Emil Şükürovla 15 illik tanışlığımız var. Onun "Karvan"da işlədiyi vaxtlarda mən klubun azarkeşi idim. İllər keçdi, "Karvan" fəaliyyətini dayandırdı, Emil PFL-ə keçdi, hətta ordan ayrıldı, böyük futboldan uzaqlaşdı, mən mətbauta gəldim. Amma "Karvan" bizi birləşdirən dəyər olaraq qaldı. Uzun illər sonra Emillə oturub ölkə futbolunun keçmişini və bugünü müzakirə etmək qərarına gəldik.
Təbii ki, bu müzakirəni Sport7.az-ın oxucuları ilə bölüşmək yaddan çıxmadı. Əminəm ki, klub və PFL-də işləmiş birinin xatirələri, fikirlərini, ölkə futboluna fərqli prizmadan yanaşması diqqətinizi çəkəcək...
- Emil, futbola gəlişin necə olub?
- Həvəskarlar Liqasında futbol oynayırdım. Ancaq zədə səbəbindən "karyeram" yarımçıq qaldı. Daha sonra bir müddət futboldan uzaq qaldım. Sadəcə azarkeş kimi maraqlanırdım.
Bir yaxın dostum var. Futbol oynamağı yaxşı bacarsa da, izləməklə elə də arası yox idi. 2004-cu ildə dedi ki, bəs layihə rəhbəri olacaq. Ağlında biznes layihə varmış, lakin gələndə görüb ki, futbol layihəsidir. Bir müddət sonra mənə dedi ki, sən də futbolu bilən adamsan, gəlib bizimlə işlə. Dəvət etdilər. Məni "Karvan"ın saytına redaktor kimi düşünürdülər. Həftə sonu idi deyəsən. Ofisə çağırdılar, oturdum kompüter arxasında. Klubun direktoru İslam müəllim gəldi. Kim olduğumla maraqlandı. "Saytda işləməsi üçün dəvət etmişik” dedilər. "Yaxşı, qeydiyyata alın, sabahdan işə başlasın", dedi. Müsahibəsiz, danışıqsız... Belə qısa müddətdə alınmasına özüm də şok olmuşdum. Böyük futbolda sərgüzəştlərim belə başladı. "Karvan" futbol klubunda...
- Səhv eləmirəmsə, klublar arasında ilk rəsmi sayt "Karvan"da idi...
- Ola bilər. 1-2 ay fərqlə saytlar yaranıb. Amma düzü, "Karvan"ın saytı mən gələndə artıq vardı. Saytı quran şirkət adminə baxırdı. Mən gəldikdən sonra yüklədilər mənə. (gülür)...
- Admindən başlayıb klubun baş meneceri vəzifəsinə qədər irəlilədin...
- İlk iki ildə ancaq admin panelə nəzarət edirdim. Sonradan ingilis dilini biliyimə görə Beynəlxalq Əlaqələr üzrə koordinator vəzifəsinə təyin olundum. Çünki komandanın xarici klublarla əlaqələri yaranırdı, İntertoto Kubokundan sonra UEFA ilə yazışmalar olurdu. Öz bacarığımdan istifadə etməyə çalışırdım. Sağ olsunlar, rəhbərlik də etimad göstərirdi. Zaman keçdikdə daha çox iş verməyə başladılar. Və artıq 2008-ci ildə klubun baş meneceri vəzifəsinə gətirildim. Son iki mövsümdə baş menecer olaraq fəaliyyət göstərdim.
- Ümumiyyətlə, klubun baş menecerinin öhdəlikləri nədən ibarətdir?
- "Karvan" bir az qeyri-adi klub idi. Başlayanda xeyli əməkdaşımız vardı. Amma son mövsümü 2-3 nəfərlə başa vurduq. Menecerin işi klubdan asılıdır. O, oyunçu seçimindən də başlaya bilər, klubun gündəlik həyatını təşkil edə də bilər. Klubun təsərrüfat işinə baxan əməkdaşı yoxdursa, menecer ona da baxa bilər. Maliyyə işlərinə müəyyən qədər nəzarət etməlisən, uşaq akademiyasına diqqət etməlisən, komandanın səfər oyunlarına planlaşdırmaya nəzarət etməlisən və s... Mənim gördüyüm işlər bunlar idi. Futbolçularla müqavilə imzalanması, əlavələrin hazırlanması, futbol federasiyasi ilə qeydiyyat işləri. Yəni, hərtərəfli. Əvvəl heyətimiz geniş olanda, hüquq işlərinə hüquqşunasımız baxırdı, təsərrüfat işlərinə ayrıca adamımız vardı, yavaş-yavaş heyət kiçildikcə, öhdəlikləri özümüz götürməli olduq.
- Deyirsən son illərdə artıq heyət azaldı... Ümumiyyətlə, "Karvan"da nə baş verdi? Kənardan maliyyə problemi ucbatından dağıldığını bilirik. Bəs pərdəarxasında nələr baş vermişdi?
- Klubda maliyyə problemi ikinci ildən sonra başladı. Faktiki pul var idi. Amma nəğdsiz. Ən böyük problem isə vəsaitlərin nəğdə keçirilməsi idi. Futbolçunun maaşını ödəməlisən, xarici futbolçular vardı, səfərlər təşkil olunurdu və müəyyən qədər çətinliklər yaranmağa başladı. Mənə görə, "Karvan" da digər futbol klublarımız kimi biznes proyekti olaraq yaradılmamışdı. Biznesmenlərin proyekti olaraq yaradılmışdı. Bu da yekunda "Karvan" kimi bir çox klubların çökməyinə gətirib çıxartdı. Amma dediyim kimi, 2007-2008-ci illər mövsümündə komandada gəncləşmə siyasəti aparıldı. Təbriz Həsənov baş məşqçi gətirildi. Əslində mən o siyasətin tərəfdarı idim. Cavanşir müəllimlə də söhbətlərimizdə iki əlli tərəfdarı idim. Hətta perspektivli gənc uşaqlar vardı ki, onları yığmışdıq. "Neftçi"dən, "İnter"dən də gələn uşaqlar vardı. Mən ümid edirdim ki, "Karvan" "Turan", "Kəpəz" modelində bir komanda olacaq: liqadan düşməyəcək, ilk 3 mövsüm çempionluğa oynamayacaq, amma daimi olaraq gənc oyunçular yetişdirəcək, mübariz bir komanda yaranacaq. Ancaq təəssüflər olsun ki, qışda olmayan yerdən "iştah” əmələ gəldi, heyətə yenidən böyük maliyyə ayrıldı və yekunda mövsümü 11-ci yerdə bitirdik. Həmin stardegiyanı davam etmədilər. Məncə, bu strategiya davam etdirilməli idi.
- Komandadan ayrıldığın günü xatırlayırsan?
- Hə. (gülür)...
- Nə söhbətlər oldu?
- Artıq 2008-ci ildə ayrılmaqla bağlı söhbət vardı. Ayrılmaq istəyirdim. Beynimdə oturuşmuş bir fikir vardı ki, insanın bir yerdə, bir vəzifədə 3 ildən artıq qalmağı düzgün deyil. 3, maksimum 4 il.
- İş məhəbbəti də 3 il yaşayır? (zarafat)...
- Demək olar ki... (gülür)... 3-cü mövsümün sonunda hiss elədim ki, nə mən artığını verə biləcəm kluba, nə də klubdan artığını ala biləcəm. Yeni bir şeylər istəyirdim əslində. PFL ağlıma da gəlmirdi. Başqa sahə fikirləşirdim. Biraz səbrsiz insanam. Uşaqlar məsləhət gördü ki, biraz səbrli ol. Elə bir məqam oldu ki, anlaşılmazlıq yaranmışdı, elə hamımız dedik ki, biz ayrılırıq. Gənc vaxtında insan bəzən soyuq başla qərar verə bilmir. Mənlə əlaqə saxladılar, dedim ki, qayıtmıram. Onlar da dedilər ki, məsləhət özünündü. Ondan da iki həftə sonra yeni bir investiya şirkəti vardı, ora qəbul oldum. Burda da "Karvan"a keçidimi təşkil edən Ceyhun Babayevin rolu oldu. Burdan ona təşəkkür edirəm. Hətta futboldan sonra sakit ritmə öyrəşmək mənim üçün çətin idi. Orada da 3 ay işlədikdən sonra, bir gün Aslan Şahgəldiyev ( red. - "Karvan"ın sabiq mətbuat katibi, PFL-ın hazırki mətbuat katibi) zəng edib dedi ki, işdən çıxa bilərsən? Dedim, hə çıxıb gələrəm. Deyir, yox e, tamamilə işdən çıxa bilərsən? Soruşdum nə məsələdi. Dedi ki, bəs PFL-dən iş təklifi var.
- Elə mən də o sualı hazırlayırdım ki, PFL-ə keçidin necə oldu?
- Hə, elə özüm yavaş-yavaş keçdim. (gülür)... Aslan dedi ki, iş təklifi var. Gəl, Ramin müəllimlə görüşək. Zəng elədim Ceyhuna ki, belə bir iş təklifi var. Dedi, nə deyim, futboldan çəkdiyini çəkmisən. Dedim ehtiyac varsa, gedim. Rəhbərliklə danışmağımı məsləhət gördü. Sağ olsun, Mais müəllim də normal qarşıladı.
Gəldim PFL-ə. Görüşdük, söhbət etdik. Və beləcə PFL-də işə başladım. 2009-cu ilin səhv eləmirəmsə, 3 ya da 4-ü idi. Tam 10 il əvvəl.
Orda da yenə saytın redaktoru olaraq başladım. Gördüm ki, kifayət qədər çatışmazlıqlar var, işlər görülməlidir. Sağ olsun Aslan da, rəhbərlik də dəstək oldular. PFL-in saytınımı deyim, media işinimi deyim, sıfırdan qurulmasını bizim şöbə bacardı. İndi də, məncə, bu iş uğurla davam edir.
- Hazırda futbolla əlaqən qalıbmı?
- 2014-cu ildən "Freestyle" ilə maraqlanmağa başladım. Dizlərimdə zədə olduğu üçün o hərəkətləri etməyim alınmırdı. Amma düşündüm ki, bizdə belə idman növü olsun. 2015-ci ildə artıq bir nəfəri tapdım. Ruslan Quliyev bizim birinci idmançımız oldu. Videolarını göndərdi, səhifə yaratdım və yerləşdirdim. İlkin mərhələdə biraz inkişaf elətdirməyi fikirləşirdim. O vaxt MFL rəhbərliyi Sean Garnieri dəvət eləmişdi. Gedib onunla görüşdük. Elə həmin görüşdə də ikinci idmançımızı – Nicat Səfərovu tapdım. Uşaqlarla yığışıb söhbət elədim. Gördüm ki, bizdə uşaqlar yetişir, var. Uzaqdan yaxından hamısı futbolla əlaqəsi olan uşaqlardı. "Freestyle"nin də qaydası odur ki, "Ehtiyacın olan tək şey topdur". İstənilən yerdə sən məşq edə bilərsən, yeni fəndlər öyrənə bilərsən. Yavaş-yavaş uşaqları yığdıq. Sean Garnier Azərbaycana gələndə yeganə adam Cəfər Hüseynov oldu ki, üz-üzə fəndlər göstərdilər və Sean onun ayaqları arasından top keçirə bilmədi. Özü də hazırda mini-futbolda oynayır. O da bizim komandanın üzvüdür.
Zamanı gələndə hiss elədim ki, uşaqları beynəlxalq arenaya çıxarıb, bacarıqlarını görmək lazımdı. Bir sıra tədbirlərdə iştirak elədik. Formula 1-də, "Maşın şou"da iştirak etdik. Əslində çox hazırlaşırdım ki, uşaqları Azərbaycan kubokunun finalında təqdim edim, amma hər dəfə nəsə bir problem yaranır, uyğunsuzluq olur deyə ertələndi. Ancaq yenə də ümidliyəm ki, üzümüzə gələn illərdə çıxış etsinlər.
