federasiyalardan biri idi. Bəlkə də birincisi... Həmin Şahmat Federasiyasının sədri olmuşam. Mənim vaxtımda 4 şahmatçı olub. Şahmatçılarımızı bir sıra ölkələrə yarışlara aparmışam. Özüm də şahmatı çox sevirəm və federasiyada çalışan cavanlara bağlıyam, həmişə izləmişəm. Yəni, idmanla bağlılığım bu cür olub.
Bir də üzməyi xoşlayıram. O vaxtı Heydər Əliyev prospektində, "Şəfa" stadionu olan ərazidə 50 metrlik hovuz vardı. Qışda qar-yağış yağsa da, hovuzun suyu isti olurdu. Dostlarımla ora getməyi xoşlayırdım. Fəxri xiyabanın arxa tərəfində MOİK-in hovuzu vardı. Bakıda azsaylı hovuzlardan biri idi. Orada da üzmüşəm. Ancaq indi hovuzlar çoxdu. Bu günə kimi də məndə üzgüçülük həvəsi qalıb. Bu gün də mən hər gün hovuzda üzürəm. 500-800 metr arası mənim normam var və bu məsafələrə üzürəm.
- Və son olaraq yenə futbola aid sual verəcəm... Bir çox idman növlərində uğurlarımız olsa da, küllü miqdarda pullar xərclənməsinə baxmayaraq, futbolumuzda irəliləyiş yoxdu. Sizcə, bunun səbəbi nədir?
- Vaxt vardı Bakı məhlələrində boş ərazilər vardı və uşaqlar futbol oynayardılar. Yəni, məhlə futbolu vardı. Uşaqlar ordan yetişirdi. Rayonlar da həmçinin. Bu gün Bakının bütün məhlələrində uşaqların futbol oynadığı yerlər hamısı qarajlara çevrilib. Maşın əlindən həyətdə uşaqların futbol oynamasına yer qalmayıb. Öz həyatımızı daraldırıq, öz həyatımızı küncə sıxışdırırıq, maşınlarımız üçün yer açırıq. Halbuki, maşın insanı əvəz etmir.
Uşaqların aşağı yaşdan təbii şəkildə futbola başlamasını idman məktəbləri əvəz edə bilməz.
İkinci olaraq, rayonların bu prosesdən uzaq qalması.... Hər bir rayonda kifayət qədər potensialı olan uşaqlar var. Bölgələrdə yaxşı futbol məktəbləri, futbol meydançaları olsa, olimpiya mərkəzləri yaşı işləsələr, uşaqları cəlb edib yetişdirsələr... Ancaq düzgün seçim ola. Çox təəssüf ki, bəzən idmanda da istedaddan çox, kim-kimin qohumudu prinsipi ilə işləyirlər. Bu mənim tanışımdı, bu mənim qohumumudu, bu gedəcək Avropaya, filan çempionata... Onları Azərbaycanın şərəfini qorumaq maraqlandırmır. Təki orada adı olsun.
Bir də xaricdən böyük pullar qarşılığında məşqçi gətirmək. Güya yoxdan var yaradacaq. Sərsəm bir fikirdir. Güclü oyunçularla yanaşı güclü məşqçi lazımdı. Amma vacib deyil ki, xaricdən olsun. Azərbaycanda da belələri ola bilər. Vaxt kən bizim Əhməd Ələsgərov Azərbaycan komandasını kifayət qədər yüksək yerlərə qaldırmışdı. Kənardan gələnlərin hesabına idmanı inkişaf etdirmək olmaz. Xaricdən gələn oyunçulara verilən böyük pulları yerli idmanın inkişafına xərcləmək lazımdır.
Röya Kərimli
Sport7.az
Комментарии
Отправить комментарий