- Ceyhun, işlər necə gedir? Komandada vəziyyət necədir?
- Hər şey qaydasındadır. Komandada vəziyyət yaxşıdır. Mövsüm yeni başa çatdı. Bu il deyərdim ki, bizim üçün uğurlu alındı. İştirak etdiyimiz 4 turnirdə də mükafatçılar sırasına düşməyi bacardıq. Əvvəlcə muxtar respublika çempionatının qalibi olduq, ardınca Naxçıvan Kubokunun qalibi olduq. Region Liqasında və Naxçıvanda ənənəvi olaraq keçirilən "Heydər Əliyev Kuboku" turnirinin bürünc mükafatını qazandıq. Deyərdim ki, buna yalnız yetişdirdiyimiz öz futbolçularımızla nail olduq.
- Heyətə Premyer Liqadan kənarda qalan futbolçular, paytaxtdan və ya bölgələrdən futbolçu dəvət edirsiniz?
- Yox, hamısı ancaq yerli futbolçulardır.
- Komandanın gələcək üçün planları, hədəfləri nədir?
- İlk olaraq, hədəfimiz muxtar respublikada futbolun inkişafına nail olmaq, yerli futbolçuları yetişdirməkdir. 2014-cü ildən çıxdığımız bu yolda müəyyən uğurlara imza atmışıq. Geridə qoyduğumuz illər ərzində bir neçə futbolçumuz millinin müxtəlif yaş qruplarına dəvət olunub, bəziləri isə icarə əsasında digər klublarımızda çıxış edib. Təbii ki, bununla kifayətlənmək niyyətində deyilik. Əsas üstünlüyü uşaq futboluna yönəltmişik. Artıq iki ildir muxtar respublikanın bütün şəhər və rayonlarında uşaq futbol bölmələrimiz fəaliyyət göstərir. Buna Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi xüsusi olaraq diqqət ayırır. Hədəf olaraq bu uşaqları yetişdirmək və gələcəkdə yüksək liqalarda mübarizə aparmağı qarşımıza məqsəd qoymuşuq.
- Biraz gözdən uzaq olduğu üçün çoxlarının məlumatı yoxdu. Bizə Naxçıvan MR daxili çempionatından bəhs edərsən? Neçə komanda var, hansılardı və s. kimi ümumi məlumatlar...
- Əslində gözdən uzaq deyilik, sadəcə göz qoymurlar. Əgər maraqlansalar, hər həftə keçirilən oyunlar barədə Naxçıvanda fəaliyyət göstərən saytlarda, qəzetlərdə məlumatlar dərc olunur. Daxili çempionatda cari ildə 9 komanda mübarizə aparıb. İki dövrədən ibarətə olan çempionat sentyabr ayında başladı, may ayında yekunlaşdı. Çempionluq uğrunda mübarizə daha çox "Araz-Naxçıvan", "Arpaçay" və Naxçıvan Dövlət Universitetinin komandaları arasında oldu. Çempionatın reqlamentinə əsasən, hər komandanın meydana çıxardığı heyətdə minimum halda iki azyaşlı futbolçu olmalıdır. Bununla yanaşı, hər il Naxçıvan kuboku keçirilir ki, son olaraq dediyim şərt buna şamil edilmir.
- Demək idman mətbuatı Naxçıvan MR-sının daxili çempionatına laqeyd yanaşır...
- Laqeyd yanaşır deyəndə, bəziləri ilə mütəmadi olaraq əlaqə saxlayırıq, məlumatları göndəririk və ya özləri soruşurlar. Buna təkcə futbol yox, digər idman növləri də daxildir.
- Yüksək liqaya qayıtmaq, çempionluq, avrokuboklar üçün mübarizə aparmaq kimi fikriniz var?
- Təbii ki, var. Az öncə də dediyim kimi, indi əsas hədəf kimi qarşımıza məqsəd kimi uşaq futbolunun inkişafını qoymuşuq. Zamanı gəldikdə öz yetirmələrimizlə, futbolçularımızla qayıdacağıq.
- Bir sıra futbol mütəxəssislərimiz hazırda işsizdir. Naxçıvanda da bu qədər komanda qurulub. Hansı məşqçilərlə işləyirlər? İşsiz mütəxəssislərdən dəvət etmisiz heç? Ya dəvət etmisiz, təklifi qəbul etməyiblər?
- Naxçıvanda hazırda çalışan məşqçilər bir vaxtlar "Araz"ın heyətində oynayan futbolçulardır. Bəziləri isə müəyyən kurslarda iştirak etmiş şəxslərdir. Etiraf edək ki, məşqçi baxımından o qədər zəngin deyilik. Yəni məşqçilərimizin təcrübəsi o qədər də çox deyil. Artıq bəzi planlarımız var ki, məşqçilər üçün kurslar təşkil olunsun və ya onları kurslara göndərək. Bununla yanaşı, Gənclər və İdman Nazirliyi tanınmış mütəxəssisləri geridə qoyduğumuz illərdə dəvət edib. Bu ənənəni davam etdirmək istəyirik. Yəqin ki, cari ildə daha çox məşqçilər Naxçıvana təşrif buyuracaq. Bu yaxınlarda U-21-in baş məşqçisi Milan Obradoviç muxtar respublikaya gəlmişdi. Lakin o, məşqçilərə seminar keçmək üçün yox, "Araz-Naxçıvan"ın oyununa baxmaq üçün gəlmişdi. İndi bizdə baş məşqçi Sakit Rzayevdir. Digər komandalar üçün tanınmış müətəxssislərin dəvəti də gündəmdədir. Onları daha çox seminarlar, kurslar üçün dəvət etmək fikrindəyik.
Röya Kərimli
Sport7.az
Комментарии
Отправить комментарий