İndi Avro-2020-yə hazırlaşırlar. Keçən il Dünya "Freestyle" federasiya ilə əlaqə saxladım. Oranın rəhbərini daha çox futboldan tanıyıram - Daniel Vud. Onunla yazışmağa başladım. İnkişafla bağlı məsləhətlərini verdi və dedi ki, Avropa yarışlarında uşaqlar iştirak etmək istəsə, gələ bilərlər. Öz vəsaitimiz hesabına keçən il Almaniyanın paytaxtı Berlində keçirilən Avropa Fristayl Futbol Çempionatında iştirak etdik və ilk dəfə olaraq Azərbaycan bayrağını dalğalandırdıq. Ancaq gördüm ki, bizim uşaqlar Avropa səviyyəsi üçün hələ zəifdilər. Sean Garnier köhnə məktəb sayılır. Norveçli Faqerli qardaşları var, onlar isə yeni məktəb... Məktəblər arasında kifayət qədər böyük bir uçurum var. Bizimkilər isə daha çox köhnə ilə gedir. Maraqlandıq, ünsiyyət qurduq. Hollandiya, Norveç, hətta Afrika ölkələrindən gələnlər vardı. Asiya və Afrika ölkələrində bu idman növü qısa zamanda inkişaf edib. Dünya Federasiyası inkişaf planını cızır və yerli federasiya rəhbərlərinə göndərir. Onlar da bununla hərəkət etməyə başlayırlar. Eynən futboldakı kimi.
Bu ildən artıq qadınlar arasında da çempionat keçirməyə başlayıblar və Macarıstanda ilk Avropa çempionatı təşkil olundu. Bunun timsalında ümid edirəm ki, bu il ilk dəfə Azərbaycan çempionatı keçirmək bizə qismət olacaq.
Bizdə də bir xeyli maraqlandım. AFFA-da qadın futbolu sahəsində çalışmış Emin Cəfərovla, Nəriman Axundovla danışdıq ki, vaxt olanda gəlib baxaram. Bəlkə elə bacaran var bu hərəkətləri. Təəssüf ki, hələlik vaxtımı uyğunlaşdıra bilmirəm.
- Keçək böyük futbola... Yadımdadır, bir müddət öncə sosial şəbəkədə 8 komandalı çempionatımız haqda müzakirələr zamanı bu sistemi dəstəklədiyini, təklif etdiyini demişdim. Bu haqda ətraflı danışa bilərsən?
- İşə başladıqdan 1 ay sonra idi. Mən çalışıram yeniliklər, yeni idealar gətirim, inkişafa dorğu hansısa yol varsa, o yoldan gedək. Təsadüfən bir quruma rast gəldim. O vaxtı Avropa Peşəkar Futbol Liqaları adlanırdı, sonradan isə adını Avropa Liqaları deyə dəyişdilər. Araşdırma apardım ki, gördüm ki, bu qurum Avropada Peşəkar Futbol Liqalarını birləşdirən bir qurumdur. Necə ki, UEFA və FİFA milli federasiyaların, ECA isə klubların birliyidir. Başladım onlarla yazışmağa. Və 3 il sonra bu quruma tanışlıq səfərim oldu. Həmin bu 3 il müddətində bu qurumun əhəmiyyətini ətrafımdakılara isbatlamağa çalışırdım. Bir dəfə Səbuhi Səfiyarlı gəlmişdi PFL-ə. Dedi ki, belə bir qurum var, nə əcəb üzv olmursunuz? Aslan baxdı və dedi ki, var elə bir qurum, Emil araşdırıb, çalışacağıq üzv olaq. O cəhətdən onun da bir təkanı oldu. Tək Emilin deməyi yox, bir-iki nəfərin də deməsi, üstəlik Rusiyanın Futbol Liqasının rəhbəri ilə söhbətdə də qonşu ölkə kimi məsləhət gördülər ki, inkişaf baxımdan sizə çox faydası ola bilər.
- Və 8 komandalı çempionat oyununu sən açdın başımıza? (zarafat)...
- Gəlirəm o hissəyə. (gülür)... 2012-ci ildə görüş oldu. Həmin ilin oktyabrında artıq Fransada Baş Assambleyada bizi üzv kimi qəbul etdilər. Üzərindən yarım il keçmişdi. Orada müəyyən komitələr var, iş qruplarıdır. Əvvəl iclasa dəvət etmişdilər. Frankfurtda Almaniya Futbol Liqasının binasında baş tutdu. Qruplara bölüşmüşdük. Bizim də qrupda Fransa, İtaliya, Almaniya rəsmiləri vardı. DÇ-2022-ni müzakirə edirdik. Mundiala 9 il qalmış... Bu dərəcədə öncədən görmə, planlaşdırma var. Araşdırma apardılar ki, yayda keçirilməsi mümkün deyil. Mümkün olan variantlardan ikisi üzərində dayandılar ki, ya qışda, ya da noyabr-dekabr aylarında keçirilsin. Ki, hal-hazırda qəbul olunmuş variantdı. Ortaya sual qoyuldu ki, qışda keçirilsə, çempionatların yerini necə dəyişmək olar? Təbii ki, ilk növbədə ingilislər dedilər ki, bizim üçün sərf eləmir, bizim ən önəmli vaxtlarımızdı, "boxing day” var, adət-ənənəmiz var. Digər liqalar da təxmini elə bir şey dedilər ki, 3 həftəlik fasilə olur, biz onu dəyişdirə bilmərik. Amma nəsə lazım olsa, fikirləşib, uyğunlaşdıra bilərik. Azərbaycan Liqası nə təklif edir deyə soruşdurlar. Açığını deyim ki, ciddiyətə bağlı bir şey deməmişdim. Sadəcə ağlımda olan variantı dedim. Həmin vaxt çempionatda 12 komanda vardı. Düşündüm ki, 12 komanda ilə 33 tur oynanırsa, 10 komanda ilə olacaq 4 dövrə - 36 tur, 8 komanda ilə 28 tur. Dedim uzatmaq lazım olsa, 10 komanda edirik 4 dövrə, qısaltmaq lazım olsa, 8 komanda 28 tur. Çönüb mənə qəribə şəkildə baxdılar. (gülür)... Necə edəcəksiniz onu? Dedim, açığı divizionda problemimiz var. Lisenziyalaşmada, sponsorlarla bağlı problemlər var. Həqiqətən ciddi deməmişdim o sözü. Ağlıma da gəlməzdi ki. bizdə nə vaxtsa 8 komanda olar. Elə gəldi ki, elə 2016-2017-ci ildə səhv eləmirsə, İslam oyunlarından əvvəl idi, 8 komandaya qərar verildi. Həyatdı da, davam edir futbol həyatı.
- Bu variantı AFFA-da demişdin?
- Yox-yox. O variant elə Frankfurtda qalmışdı. Qətiyyən ordan bu tərəfə gəlməmişdi. (gülür)...
- Görəsən kim uçurdub AFFA-ya bu məlumatı?! (zarafat)...
- Bir söz deyəcəm, bəlkə də bir çox adamın xoşuna gəlməyəcək. Bəlkə elə sənin də xoşuna gəlməyəcək. Ancaq mən Avropa oyunlarından sonra gördüm ki, müəyyən qədər təhsillə bağlı boşluq var. Özüm Slavyan universitetində Rusiyaşunaslığı bitirmişəm. Ancaq bir gün də olsun ixtisasım üzrə işləməmişəm. Ancaq futboldan sonra idman sahəsi, böyük idman yarışları və gördüm ki, tələbat var. Moskvada Ali İqtisadiyyat Universitetinin FİFA ilə bir yerdə keçirtdiyi idman menecerliyi kursları var. Ora qəbul oldum və bitirdim. O ərəfədə başa düşdüm ki, oxuduqca anladım ki, kimlərinsə xoşuna gəlməsə də, aparılan siyasət düzgündü. Niyə? Klubların lisenziyalaşdırma qaydası var. Klublar lisenziyalaşdırmadan keçirlər, ancaq bəziləri cığallıq da edirlər. Qaydaları bilməyənlər var və nəticədə diviziondan klub çıxmır. Son illərin ən gözəl nümunəsi "Vətən" komandasıdır. Onların "Sabah" olaraq davam etməsinı proqnozlaşdırmırdım. Heç diviziona çıxacaqlarına da inanmırdım. Amma həmişə deyirdim ki, onların apardığı futbol siyasəti idealdır. Aşağı yaş qrupundan başlayaraq davam edir. Və təbii ki, bir yerdən sonra divizion səviyyəsinə gəlir, sponsor cəlb edir. Əslində 300 min manatlıq qarantiya məktubu böyük bir şey deyil. Gələcək modelinə baxanda bir hissəsini lap hansısa rayondursa, İcra Hakimiyyətinin verməsi problemli bir şey deyil, əlavə 200 min də tapmaq çətin bir şey deyil. Sadəcə klubların işləməsi lazımdı. Bizdə isə buna öyrəşməyiblər. Bizdə öyrəşiblər mərkəzdən pul ayrılmasına. Problem də ondan yaranır. Ona görə 8 sağlam komanda olsun... Düzdü, yenə deyəcəksiniz ki, çoxu AFFA-dan maliyyələşir, amma hələki reallıq budu. Hələ ki, öyrəşməyiblər...
- Bəs indiki klublar "sağlam"dı?
- Klubların akademiyaları var, aşağı yaş komandaları var. Problemlər də var. Onu istina etmirəm. İstənilən komandamızda problem var. Amma təəssüf ki, ən çox qabaran maliyyə problemidi. Heç kimi qınamıram klublardan, sadəcə biz Avropa modeli ilə işləməyə alışmamışıq.
Bir neçə il öncə AFFA-nın binasında Avropa Klublar Assosiasiyasının buraxdığı klub idarəçiliyi kitabının I nüsxəsini tapmışam. İngilis dilində olduğu üçün heç kim yaxın durmurdu. Qalın kitabdı. Uşaqlara dedim ki, sizə lazım deyilsə, götürüm. Bizə lazım deyil dedilər, sadəcə masa üzərində qalmışdı. Götürdüm və onu oxudum. Çox gözəl məlumatlar, tövsiyyələr var. Klub fəaliyyətinin hər bir sahəsi necə qurulmalıdır qeyd olunub. Təbii ki, müasir modeldən söhbət gedir.
- Bu müsahibə vasitəsi ilə klublarımıza o kitabdan oxuduqların əsasında nəyi tövsiyyə edərdin?
- İlk növbədə təhsil. Komandalarda işləyən menecer uşaqlarla çoxdan tanışıq. Onların bir çoxu UEFA-yanın təşkil etdiyi futbol menecerliyi kurslarını bitiriblər. Həqiqətən bu sevindirici haldır. Amma bunu klubdan bir-iki nəfər eləməli deyil. Marketinq sahəsidirsə, o sahəni bilən adam olmalıdı o işdə. İdarəçilikdirsə, idarəçi olmalıdır. Yəni, mən "Mamed”i tanıyıramsa, "Mamed”i gətirim işləsin... Elə şey olmaz. Və yaxud da sən neçə ildir işləyirsənsə, kifayət qədər idman menecmentliyinə aid kurslar var, zəhmət çək təhsil al. Azərbaycanın özündə belə bir proqram var, bu il deyəsən ilk məzunlar olacaq. İdman menecmenti proqramı var. Baha da deyil. Azərbaycan reallığı üçün normal qiymətdi. Sadəcə oxumaq lazımdı. Bir çox suallar avtomatik olaraq ortadan qalxacaq. Marketinqdi, stadionların idarə olunmasıdı, klubun idarə olunmasıdı və s. bir çox aspektlər var orada. Sadəcə o məsələlərə peşəkar yanaşmaq lazımdı. Başa düşürəm, əməkdaş saxlamaq çətin məsələdi. "Karvan"da işlədiyim vaxtlardan bilirəm. Bəzən ştatı azaldıb, bir-neçə işi bir adama yükləyirdilər. Bu da yekunda klubun məhvinə gətirib çıxarır. Bəlkə də "Karvan" yeganə komandadır ki, məhv olunmasında nə AFFA-nı, nə də PFL-i qınamadı. İndiyə kimi də heç kim qınamır. Öz qərarımız idi. İstəmədik, davam etmədik. Dediyim kimi, biznes proyekt deyildi. Amma davam etdirmək olardı. Artıq 15 ili tamam olub bu il. 2004-2007-ci illərdə "Karvan"ın "qızıl heyəti" sayılan uşaqlarla əlaqə saxlayırıqsa, hər dəfə mən demədən özləri "heyf o vaxtlardan" deyirlərsə, demək ki, bu klub ideal olub. Özləri deyirdilər ki, bizə elə şərait yaratmısınız ki, ancaq oynamaq qalır. Komanda meydana çıxanda uduzmaq ağıla gəlmirdi. Təbii ki, uduzmaq da mümkündü. Sadəcə oyun ərzində taktiki gedişləri, futbolçuların özlərini aparması, mübarizlik. Görürdün ki, bunlar oynamaq istəyirlər. Oynayacaqlar da. Məğlub olsalar belə, deyə bilmirdin ki, niyə uduzduz? Çünki görürdün ki, can qoyurlar meydanda.
- Kövrəldim... (Susqunluq).... Klub menecmentliyi ilə bağlı məsləhətlərdə qalmışdıq...
- Dediyim kimi, ilk növbədə təhsil. Adi təhlükəsizlik mövzularında belə... İstər stüartlar olsun, istər könüllülər olsun. Şükürlər olsun ki, klublarımız avroliqanın final mərhələsinə düşdükcə, müsbət tendensiya sezilir. Amma eyni şeyi ölkə çempionatında da tətbiq etmək lazımdı. Ölkə çempionatında beynəlxalq standartı tədbiq edəndə, klublarımıza da Avropada yarışmaq daha asan olacaq.
- Mövzudan mövzu yaranır. Deyirsən təhlükəsizlik ölkə çempionatında da yüksək səviyyədə tətbiq edilsin. Axı onlar ölkə çempionatında kimi qoruyacaq? Bəyəm ölkə çempionatını izləməyə gələn azarkeş var ki?!
- Ooo. Ən böyük problem! İşləmək lazımdır. Adi bir şey deyim. Ötən mövsümün əvvəlində "Neftçi” Bakcell Arena`da azarkeşlər üçün fan-zona təşkil etdi. Rüstəm Allahverdiyevlə danışdım və hansı şəkildə iştirak edə biləcəyimi soruşdum. Azarkeşlərlə işləmək istəyirdim. Yoxlamaq istədim, bəlkə doğrudan da alınmır?. İnanırsan, çətin də olsa, mən bu yaşımda gedib orada piştaxta qurdum və "Neftçi" fan-klubunun azarkeşləri üçün yemək-içmək təşkil elədim. Düzü, ilk oyunda hesabı çox götürdüm, biraz ziyan etdim. Ancaq digər 4 oyunda qazanc əldə edə bildik. Bu mənim üçün təcrübə idi. Həqiqətən də, orada işləyib qazanc əldə etmək olar. Mümkündü, sadəcə işləmək lazımdı.
- Görəsən əvvəllər tribunalarda simit satan dayılar da yaxşı qazanc əldə edə bilirdi?
- Onlar ilk hissədə 100 dənə gətirib satıb, ikinci hissədə yenə 100 dənə gətirirdilər. Ola bilər ki, kiməsə pul ödəyirdilər deyə yaxşı qazanc əldə edə bilməsinlər. Ancaq biz yoxlamaq üçün sınaqdan keçirdik. Çox istərdim ki, digər klublar da fan-zona təşkil etsinlər. Hətta biz "Neftçi"nin oyunundan çıxıb getdik "Səbail"in oyununa. Onda da kifayət qədər azarkeş gəlmişdi. Gördüm ki, orada da potensial var. Həvəs yarandı ki, onlarla da işləyim. Bir balaca şəxsi işlərimə görə davam edə bilmədim. Amma potensial var. Sadəcə düzgün işləmək lazımdı. Ya klub özü işləməlidi, ya da hər hansısa şirkətə verməlidir bu iş. Uyğun şərtlərlə.
Bu il də təşkil olunsa, "Neftçi"nin fan-zonasında işləmək istərdim. Ləzzət edir insana. Bəlkə də illər sonra işimi gücümü atıb, bir şirkət yaradıb, bu işlə məşğul olacam.
PFL-də işlədiyim vaxt idi, rəhbərliyi razı saldım və universitetlərdə sorğu keçirdik. 5 universitet seçdik, 600 tələbə. 60/40 nisbətində oğlan və qız tələbələr. Potensial ailə başçıları və yaxud işləyən pul qazanan insanlar. Sorğunun mövzusu bu idi ki, stadiona gedəndə nə qədər pul xərcləmək istərdiniz? Və o xərclənən pulun müqabilində nə götürmək istəyərsiniz? Soruşulanların çoxu azı 5 manat ödəməyə hazır olduqlarını bildirmişdi.
Bəlkə də yadına gələr... 2009-cu ildə Kubokun finalına belə standart qiymətlər 1-2 manat idi. O araşdırmadan sonra qiyməti qaldırdıq 5 manata. Yenə də "Tofiq Bəhramov" doldu. Potensial var, sadəcə araşdırmaq lazımdı. Hərdən stadiona elə azarkeş gəlir ki, cibində 1 manatı belə yoxdur. Başa düşürəm, klub sevgisi var. Amma futboldan qazanmaq istəyirsənsə, istiqaməti dəyişməlisən.
"Qarabağ"ın "Frankfurt"la səfər oyununa gedirdik. Səhv eləmirəmsə, həftənin 4 ya 5-ci gün püşk atıldı. 24 saat ərzində 45-50 minlik stadionun biletləri satılıb qutarmışdı. Onlara fərqi yoxdu rəqib "Qarabağ"dı, ya "Mançester Yunayted", sata bilir. Çünki onlar artıq sistemi qurublar və relsə düşüb. Artıq loyal müştəri var. Bu adamlar işini gücünü atıb, ilin 25-30 gününü kluba ayırmağa hazırdı. Və buna görə pul ödəməyə hazırdı.
- Bizdə bu ancaq "Xəzər Lənkəran"da olurdu. Hər oyununa bilet satışı olurdu.
- "Xəzər Lənkəran"ın azarkeşləri möhtəşəm idi. Klubun ən zəif vaxtında belə 10 min azarkeş gələrdi. Bu klubun işi ilə yanaşı, komandaya olan sevgidən irəli gəlirdi.
Çox istərdim ki, "Xəzər Lənkəran", "Bakı" kimi komandalar Premyer Liqadan düşəndən sonra, yox olmayayadılar. Düzdür, "Bakı" bir müddət divizionda iştirak etdi. Bu komandaların hər şeyi var idi. İndi "Xəzər Lənkəran" aşağı yaş qruplarından dirçəlməyə başlayır. Amma o bir neçə illik ara oldu ha, o fasilə olmamalı idi. Hakimə bağlayırsan, nəyə bağlayırsan, ama yenə də I Diviziona düşəcəyi bəlli idi. Çünki klub ona doğru yuvarlanırdı. Divizionda düşəndə ola bilsin ki, həmin maliyyə olmasın, amma klubu diviziondan Premyer Liqaya çıxartmaq nəyə desən dəyərdi. Azarkeş sayın 2 qat artacaqdı. Necə ki, "Kəpəz" diviziondan yenidən bərpa olundu. Problemlər də oldu. Bİraz stadion problemi, biraz kluba nəzarət, maliyyə ayrılması və s. çox məsələlər oldu klubda, amma klub diviziondan qalxanda onun ləzzəti ayrı olur. "Karvan" da, "Xəzər Lənkəran" da birbaşa Premyer Liqaya gəlmişdi. "Bakı" "Dinamo"nun əsasında qurulmuşdu. Dünyanın heç bir yerində belə br şey yox idi, bu iki komanda sıfırdan yığılıb birbaşa Premyer Liqaya gəlmişdi. Ancaq MLS-də ola bilir. Görürsən yenə paralellər var. MLS məsələsi... Strukturun, maliyyən varsa, yaxşı. Düşdün, heç nə olmaz. Deyirlər, yıxıldın qalx ayağa tozunu sil yola davam elə.. Mən əminəm ki, "Xəzər Lənkəran" onda daha güclü olacaqdı. Elə futbolçuları olardı ki, pula görə yox, sırf komanda üçün gəlib oynayacaqdı. Çünki o komandada həqiqətən başqa ab-hava vardı. Stadionda isə atmosfer bir başqa idi.
- Biz jurnalistlər 8 komandalı çempionat sistemini qınayanda, kənardan baxıb elə tənqid edirik deyirlər. Sən isə bu işin içindəsən deyə, bu mövzuda fikrin maraqlıdı. Başa düşürəm ki, sponsorlar üçün Bakıda işləmək, burada iş qurub yönəltmək daha rahatdi. Ölkə futboluna ən çox futbolçunu Tovuz, Gəncə zonası verib. Əgər həqiqətəndə məqsəd futbolu inkişaf elətdirməkdirsə, paytaxtakı bir neçə klubu yerinə bölgə klublarına dəstək olub daha çox futbolçu yetişdirmək, daha çox inkişaf əldə etmək olmazmı?
- Düzdü, bu bölgələrin ölkəyə qazandırdıqları futbolçular çox olub, razıyam. Son 10 ili götürdüm. Demoqrafiyaya görə. Fikirləşək ki, Azərbaycan əhalisinin neçə faizi Bakı və rayonlardadı. Real olaraq 40-50 %-ə yaxınlaşır. Ona görə klubların çoxunun Bakıda məskunlaşmağı normaldı. Bəli, mən razıyam ki, klublar bölgələrdə inkişaf etməlidir.
- Amma sadəcə Bakıda futbolu inkişaf etdirməklə olmur axı, bütün Azərbaycanda inkişaf olmalıdır...
- Söhbət inkişaf elətdirməkdən gedir. İstənilən idman klubu regionun inkişaf planının bir hissəsi olmalıdır. İstənilən regionun İcra Hakimiyyətində idmana ayrılan vəsait var. Artıq yerli İcra orqanımı deyim, yerli camaatmı deyim, bir balaca bir-biriləri ilə ünsiyyətdə olmalıdırlar. İcraya müraciət etmək lazımdır ki, əgər idmana vəsait ayrılırsa, biz istəyirik ki, bizdə komanda olsun. Təbii ki, aydın məsələdir ki, Premyer Liqada klub saxlamaq 300 minlə başa gəlmir. Aşağı-yuxarı 1-2 milyon lazımdı. Bunu da 8-ci yeri tutacaq komanda üçün deyirəm. İcraya pul ayırıblar. İcra sənə stadionla, nəqliyyatla kömək edə bilər. Bu imkanına daxildi. Təbii ki, əgər regionda "Karvan" kimi güclü klub yaranarsa, artıq region rəhbərliyi sponsorlar cəlb edə bilər. Növbəti illərdə daha çox vəsait ayrılması üçün sorğu göndərə bilər. Müasir futbolun da tendensiyası odur ki, sən yerli İcra Hakimiyyətindən asılılığı minimuma endirməlisən. Mənim ideal olaraq bəyəndiyim Amerika Futbol Liqasının modelidir. PFL-dən olan uşaqlar Aslan, Zamiq, Elgiz, Nihad bilirlər ki, bir ara MLS liqasının strukturunu dərindən öyrənirdim. Hətta onlarla əlaqə də qurmuşdum. Faktiki olaraq hazırda bizim liqa qeyri-rəsmi olaraq MLS-dir. Nəyə görə? Premyer Liqada olan klublar lisenziya şərtlərini ödəyirlər və qalırlar. Düzdü, hardasa idman prinsipi pozulur, amma hər il diviziondan hansısa lisenziya şərtlərini ödəməyən komandanın çıxıb yenidən diviziona dönməsi... Niyə çıxa bilmirlər Premyer Liqaya? Premyer Liqada lisenziyalaşma qaydasına görə, qadın futbolunun olmasını şərtdir, neçə klubumuzun qadın klubu var?
- Hakimlik vaxtlarında qızlar liqasının oyunlarına göndərirdilər. Sənə danışıram 2010-cu ildən bu tərəfə. Heç böyük futbolu, kişilərdən ibarət klubu olmayanda rayonların, məsələn İsmayıllı, Qax, Balakənin qızlardan ibarət komandası var. Anormallıq hər sahədədi. Heç bir şey bir-birini tamamlamır.
- Elədi. Müəyyən bir reallıqlar var. Bakının özündə belə qadın futbolçu tapmaq çətindi. Rayonda 10 qat çətindi. Mən əlimdə bayraq eləmirəm ki, qadın futbolu yoxdu deyə lisenziya verilməməlidir.
- Güya Premyer Liqada lisenziya almış klublarda qadın futbolu varki?! Misal çəkək, "Qarabağ"ın var, "Zirə"nin, "Səbail"in var və yaxud da digərlərinin var?
- Dəqiq məlumatım yoxdu. "Vətən"i bilirəm.
- "Vətən" və "Neftçi" İSM-də var. "Sumqayıt"da var. "Keşlə" var, ancaq klubdan dəstək aldığını bilmirəm. Digər Bakıda olan komandalar isə məktəblərindi.
- Elə ona görə dedim ki, sırf qadın futbolunu bayraq eləmirəm.
- Yox, sadəcə müzakirə edirik...
- Nəyə görə deyirəm?! Şərtlər bir çoxdu. Oxuduqca yaxşı mənada şok oluram. O qədər adam yanıma gəlib ki, kömək et, I Diviziona komanda buraxmaq istəyirik. Deyirəm ki, yeni komanda yaratma. Pul buraxmaq istəyirsənsə, Tovuz, Gəncə var. Gəl səni calaşdırım onların rəhbərliyi ilə. Demirəm ki, 300 mini dərhal ver. 100-150 min ver. Bu həm sənin üçün böyük bir təcrübə olacaq, klub da əlavə bir il maliyyə çətinliyi görməyəcək, daha yaxşı oyunçular yığacaq, Premyer Liqaya çıxmaq şansı qazanacaq. Hamısı dərhal geri addım atır. Deyirəm niyə geri çəkilirsiz, axı az əvvəl 300 min verməyə hazır idin. Mən sənə təklif edirəm ki, 100-150 min ver. Birbaşa klubun özü ilə danışırsan, yatırım edirsən. Bəlkə orda futbolçu çıxara bildin, yeni bir ideya gətirdin. Adamlar geri addım atırlar.
- Maraqlıdır ki, I Divizionda iddialı olan komandalar əvvəlcədən bilmirlər bu şərtləri? Sonra çempon olduqdan sonra Premyer Liqaya çıxa bilməyəndə hay-həşir düşür.
- Futbol Liqasında işləmiş biri olaraq onu deyim ki, bəzən Divizionda çıxış edən komandanı belə iştirak üçün razı salmaq çətin olur. Eləsi var deyir ki, istəmirəm, oynamıram.
- Düzdü, bəzən kubokda çıxışdan imtina edənlər olurdu...
- Demirəm məcburi. Rəhbərlik səviyyəsində söhbət edəndə dedik ki, sən də, köklü komandanız olmayanda kim oynayacaq divizionda. Adam deyir çıxmaq istəmirəm ora. Premyer Liqa istəyirıər, Divizion yox. Amma baxırsan Premyer Liqa səviyyəsində deyil. Divizionda oynamağa məcbursan.
- Belə çıxır ki, ölkədə heç kim futbolun inkişafında maraqlı deyil...
- Yox, yox. Dediyim kimi, təməlində müəyyən bir bilik dayanmalıdır. İndi deyəcəyimi oxuyanlar deyəcəklərdi PFL-də işləyib deyə AFFA-nı tərifləyir... Qıraqdan AFFA-nın gördüyü işlərə qiymət vermək lazımdı. AFFA heç nəyi özündən uydurmur. UEFA-nın qoyduğu inkişaf strategiyası var. O strategiyanı Azərbaycan və ya bir başqa ölkəyə uyğunlaşdıraraq eyni strategiya ilə getməlidirlər. UEFA-nın nə marağı var ki, məsələn İslandiyanı inkişaf elətdirsin, Azərbaycanı inkişaf elətdirməsin. Çox adam İslandiya modelini misal göstərir. Ancaq İslandiya ilə Azərbaycan modeli arasında ciddi bir fərq yoxdu. Hətta çox adam deyir ki, İslandiyada süni meydança yoxdu. Var, ancaq çox deyil. Sadəcə olaraq onlarda futbolçular da oynamaq istəyirlər. Və tək öz ölkələrində yox, ölkədən qırağa da çıxmaq istəyirlər. Üstəgəl onların pasport problemi də yoxdu. Avrozonadı Şengen var. Bir ölkədən digər ölkəyə miqrasiya rahatdı. Bizdə elə problemlər var ki, insanlar küçümsəsə də, böyük problemlərdi. Azərbaycan oyunçusu istənilən xarici ölkədə legioner sayılır. İstər postsovet məkanı olsun, istər qardaş Türkiyə olsun. Ən yaxşı oyunçu belə Avropanın top-5 ölkəsinə gedə bilmir. Ya gərək fantastik istedadlı bir uşaq olsun, desinlər götürürük. O da alınmır. Məcburdu Portuqaliya. Belçika, Hollandiya, İsveçrə kimi legioner limiti böyük olan ölkələrə gedə. Bu ölkələrdə çıxış etməyə məhkumdu. Niyə? Çünki biz hələ ki, Avrozonaya daxil deyilik. Bu reallıqdı. Ona görə azərbaycanlı futbolçu fikirləşir ki, mənə vətənimdə 4-5 min manat verirlərsə. Ki buna Azərbaycan ölçüsünə görə kifayət qədər yaxşı məbləğdi, elə öz ölkəmdə oynayım. Çevirəndə onu edir 2-3 min avro və bu da gəlir Pribaltika ölkələrinin səviyyəsi ilə eynidi. Amma belə baxanda Pribaltikadan gələn oyunçuları da artıq bəyənmirik. Yenə də MLS-ə doğru getmə yaranır. Maaş tavanı. Onlarda sistem elədir ki, maaş müəyyən miqdardan yuxarı ola bilməz. Ona görə özünü nə qədər yorsan da, 1 milyonu heç kim verməyəcək. Oyunçu da bilir ki, qazancı maksimum budur, özünü yaxşı göstərsə, əlavə marketinqdən , bonuslardan qazana bilər. Elə situasiya olub ki, "Karvan"da 50 minlik oyunçu gəlib deyib ki, 150 minə istəyir. Sadəcə başqa oyunçu olmayıb deyə əl sıxıblar onunla. Birdən-birə adam üçqatını qazanıb. Rahatlaşmazmı? Tək "Karvan"da yox, hamısında belə olub. Oyunçu gəlib bizimlə danışıb, avansını da alıb. Axşam zəng ediblər ki, 3 qat çox veririk. Səhər gəlib avansını qaytarıb və müqavilə bağlamamışam hələ, mən getdim deyib.
- O vaxtlar transfer dönəmi çox maraqlı olurdu. Bir futbolçu üstündə klublar arasında yarışma gedirdi. İndi niyə o ajiotaj alınmır?
- Ooo. (gülür)... Biz edirik 15 ilin söhbətini. İndi gəl düşünək, hansı klublar gənc azərbaycanlı futbolçu üstündə mübarizə aparır. Sadəcə "Qarabağ" və "Neftçi". Misal üçün, "Neftçi" "Qəbələ"nin futbolçularını aldı. Həm də yetərincə futbolçu yoxdu.
- Bəs bu 15 ildə bu klubların uşaq futbolu niyə yetərincə futbolçu vermədi?
- Qəşəng... Uşaq futbolu niyə yetərincə futbolçu vermədi?! "Bakı"da türk məşqçi vardı. Onun vaxtında gələn uşaqlar, "İnter"də, "Qarabağ"ın özündə. Hansı ki, "Qarabağ" öz yetirmələrini əvəzedicilər turnirində heyətləri yığanda saxlamadılar, öz yetirmələrinə güvənmədilər. "Qəbələ"də azdan-çoxdan var. Özüm də maraqlanmışam. Arada gənc futbolçular lazım olurdu, Avropadan istəyirdilər. Tanışlarım 7-8 ildə "Qəbələ" akademiyasından çıxan uşaqları məsləhət görürdülər. Yadımdadı, Sadıq Quliyevi məsləhət görmüşdülər.
- Sözünü kəsirəm... Əvəzedicilər var. Hələ o vaxtı yadına gəlirmi, "Karvan"ın özündə "Karvan" - 2, 3, 4, 5 komandaları vardı. Bu bütün klublarda vardı. Ancaq problem odur ki, yetişdirirlər, ama Premyer Liqada çıxış edən komandasında oz yetirmələrinin çoxunu oynatmırlar, ordan-burdan xarici futbolçu alırlar.
- Məşqçi... "Karvan"da baş menecer işlədiyim vaxtlarda uşaq akademiyasına da baxırdım. Uşaq komandasına Akif müəllim baxırdı. Onun komandası turnirdə 3-cü yer tutdu. Ruslan Tağızadə həmin komandanın yetirməsi idi. O, bizdən "Neftçi"yə transfer olunmuşdu. Yevlax kimi komandadan o zamanlar 2-3 uşaq çıxmışdı. Hansı ki, böyük futbolda davam etdilər. Akif müəllimin yerinə Valeh müəllim gəldi. Onun dövründə komandadan çıxan futbolçu oldumu? Yox... Komandalarda idarəçilik, məşqçi dəyişən kimi gənc oyunçu vermək dayandı. Demək ki, müəyyən bir yanaşmadamı səhv var, ya məşqçilikdəmi səhv var, deyə bilmərəm. Amma faktiki olaraq son illər kifayət qədər A, B kateqoriyalı məşqçilərimiz var. Əgər onların dövründə bir futbolçu yetişməyibsə, demək ki, problem var.
Yeni məşqçilərə sözüm yoxdu, çox maraqlana bilmirəm, ona görə elə köhnələri misal çəkirəm. Bilirəm ki, "Qəbələ"nin akademiyasında kifayət qədər uşaq yetişir.
- Ancaq "Xəzər Lənkəran" öz yetirmələrinə şans verirdi. Misal üçün, Orxan Sadıqlı, Kamran Abdullazadə, İlqar Tağıyev, Elnur Cəfərov...
- Bəli. İbrahim Qədirzadə də vardı.
- Bu komanda öz yetirmələrinə şans verirdi...
- Məncə, axır mövsüm əlacsızlıqdan oynadırdı.
- Niyə, Orxan Sadıqlı gör nə vaxtdan oynayır. Hələ Kamran Ağayevin dövründən.
- Yeri gəlmişkən, belə bir məqamı qeyd edim ki, "Bakı"nın öz akademiyasında belə, səhv eləmirəmsə, Bəxtiyar Soltanov və iki nəfər oyunçu təcrübə üçün "Anderlext"ı yollanmışdılar. Deyəsən Orxan da Almaniyaya getmişdi. Bu uşaqlar təcrübə keçmək üçün Avropaya gedəndə artırırlar. Nəsə bizim yanaşmamızda fərqli, çatışmayan cəhət var.
- Hərdən öz-özlüyündə düşünəndə, istər uşaq, qadın futbolu, istər klublar, istər millini, hara əl atırsan bir boşluq var. Ölkə futbolunu böyük bir "pazl" kimi düşünsək və hər bir sadaladığım qolları bu "pazl"a yerləşdirsən, baxırsan ki, hər nöqtədə çatışmayan əsas hissələr var.
- Belə bir sual verim. Hansı klubumuzun yaxın 5-10 il üçün planı var? Mən 5 il sonra, 10 il sonra klubu harda görürəm?! Bizdə problem odur ki, klub bilmir ki, gələn mövsüm oynayacaq, ya yox. Problemin kökü budur. Planın varsa, o plana uyğun hərəkət edirsən. Məsələn, yazırsan ki, 2 il sonra qadın futbolunu inkişaf elətdirmək istəyirəm. AFFA, PFL-ə müraciət edib Avropada qadın futbolunun necə inkişaf etməsi barədə məlumat, kömək istəyirsən. Əminəm ki, məsləhəti bizə pulsuz verəcəklər. İstənilən sahə üzrə, istər qadın futbolu, istər kişi futbolu, istər uşaq futbolu, istərsə də marketinq. Sadəcə soruşmaq lazımdı. Müraciət edin AFFA-ya, PFL-ə. Ki fılan məsələdə mənə kömək elə. Hamısının çıxışı var. Neçə klub deyə bilər ki, biz müraciət etdik, amma kömək eləmədilər. Mən inanmıram ki, kimsə desin ki, biz müraciət elədik, bizi veclərinə almadılar, kömək etmədilər, istəmədilər inkişaf edək. Yoxdu belə bir şey. Bayaq dediyim kitabın tərcüməsinə də başlamışam. İcazə verilsə, onun çapına da hazıram. Öz vəsaitim hesabına çap edib klublara paylayım ki, sadəcə oxuyun.
- Bununla bağlı AFFA-dan dəstək alıb kurs da təşkil edə bilərsən...
- Mən ona o qədər vaxt sərf edə bilmərəm. Sağ olsun AFFA, futbolun təməli olan lisenziyalaşma ilə bağlı nə qədər kurs, görüşlər təşkil edirlər. Mənə maraqlı olan odur ki, 1 il lisenziyadan keçə bilməyən komanda, növbəti illərdə gəlmir. Əvvəlcədən intriqa yaratmamaq üçün açıqlamırlar, iş sirri hesab olur. Amma özləri də bilirlər ki, klub müraciət etməyəcək. Deyir, iştirak eləmirəm, mən onu yerinə yetirə bilməyəcəm, özümü niyə biabir edirəm yalandan. Ancaq mətbuata danışanda deyirlər ki, bizi buraxmırlar. Günahkar AFFA ilə PFL-dir. (gülür)...
- Orası düzdü, istər mətbuatda, istər cəmiyyət arasıda həmişə günahkar AFFA və PFL-di. Ancaq bəzi məqamlarda səninlə razıyam. Misal üçün, böyük futbol səhifələrinin birində ironiya ilə paylaşılmış bir şəkil gördüm. Ki, "Ermənilərin "playstation"da bu azərbaycanlıdı oynatmıram deyəcəkləri futbolçumuz yoxdu. Təşəkkürlər AFFA"... (gülür)...Burada mənim fikrim odur ki, futbolçu öz üzərində işləmirsə, ölkədən xaricə çıxmırsa, "elə burda qalım pul qazanım, onsuzda məni oynadacaqlar" fikri ilə yanaşırsa, burada AFFA nə etsin?! Bu artıq məncə, futbolçuların öz problemidi, öz səhvləridi. Özün də bayaq dediyin kimi, Azərbaycan reallığı üçün kifayət qədər yaxşı maaş alırlar və ölkə xaricində gedib az pula oynamaq istəmirlər. Yəni, əsas inkişafı yox, pul, rahatlıq, evdə olum fikri ilə yanaşırlar.
- Niyə ki, "playstation"da Ramil Şeydayev var. Çoxları bəyənməsə də, ərköyün olsalar da, Dadaşov qardaşları. Elə Dmitri Nazarovu da qeyd edərdim. Hansı daha çoxdur: erməni oyunçular, yoxsa bizimkilər?!
- Amma dünya, Avropa səviyyəli, elə Mxitaryanı misal çəkək, onun səviyyədə futbolçumuz yoxdu...
- Dünya səviyyəli olmaq üçün, bayaq dediyimiz "pazl"da çox şey üst-üstə gəlməlidir. Mən Mxitaryanı tərifləməyəcəm. Amma sadəcə haqqında oxuyun ki, o, Ermənistandan Ukraynaya keçəndə "Şaxtyor"da öz istədiyi şərtləri qoyub. Komandanın bazasında qalıb, məşq edib, qırağa çıxmayıb... Bir məsələyə qarmaq atacam. Bir dəfə İsmayıl Məmmədovdan soruşdum ki, mən bilirəm ki, sənin vurduğun "ştrafnoy"ların 10-dan 9-u qapıdan keçəcək. 1-də uzaqbaşı tirə dəyib qayıdar. Necə edirsən? Dedi ki, mən "Şəmkir" hər məşqdən sonra qalıb 100 dəfə cərimə zərbəsi vururdum. Hər gün...
- Nizamı Gəncəvinin "Fitnə" obrazı kimi... Vərdiş halına çevrilib artıq onda...
- Bəli. Deyir var ki, 10 min zərbə vuran adamdan qorxmuram, bir zərbəni 10 min dəfə məşq edib, mükəmməl biləndən qorxuram. İndi gəl öz üzərində işləmək istəyən insanla digərlərini müqayisə edək. Neçə futbolçu məşqdən sonra qalıb əlavə məşq edir? Çox adam bunu bilmir. Bizim "Karvan"ın Bakıdakı bazası "Şəfa"dan çox da uzaq deyildi. Ayaqqabı fabrikinin yanında yerləşirdi. Gedəndə öz avtobusumuz ilə gedirdik. Məşqdən sonra 15 dəqiqə-yarım saat Yakuba Bamba, Bəşir Müqədi, Süleyman Kamara, Ernani Fereyra, Markus Fereyra və gənc oyunçumuz Samir Abdulov onlarla birgə qalıb məşq edirdilər. Stadiondan bazaya 5 dəqiqəlik yoldu. Stadiondan birinci öz uşaqlarımız minirdi avtobusa. Ancaq onlar stadiondan bazaya gəzə-gəzə, ya da yüngül qaçışla qayıdırdılar. Əlavə olaraq fiziki forma üçün qatqı olsun deyə... Sual: Kim daha yaxşı oynayırdı?
- Təbii ki, legionerlər. Demək ki, bizdə alınmamasının səbəblərindən biri də bizimkilərə xas olan mental xüsusiyyətlərdi. Əsas odu pul gəlsin, inkişaf olmasa da olar.
- Bəli. Müqayisə üçün başqa misallar çəkim. Son çempionatlarda komandalar gündə neçə məşq keçirlər?
- Cəmi 1 dəfə.
- İki dəfə məşq keçən nadir hallarda olur. "Karvan"da bir məşq söhbəti yox idi.
- Yadımdadı. Səhər ertədən və axsam tərəfi...
- Hələ Fuad Yamanın vaxtında 3 dəfə məşq olurdu. Onda uşaqlar ləhliyə-ləhliyə gəlirdilər. Üzr istəyirəm ifadəmə görə. Müqayisə xərtlərinə dəyməsin. Ləhləyərək gəlirdilər ki, nəfəsimiz çatmır. Demirəm Fuad Yaman yaxşı məşqçi idi. Müəyyən müsbətləri vardı, amma mənfiləri daha çox idi. İlk dəfə bizdə belə bir şey olmuşdu, adam dedi ki, məşqə hamı "şitki" ilə gəlsin. Dedi ki, mən sizdən məşqdə də oyundakı kimi mübarizə aparmaq gözləyirəm. Yeganə Cəmşid Məhərrəmov geyinmişdi. Fuad Yaman bizim oyunçulara biraz ağır gəldi. Ona görə də Fuad Yaman bizdə işləmədi.
- 2005/06-ci illər mövsümü idi. İlk iki turda "Bakı"ya (0:1) və "İnter" (2:1) uduzduqdan sonra istefaya göndərildi. Onu deyəsən heç Yevlaxda görə bilmədik. Hər iki oyun səfərdə olmuşdu...
- Təbii ki... Çempionluğa oynayan komandanın ilk iki oyunda və əsas rəqiblərinə qarşı matçda xal itirirsə, sözsüz getməli idi. Ortada oyun yox idi. Məsələ budur. Daha çox şikayət eşidirdik haqqında. Futbolçular ola bilər ki, şəxsi mövqelərini bildirirdilər. Biri var bir-iki nəfər deyə, biri də var hamı deyirdi ki, qardaş bu məşq keçmir. Bu adam ancaq fizika ilə öldürür bizi.
- "Torbasını tikdilər"?
- "Torba tikmək" deyəndə nəyi nəzərdə tutursan?
- Yəni, uşaqların ondan narazı olduğunu deyirdin. Səncə, bu iki oyunda gücləri çatmadı, yoxsa qəsdən oynamadılar ki, onu komandadan yollasınlar?
- Yox, qəsdən oynamadılar söhbəti yox idi. Nəyə görə? Çünki ondan əvvəlki mövsüm biz çempionluğa oynasaq da, "Neftçi" ilə (1:2) "Tofiq Bəhramov"dakı məşhur oyunumuzda başa düşdük ki. çempionluq əldən gedir. Axıra yaxın da müəyyən problemlər oldu, komanda qara zolağa düşdü, Zaur Ramazanovun hakimə kəllə vurması vardı, yəni. çox məqamlar üst-üstə düşdü. Artıq çempionluğun əldən getdiyi başa düşmüşdük. Amma növbəti mövsüm iştah gəlmişdi. Fantastik heyət düzəldilmişdi. Və Yunis Hüseynovun istefaya göndərilməsi kimi, Fuad Yaman kimi bir məşqçinin gətirilməsi surpriz idi. Çünki uğuru olmayan məşqçi idi.
- Sonra yenə Yunis müəllim qayıtdı. O, deyəsən Pro kateqoriyası oxumaq üçün getmişdi...
- Bəli. Yunis müəlllimin qayıtması gözlənilən idi. Faktiki onun komandası deyildi. Kifayət qədər yeni oyunçular gəlmişdi. Demək olar ki, komandanın onurğa sütunu getmişdi. Çox şeyi dəyişmək lazım idi. Ancaq o, qısa müddətdə komandanı ayağa qaldırdı. Növbəti oyunda 1:0 "Xəzər Lənkəran"ı udduq.
- "Karvan" Yunis müəllimin məşqçi kimi ilk komandası idi hə?
- Bəli.
- Bəzən deyirlər ki, məşqçiyə komandanı qurmaq, oturuşdurmaq, uğur qazanması üçün 5-6 il lazımdı. Yunis Hüseynov məşqçi kimi ilk ilində sıfırdan yığılmış komanda ilə ilk ilindəcə bürünc, ikinci ilində gümüş medal qazandı, kubokun finalıçısı . UEFA Kubokunda mərhələ adlayan ilk Azərbaycan klubu olaraq tarix yazdı. Yəni, əslində illər lazım olmadan da komanda qurub, uğur qazanmaq olar.
- "Karvan" Yunis üçün, Yunis isə "Karvan" üçün yaranmışdı. Fantastik bir şey idi. Məşqçilər korpusunu da özü seçmişdi. Tanıdığı insanları öz ətrafına yığmışdı. Üstəgəl futbolçuları. Gözəl bir balans yaratmışdı: gənc - təcrübəli, yerli - xarici. Müəyyən qədər bəzi məqamlarda Yunis müəllimlə Qurban Qurbanovu müqayisə edirəm. Onların oyunçu bəyənməyi çox gecdir. Gənc oyunçularla onlarda alınmır. Niyə? Çox iddialı olurlar deyə, itirməyə vaxtları yoxdu. Onlara hazır oyunçu verəsən.
Yunis müəllimin dönüşündən sonra "Xəzər Lənkəran"ı Bambanın möhtəşəm qolu ilə udduq. Üzünü çevirmədən vurmuşdu qolu. Bambadan qolu necə vurdun deyə soruşanda, dedi ki, "qapıçı topu atdı, sinəmə qəbul edəndə artıq gözüm öz qapımızda idi. Sadəcə qapı xəttinə yaxın olduğumu görürdüm. Öz qapımıza baxaraq arxada rəqib qapının olduğunu ölçüb vurdum və 9-luğa girib qol oldu". Martyoşkin heç nə edə bilməmişdi. Həqiqətən ağır qələbə olmuşdu. Amma o qələbə gəlməsə idi, çempionluq yolunda inanıram ki, o qədər çox gedə bilərdik.
- Zaur Ramazanov bizdən "Xəzər Lənkəran"a keçəndə bombardir kimi getmişdi. 2004-5-ci illər mövsümündə 21 qolla ən çox qol vuran futbolçu olmuşdu. Hələ yan xətt hakimi Aydın Ələkbərovu vurduqdan sonra 3 ay oynamamasına baxmayaraq, yenə də onun qol sayına çatan olmamışdı. "Xəzər Lənkəran"dan Samir Əliyev 20, "Karvan"dan Fərrux İsmayılov və "Xəzər Lənkəran"dan Oqtay Dərəlioğlu da hərəyə 17 qol ilə 3-4-cü yerləri bölüşürdülər. Ancaq fikir verdinsə, Zaur Ramazanov çox yaxşı formada olmasına baxmayarq, həmin il "Xəzər Lənkəran"da oynaya bilmədi.
- Çünki bütün komanda Zaura oynayırdı. O vaxtı bizdə qol vurana da, ötürmə verənə də mükafat vardı. İndiyə kimi heç komanda eşitmədiyim maraqlı bir yanaşma idi. Ona görə də, oyunlarımız çox qollu alınırdı, hücumçumuz qol vurmağa çox can atırdı. Amma Zaurun bitiriciliyi möhtəşəm idi. Mini futboldan gəlməsinə baxmayaraq...
- Onun 3-4 müdafiəçi arasından keçib qol vurduğu anlar vardı...
- Cox fantastik hücumçu idi. Fiziki gücünü 90 dəqiqə ərzində elə bölərdi ki, oyunboyu yorulmazdı. Ucaboy futbolçu deyildi, Amma texnikası var. Son 10 ildə onun kimi hücumçu gəlibmi bizə?
- Elə az əvvəl də onu qeyd elədim ki, Zaur Ramazanov çox yaxşı formada olmasına baxmayarq, həmin il "Xəzər Lənkəran"da oynaya bilmədi. Samir Əliyev "Xəzər Lənkəran"da lider idi. Zaur da "Karvan"da. Bir deyim var, iki qoçun başı bir qazanda qaynamaz. Həmin il Samir Əliyevlə Zaur Ramazanov tandemi alınmadı. Zaur "Karvan"dakı Zaur deyildi. Elə ilk mövsümündə "Qızıl oyun"da "Neftçi"yə uduzub gümüş medal qazanan "Xəzər Lənkəran" da uğursuzluğa düşmüşdü, mövsümü 7-ci yerdə başa vurdu.
- Ola bilər. Həm də belə bir şey var ki, o dövrün futbolçularını sayın. 2008-ci il, lap 2010-cu ilə qədər deyək... Millimizdə oynamış futbolçuların hər biri lider idi. Tərlan Əhmədov, Kamal Quliyev, Dmitri Kramarenko, Elxan Həsənov, Mahmud Qurbanov, Zaur Ramazanov, İqor Getman...
- Zaur Tağızadə, Qurban Qurbanov, Samir Əliyev, Fərrux İsmayılov.
- Hamısı lider idi. Sözdə yox e, komandasının aparıcı futbolçuları idilər. İndi lider olan kimlər var?
- Rəşad Sadıqovdan başqa kim var ki?!
- Rəşaddan başqa heç kim yoxdu. Görürsən, xırda problemlərdi, ama hamısı özünü büruzə verir.
- Emil, millinin son oyunundan sonra keçmiş və bu gün barədə düşündüm. O vaxtı futbolçu seçimi çox idi. 16-18 komandadan götürək lap 10-nunu. Orta hesabla deyək hərəsindən milliyə gedən 4-5 futbolçu getsin. Hər halda elə "Karvan"dan milliyə nə qədər futbolçu getdiyi yadındadır?! Hesablayan gör nə qədər futbolçu vardı. Hətta millinin heyəti açıqlananda hamı maraqla gözləyirdi ki, görəsən bizim komandadan kimləri dəvət edəcəklər. Daha indiki kimi eyni adlar deyildi. İndi isə sadəcə bir adam dəyişikliyi olanda artıq gözlənilməz bir hal olur. O vaxtkı futbolçularda böyük əzmkarlıq vardı, uduzsalar da, hara kimi bacarırlar əllərindən gələni etməyə çalışırdılar...
- Bəli... Onların məktəbi ayrı idi.
- Sözü hara gətirirəm, o futbolçuların müqayisədə hər şeyi vardı, əzmi, bacarığı. Amma niyə bizim millimizdə heç vaxt alınmadı?!
- Məşqçilər kim idi?
- Dünya şöhrətli məşqçilər gəldi bizə. Karlos Alberto Torres, Bert Foqts, Robert Prosineçki.
- Torresin öyrətdiyi yeganə bir şey xoşuma gəlirdi. Komanda qol buraxsa belə, hücuma gedirdi. Braziliya üslubunu aşılamışdı. Yenə ona görə sağ olsun...Ondan o tərəfə bir şey keçməmişdi.
- O futbolçular öz dövründə çempionatda "at oynadırdılar"... Amma di gəl ki, millidə...
- Son 15 ili götürəndə millimizə rəhbərlik etmiş iki məşqçinin komandası xoşuma gəldi. Bir Coko Hacıyevskinin, bir də Robert Prosineçkinin. Fikir verirsən, ikisi də Balkan ölkəsindəndi. Bu ölkəyə baş məşqçi qoyanda mentalitet bilən adam lazımdı. Yurçeviçlə bilmirəm nə alınar, nə alınmaz. Hələ bilmək olmaz.
- Bəli. Kimliyini xatırlamıram, ama bir müsahibim də demişdi ki, millimizə gərək bizim futbola yaxın ölkələrdən məşqçi gətirilsin.
- Mütləq. İlk növbədə bizim zəif yerimiz müdafiə xəttidi. Biz müdafiə olunmağı öyrənməliyik. Prosineçkinin vaxtında öyrəndik. Üstəgəl hücum etməyi... Avrokuboklarda çıxış edən komandalarımız hücuma oynayırlar, demirəm "Qarabağ", ya "Qəbələ" müdafiədə oturur, hücuma oynayırlar. Ama götür ki, onların hücum xəttində olanlar əsasən xaricilərdi. Azərbaycandan oyunçular olmalıdı. İlk növbədə az qol buraxaraq məğlub olmağı yox, nə olursa olsun qələbə qazanmağı düşünmək lazımdı. O mentalitet dəyişməlidi.
- O vaxtı futbolçular arasında mübarizə gedirdi ki, milliyə dəvət alım. Filankəsi yox, məni çağırsınlar. Amma indi o rəqabət də yoxdu. Çünki seçim etmək üçün yetərincə futbolçu yoxdu. Bu da futbolçu da arxayınlıq yaradır. "Əşi, onsuzda məni çağıracaqlar" deyib, pulu cibinə qoyub oyunları yolla verirlər.
- Gəldik çıxdıq limit məsələsinə. Bizim futbolda olan 6+5, "Karvan"ın evini yıxan 8+3 limiti. Ən gözəli edirsən ümumi limit. Yəni 25-30 nəfərlik heyətdə , yarısını yerli, yarısını legioner edirsən. Kim oynayacaqsa, məşqçi onu buraxsın. Lap istəsən 10 nəfəri də xarici buraxasan meydana.
- O vaxtı "Karvan"ın UEFA Kubokunda "Spartak"la oyununda da 10 nəfər əcnəbi idi.
- Bəli, avrokubok oyunlarından ancaq xaricilər olurdu meydanda. Bir qapıda Elxan Həsənov idi. Yerdə qalan bütün oyunçular xaricilər idi. Yerli oyunçuların xətrinə dəyməsin, həmin dövrdə legionerlərimiz olmasaydı, mərhələ adlaya bilməzdik.
- Orada əsas nəticə idi.
- Yəni, görürsən nə qədər momentlər var. Hər bir sahədə. Ona görə istər federasiya olsun, istər futbol liqası olsun, onlar üzərlərinə düşən işləri görməyə çalışdılar. Ən azından uzun müddətli, qısa müddətli stradegiyalara uyğun hərəkət edirlər. Klublarda isə o strategiyanın olub olmadığını mən bilmirəm. "Karvan"dan deyə bilirəm ki, deyəsən sonuncu mövsüm idi. İyun ayı idi. Aslanla oturmuşduq. Cümə günü idi. Müdriyyət zəng elədi ki, neyniyirsiniz? Dedim ki, heç nə istirahət edirik, xəbər-ətər yoxdu. Dedilər ki, sabah gəlin büdcəni hazırlayın, komanda olacaq. Gəlirsən hazırlayırsan, oyunçuların maaşlarını bölüşdürürsən. Əlində oyunçu yoxdu və maaşa görə oyunçu tapmalısan. Situasiya belə idi. 3 ay əvvəl göndərdiyin futbolçunu məcbur geri çağırırsan. Ki qaytar, başqa seçimimiz yoxdu. Təbii ki, o futbolçu da səndən ikiqat maaş istəyəcək. Çünki bilir ki, başqa variantın yoxdu. Bunlar isə hamısı plansızlıqdan irəli gəlir.
- O qədər müzakirə olunası mövzu var kı... Gəl, biraz da mətbuatdan danışaq. Həm klub, həm PFL işçisi olmusan. Bizdən daha çox futbolun içində olmusan. AFFA-nı tənqid edirik. klubları tənqid edirik, futbolçuları tənqid edirik. Nələri haqsız tənqid hesab edirsən? Nələri oxuyanda, "axı bu belə deyil, elədi, bilmədən niyə yazırsız", deyə düşünürsən?
- Jurnalistlərin tənqid etməsi yaxşıdı. Müəyyən problemləri qabardırlar. Bu o deməkdir ki, biganə yanaşmırlar. Bir növ xalqın gözü kimi... Tənqid varsa, demək problem var. Ola bilər, son vaxtlar çox jurnalistin yazılarını oxumuram, sadəcə sənə bir sual verim? Hansı idman jurnalistimiz Premyer Liqanın oyunlarını analiz edir. Varmı elə jurnalistimiz?
- "Futbol+" qəzetində oyunlar barədə təhlillər olur. Saytlarda rastıma çıxmayıb.
- "Futbol+" qəzetinin bütün əməkdaşlarına böyük hörməti var. Amma ona oyunun analizi deyə bilmərəm. O tam da analiz deyil. Bir misal gətirəcəm... Rusların məşhur "Sports.ru" saytı var. İstənilən çempionatda, istənilən oyununun sadə insanlar tərəfindən analiz aparmaq bacarığı var. Hansı jurnalistimiz "İnStat"ın analitik resusrlarından istifadə edir? Yox dərəcəsindədir. "İnStat"la biz əməkdaşlığa başlayanda saytımızda "Matç center" qoymuşduq. Bir nəfər vardı, Rüstəm Piriyevin dostu Samir. O, bir ara analitik yazılar yazırdı. Ancaq sonradan gördüm ki, tam da istədiyim dərəcəyə çatdıra bilmir. Mən bir oxucu kimi intriqa istəmirəm. Mənə maraqlı deyil filan hakim oyundan səhv qərar verdi, mən o epizodu görməmişəm. Sən onu mənə başa salsan, mən videosuna baxacam, bəlkə haqlı olasan, bəlkə də haqsız. Ancaq məndə fikir yaradırsan, yönləndirmə edirsən. Mən onu istəmirəm. Mən istəyirəm ki, məşqçilərin taktiki savaşından bəhs olunsun.
- Subyektiv yox, obyektiv yazılar oxumaq istəyirsən...
- Bəli, daha çox obyektiv yanaşma istəyirəm. Yenə deyirəm, çox mövzuları qabardırlar, bəzən klub rəhbərliyinin səhv mövqeləri olur. Bunlar normaldı. Ancaq daha çox oyundan oxumaq istəyirəm. Premyer Liqanın oyunları haqqından oxuyanda, məndə həvəs olmalıdır ki, mən belə oyunu necə buraxdım, mən niyə getmədim stadiona?! Mən onu görmədikcə stadiona getməyə də həvəsim olmur. Mənim kimi nə qədər siravi insan var.
- O vaxtı "Futbol+" əməkdaşları hər oyuna gedirdilər. Bölgələrdə olan oyunlara da jurnalistlər gedirdi. Sən oyunun analizini istəyirsən. Analizi yazmaq üçün nə lazımdı? Gedib 90 dəqiqə oturub oyuna baxıb, qeydlər aparıb, sonra gəlib o qeydlər, gördüklərin əsasında yazı yazmaq. Axı jurnalistlər də hər oyuna getmirlər.
- Keçdik növbəti problemə. Tək futbolun yox, buna bağlı sahələrin də maliyyə probleminə. Yəni, idman saytlarında da, jurnalistikada da maliyyə problemi var. Mən əminəm ki, sənin də, digər idman jurnalistlərinin də timsalında götürürəm, sizin qazancınızdan 300-400 manat artıq ofis işi olsa redaktorla danışarsız ki, qardaş səninlə işləməyə davam edəcəm, ama biraz az işləyəcəm, mənə daha yaxşı maaşa daimi iş təklif ediblər. Niyə? Çünki məcbursuz. Qınamıram. Söhbət pullu jurnalistikadan getmir. Söhbət peşəkar istiqaməti dəyişməkdən gedir. Təbii ki, idman jurnalistikasına gələn adam idmandan ayrıla bilmir. Bu faktdı, bu normaldı. Mən də bir ara həvəslənib "Sports.ru"da Azərbaycan, İngiltərə futbolu haqqında bloqlar yazırdım, ama daha çox ödənişi olan iş təklifi gələn kimi onu qırağa qoymağa məcbur olursan. Daha çox hobbiyə çevrilir.
- Belə çıxır ki, mətbuatımızda da mental, maddi məsələlər keçir işin önünə.
- Cəmiyyət problemləri, məişət problemləri üstünlük təşkil edir.
- Futbolçunu qınayırıq ki, pula üstünlük verir, sponsoru qınayırıq ki, deyir kimdi gedib rayonda sıfırdan komanda quran, AFFA deyir ki, əşi ad olsun ki, futbol var, jurnalist deyir ki, əsas odu bir-iki açıqlama aldım, günü yola verim. Yetəri ki, hamının pulu olsun.
- Bəli, məsələ gəlib ona dirənir.
- Ona görə də ölkə futbol inkişaf etmir. Çünki artıq bu prizmandan yanaşanda, heç kim futbolun inkişafını yox, sadəcə öz qazancını düşünür.
- Çünki proqram yoxdu. Dövlət proqramından söhbət getmir. Klubların özündə proqram olmalıdır. Baxsan hazırda voleybolda, həndbolda, demək olar ki, bütün idman sahələrində problem var. Dünyada idmanı inkişaf edib. bizdə inkişaf etməməsini qəbul edə bilmirəm. Demək ki, problem bizdədi. Bəlkə bir az postsovet məkanı olmağımız rol oynayır, çünki paralellər var, Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, yoxlasan eyni problem hər yerdə var. Göbələk xəstəliyi kimi hamısına yayılıb. Sovetdən qalan zibillərdi. O hamısı təmizlənməlidi. Misal üçün, Ukrayannın U-20 komandası dünya çempionu oldu. Əsas milli Serbiyanı 5:0 məğlub edir. Adama pis təsir edir. Deyirsən, bunlar necə edir?! 30-40 il gerini götür. Öyünə biləcəyimiz nəyimiz var - "Neftçi" -1966-ci il üçüncü yer. Başqa heç nə. Belə öyünə biləcəyimiz bir şey yox idi. O deyirlər, köhnə tüfənq də arada bir atır. İsverçə, Finlandiya kimi arada bir gələn sevinclər. Komanda ara-bir özünü yığır, bir atımlıq barıt olur, uçuruq göyə, sonra macarlar, slovaklar düşürdür biz yerə.
- Özü də çox pis düşürdürlər. Son oyunlara baxmışdın?
- Təəssüflər olsun ki, ikisinə də baxa bilmədim. Hər ikisi olanda səfərdə idim. Amma icmalını izlədim. Açığı, millinin oyunu xoşuma gəlmədi.
- Ona heç oyun demək olardı ki?!
- Vurulan 5 qoldan 4-ü cərimə meydançasının kənarından vuruldu. Maraqlısı odur ki, futbolçulardan haqq-hesab tələb olunmur. Bir ara oxudum ki, hansısa saytlar "Qarabağ"ın futbolçularına basqı edir ki, "Qurban Qurbanova görə oynanamadılar” kimi yazılar var idi. Belə deyim də, millidə oynayanda Qurban Qurbanovun komandasının oyunçuları deyə bir şey yoxdu. Var Azərbaycan millisi komandası. Azərbaycanın bayrağı, himni üçün oynayan uşaqlar.
- Səncə, yığmada elə çıxış edən futbolçularda milli ruh var?
- Niyə yoxdu ki? Sadəcə nəsə problem var. Komandada problem var. Bu söz-söhbətin yaranması bəlkə də Yurçeviçə bəhanə oldu. Ki "Qarabağ"ın oyunçuları oynamadı.
- Ucuz bəhanələrlə millidə ömrünü uzatmaq...
- Bəli, bu ucuz bəhanədi. Sabahı gün Qurban Qurbanov "Qarabağ"dan çıxıb "Neftçi"də də çalışa bilər. Lap belə ölkə xaricinə də gedə bilər. Bu dəfə kimin boynuna yıxacaqlar?! Bunlar Azərbaycan adına çıxış edən oyunçulardı. Klub səviyyəsində çıxış edəndə klubun adını daşıyırlar. Ancaq yenə də oyuna gəlincə, icmala baxmışam, bəlkə də deməyim düzgün olmaz, ama gördüyüm qədərilə komandada oyun yox idi. İki oyunun ikisini də öz meydanında oynamısan, ölkələr arası uçuşun yoxdu.
- Nəyə əl atırsan, bəlkə səbəb budu, bəlkə problem odu. Dərinə vardıqca, ortada sadəcə boşluq qalır.
- O "pazl" tam yığılmır. Görüləsi o qədər işlər var ki...Misal çəkim. Mən hər şeyə pozitiv yanaşan insanam. Mən hələ də inanıram ki, lap 8 komandalı çempionatda belə futboldan pul qazanmaq mümkündü. Amma indiki vəziyyətdə biznesmen olsam və mənə desələr ki, gəl "Keşlə"yə sponsorluq et, deyərəm qardaş mən niyə 1,5-2,5 milyonu boşa verməliyəm.
- Bax bu da var. Obyektiv müzakirə ediriksə, empati də qurmağa çalışaq. Bir sponsor bizim klubu niyə götürsün öhdəliyinə?
- Struktur yoxdu. Ya sponsora imkan ver, de ki, qoyduğun pulun 25-30 %-ini götürəsən. Təsəvvür elə ki, bir ilə 1-2 milyonu qaytarmaq real bir şey deyil. 700 min havaya pul atmaqdı. Ağıllı biznesmen isə heç vaxt o işi etməz.
- Haqlısan... Qınayırıq ki, sponsorlar klub saxlamır, komandalar məhv olub. Amma belə baxanda bu sponsorun klubdan nə qazancı olur. Nə düz əməlli biletdən pul götürmək olmur, nə futbolçu satışından, nə də Avropadan...
- 5 il ərzində Cavanşır Şirəliyevin "Karvan"a yatırdığı pulları görmüşəm. Qarşılıqsız gedən pullar.
- Uzaqbaşı UEFA Kubokunda mərhələ keçəndə nəsə gəlir oldu.
- Hə, yenə sağ olsun UEFA, pulları artırmışdı. Bu il məsələn "Sumqayıt" kuboku götürsəydi, Avroliqada mərhələ keçsəydi, bəlkə də büdcəsinin 30 %-ini qaytara bilərdi. Bir mərhələ sadəcə oynamaqla. Qələbə qazansaydı, 50 %-ini götürə bilərdi.
O futbola yatırılan qarşılıqsız pullara hərdən adamın ürəyi ağrıyır. Adam pul yatırır və heç nə qazanmır.
- Həmin vaxtlarda klub saxlayan iş adamlarının vergi ödəməkdən azad olunacaqlarını deyilirdi. Çoxları həvəsə düşüb klub götürdü. Amma deyəsən heç deyilən olmadl, vergidən azad olmaq falan tədbiq olunmadı...
- Elə bir söz vardı. Təxmin edirəm ki, o şaiəmi deyək, proqrammı deyək, sırf ona çoxlu sponsorlar cəlb olundu futbol klublarına...
- Belə çıxır ki, o söhbətə görə şirnikləndirən, hərəsi bir klub götürdü, sonra gördülər ki, nə vergidən azad olunma, nə qayda , heç bir şey yoxdu. Yavaş-yavaş klubları buraxıb, geri çəkildilər.
- Elə birinci geri çəkilən biz olduq. Qarşılıqsız biznes olduğu üçün.
Yenə deyirəm, mən futbol baxımından, AFFA baxımından, çempionat baxımından çox nikbinəm. Düzdü, problemlər var, davam edir. Amma İK-dan da yeni qərar da çıxdı ki, gələn mövsüm lisenziya qaydalarına cavab versələr, 10-12 komanda ola bilər. Alqışlanası haldı. Geriyə qalan klubların öz üzərində işləməsidir. AFFA-nın, PFL-in köməyi ilə eləməlidirlər. Sponsor məsələsinə gəlincə. Ola bilər icbari sponsorlar olsun. Amma sponsoru qaçırtmaq lazım deyil, işləmək lazımdı. Mənə pis təsir edən bir şey var, çox adam deyir ki, "Topaz" Premyer Liqası qumarxanadı. Futbol Liqalarının iclasında mən deyəndə ki, bizim sponsorumuz ölkənin bukmeker kontorudu, dedilər necə bacarmısız onu cəlb etməyi? Biz öz ölkəmizdə bunu bacarmırıq... Sponsor yatırım edəndə, əvəzini verməlisən. Ya pul qarşılığı verməlisən, ya da deyirsən ki, mən futbol liqası olaraq pul verə bilmirəm, amma futbol kimi əsas idman növündə reklam edə bilərəm. "Unibank" bizə sponsorluq edəndə onların piarına bir xeyli kömək oldu. İnsanların ağlında "Unibank Premyer Liqası” qalmışdı. Çox gözəl səslənirdi.
- Ümumiyyətlə, çempionata sponsor olan şirkət PFL-ə nə kimi köməklik göstərir və qarşılığında nə alır? Elə götürək Unibank və Topazı...
- Düzü, Topazla hazırki müqavilənin şərtlərini bilmirəm. Titul sponsoru ilə futbol liqası müəyyən vasitələr ilə reklam olunmalıdır. Sən pul verirsən ki, səni reklam etsinlər. Futbol isə televiziyada yayımlanır, haqqında qəzetlərdə yazılır, elektron KİV-də var, ölkə xaricinə çıxır. Yəni sponsor sənin tədbirlərini təşkil edir, sən isə futbol liqası olaraq sponsorunu reklam edirsən. İdmanda reklam bizim üçün yeni sahədir, amma yavaş-yavaş inkişaf edir. Bizon Rafel Ağayevlə, Zabit Səmədovla dərman şirkəti ilə, Forex Ramin Quliyevlə reklam, P&G millinin futbolçuları ilə əməkdaşlıq edir. Sadəcə olaraq sponsorları çəkindirmək lazım deyil. Sponsor KİV-də oxuyanda ki futbolumuzda problem baş alıb gedir, gəlmək istəmir, imicini sərf edəcəyini düşünür. Demirəm hər şey əladı, çatışmayan cəhətlər var. Həll olunan məsələdirsə, onu şişirtməyə ehtiyac yoxdu. Mən əminəm ki, hər hansı bir media nümayəndəsi belə sponsorla danışıb, futbolumuza gətirsə, ona yox deməzlər. Hələ bəlkə də agent kimi komisyon da verərlər ki, halal xoşun, mənə də qazandırdın, özün də qazan. Nə qədər çox sponsor cəlb olunsa, o qədər xeyrimizədir. Bəzi iaşə obyektlərində belə bir yazı var, "xoşuna gəlmədisə, bizə de, xoşuna gəldisə, dostlarına”. Komandalarımız haqqında da neqativ çoxdur. Hətta birbaşa avrokuboklar öncəsi də yazılar gedir.
- Çünki psixoloji təsir edib, komandanı sındırır...
- Bəli. Bu komandanı oyundan əvvəl sındırır. Oyundan sonra yaz. Mərhələ keçəndən sonra o söhbətlər heç yada düşmür. Reytinq qazanmaq üçün eləməsinlər də bunu. Neqativə yüklənmək bizim cəmiyyətin problemidi. Hansı xəbərlər daha çox oxunur?
- Cinayət, intihar, təcavüz və s.
- Bəli, daha çox kriminal. İdmanda olanlardan soruşuram ki, sizə xəbər baxımından nə cür kömək lazımdı. Dedi, qardaş qalmaqal daha çox oxunur. Mən peşəkaramsa, məni qalmaqal daha çox maraqlandırmamalıdır. Düzdü, hər kəsin problemi ola bilər. Amma gərək sırf neqativin üstündə qurulmaya.
- Elə ona görə xatirələrlə bağlı rubrikalar üzərində işləyirəm ki. Çünki ancaq tənqid, ancaq insanların tənqidi fikirlərini yazmaq və oxucuya ancaq bizdə futbol yoxdu, AFFA işləmir, klublar peşkar deyil, futbolçular oynaya bilmir deyə-deyə neqativə kökləyirik. Hətta özüm də yoruluram. İnan elə millinin oyunundan sonra şəxsən mən də daha problemlərdən yazmaqla bağlı ikrah duyğusu yaranmışdı. Hamıda futbolumuza qarşı qəzəb var.
- Çünki onların oxuduğu odu. Ancaq soruşasan görək, hansı axırıncı dəfə çempionat oyununa gedib. Elə kənardan baxıb "iş görmürlər” deməkləri ilə razı deyiləm. Sən işin içində deyilsən. Bir çox uşaqlar futbola jurnalistikadan gəliblər. Çox adam futbol həyatını bilmir. Hətta PFL-də işləyəndə belə uşaqlar deyirdilər ki, klubda işləmək istərdik. Açığını deyim, böyük bir layihə olmasa ikinci dəfə futbola qayıtmaq istəmərəm. Belə baxanda Avropanı ölçü götürürük. Amma onlar kimi hərəkət etmirik. Meyar götürürük ki, Ukraynadan belə oldu, Rusiyada elə oldu. Ancaq özümüz onlar kimi hərəkət etmirik axı. Rusiyada mənlə bir yerdə təhsil alan uşaqlar sırasında Premyer Liqa hakimi, İdman Nazirliyinin nümayəndəsi, bir neçə federasiya nümayəndəsi vardı. Adamlarla ünsiyyətdə olanda anlayırsan ki, bizdə olan problemlər onlarda da var. Sadəcə onlar təcrübəni götürüb onu tədbiq edirlər, bizdə isə düşünürlər ki, "yeni bir şey etməyim, birdən səhv olar". Nəsə addım atmağa, təcrübədən keçirtməyə qorxuruq. Amma qətiyyən qorxmaq lazım deyil. Deyirlər, məsləhətli don gen olar. Əgər sahəni bilər adam varsa, lap xaricdən olsun , dəvət eləmə heç, müraciət et ki, qardaş mən bu şeyi etmək istəyirəm. Necə edim? 1-2-si məsləhət verməsə də, üçüncü məsləhət verəcək. Bir nəfərlə peşəkar sosial şəbəkə olan "Linkedin"də ümumi idman maraqlarımızdan danışırdıq. Dedi ki, mənə kömək ol marketinq üzrə Azərbaycanda təcrübə keçim. Dedim mən idman sahəsini bilirəm, başqa nə deyim sənə. Tanış edib, görüşdürə bilərəm. Bir ara ondan xəbər çıxmadı. Üzərindən1 il keçdikdən sonra dedi ki, Bakıdayam. Olimpiya komitəsi ilə bir yerdə layihə işləyirəm. Təcrübəsini artırmağa can atır. Bizimkilərdən kim istəyirsə, Olimpiya Komitəsi, Nazirliyə müraciət edə bilərlər. Hansı bir junalistimi layihə ilə gəlir? Avropada idman layihələrinə küllü miqdarda pul ayrılır. Müraciət edin, gəlin köməkləşək layihə yazın. Demirsiz futbolda problem var, gəlin layihə yazın, həyata keçsin. Tənqid eləmək yaxşı şeydi, ancaq təkliflər verəndə, işin içində olanda çox da tənqid eləmirsən. Başa düşürsən ki, problem haradan qaynaqlanır.
- Elə biz də bayaqdan ancaq neqativə yükləndik. Gəl, biraz da xatirələrə yer verək. "Karvan"da keçən maraqlı, unudulmaz günlərindən bəhs edək.
- 2005-6-ci il mövsümü. İki kubokdan da olduq. "Atletiko" (Madrid) kimi. Adama çox pis təsir etmişdi. "Qarabağ"la final oyununda mənim üçün yadda qalan bir şey oldu. O da "Karvan" azarkeşini döyməyim.
- Sən?
- Hə. Mənim kimi sakit biri.
- Niyə? Səni özündən çıxardacaq nə baş vermişdi?
- Oyundan bir gün əvvəl ciddi hazırlamışdıq. Fanat qruplarımız gəlmişdi rayonlardan. İslam müəllimin dost-tanışları sağ olsun. Avtobusla adam gətirmişik. Hər cür hazırlıq görülüb. Gecə 2-3 kimi hazırlaşmışdıq. Yorğunluq, stress vardı. Oyunda ilk hiss gedir. Mən isə oyun başlayandan sonra gəlib tribunada azarkeşlərn arasında oturdum. "Şəfa"da sağ olsun, həmişə kimi toz-torpaq içində. Mən klubun rəsmisi olaraq oturmuşam oturacaqda, bir nəfər azarkeş isə oturub bayrağın üstündə. Bilirsən ki, bizim loqo yeganə loqodursa orada Azərbaycan bayrağı əks olunub. Fasilədə gördüm ki, oturub bayrağın üstündə. Əvvəlcə duruxdum, dedim ki, bayrağın üstündə oturma. Ya bayrağı yellə, ya da ver mənə. Bu da sən demə içkili imiş. "Əcəb edirəm, özüm bilərəm”...
- Yevlaxlı idi?
- Hə, yevlaxlı idi. Sonradan onun yanında oturaq uşaq dedi ki, "qaqa, bu da yevlaxlıdı”. Dedim, iki gözüm birdən aydın. 2 dəfə dedim eləmədi. Söyüş söyəndə bir balaca "zamıkanya" hiss elədim. 2 yumruq. 3 təpik... Polislər tökülüşdülər. Şahmar müəllim gəldi. "A bala nə olub?" Vəsiqəni göstərdim ki, bəs "Karvan"ın işçisiyəm. Məsələ budur. Köynəyim əynimdə cırıq-cırıq. Nə isə, uşağı polislər apardı. Bilmirəm özü oxuyacaq, ya yox. Şəxsinə görə xətrinə dəyə bilər. Amma yenə olsa, yenə edərdim.
- Bir "Xəzər Lənkəran" uduzduğumuz oyunlar, bir də kubokun finalındakı məğlubiyyət çox pis təsir eləmişdi.
- "Xəzər Lənkəran"la hansı oyun? Oqtay Dərəlioğlunun qol vurduğu?
- Hə.
- "Sağ olsun” hakim. Bunu da belə yazarsan. (gülür)... İmanxan Sultani idi baş hakim.
- İlk il "Xəzər Lənkəran"a iki yenilgi və üstəgəl ən yaxşı oyunçularımızı aldığına görə, mənim üçün ən prinsipial rəqib "Xəzər Lənkəran" idi.
- Yaxşıdır da. Əgər sənin oyunçularını alırlarsa, demək yaxşı futbolçuların var. Ancaq o vaxtlar bilmirəm rənginə görə, ya nədənsə, "Neftçi"ni əsas rəqib sayırdıq.
Biraz xatirələrdən danışım. "Xəzər Lənkəran"ı 1:0 hesabı ilə udduğumuz oyundu. Hamı sevinir, əhvalımız əladı. Rövşən müəllim, Cavanşir müəllimin qardaşı oturub maşında. Bizdə rəhbərliklə oyunçular arasında səmimiyyət vardı. Qoçanın xoşladığı mahnı vardı - Röyanın "Səninəm" mahnısı. Bu mahnını zümzümə edirdi. Onda da bizdə komandada 3 braziliyalı vardı - Ernani, Markus və Kleyton vardı, Fuad Yamanın gətirdiyi oyunçu. Sambanı da satmışdıq "Lex"ə. Səhv eləmirəmsə, Azərbaycanda ilk dəfə legioneri xarici kluba satan "Karvan" olmuşdu. Ona qədər eşitməmişdim ki, kimsə burdan pulla getsin. Hə, demək mən və Aslan Yunis müəllimin yanındayıq. Soruşduq ki, bu braziliyalılar barədə nə fikirləşirsən? Dedi ki, "ə, onların üçün Sambanın sol ayağına dəyməz". Mövsüm gedişində isə çox şey dəyişdi. Markus birinci dövrəni özünə oxşamadı, Ernani görürəm ki, sağla oynayır, qoyub sol cinaha, səbəbini soruşdum. Dedi ki, o, sağda oynayanda hücuma qaçır. Ona görə solda oynayıram. (gülür)... Kleyton onsuz da uyuşa bilmədi komandaya. Müdafiəçi idi, qarşısına keçən hücumçunu "şillələyirdi". Hansısa oyunda sarı vərəqə aldı, deyəsən artıq qrımızıya yaxınlaşırdı, Yunis müəllim dedi ki, mən bu cür oyunçu istəmirəm. Və onu göndərdilər. Yunisin də həmin vaxtı ən çox axtardığı "pleymeyker" idi. Tapa bilmirdi.
- Kamal Quliyev gedəndən sonra oldu. Deyəsən İsmayıl Məmmədovu gətirmişdilər onun mövqeyinə.
- Hə, hə. Ama İsmayıl bizdə tam da "pleymeyker" rolunda deyildi. O, biraz sol cinaha meyilli oynayırdı.
Ümumiyyətlə, Yunis Hüseynov Pro kateqoriyasını oxuyub, qayıtdıqdan sonra həqiqətən də dəyişiklik vardı. Azərbaycanda ilk dəfə 3-5-2 taktikasından istifadə etdi. Mən bu taktikaya rast gəlməmişdim bizim futbolda. Özü də çox gözəl tədbiq edirdi. Fantastik bir şey alınmışdı. Mahir Şükürov-Saşa İntskrivili- Ernani Pereyra üçlü müdafiə. Məkan Nəsirov, Yuri Muzika, Nazar Bayramov, Qoça Trapaidze, İsmayıl Məmmədov. Bəzən də Markus Fereyra. O, çox vaxt ehtiyatda qalırdı. Hücumda isə Yakuba Bamba və Kənan Kərimov. Kənan onda bombardir kimi gəlmişdi. Onun üstünlüyü o idi ki, müdafiəçini üzərinə çəkirdi, Bamba açılırdı. Qeyri-adi bir şey alınmışdı. Birinci dövrədə Markus oynayır sağda. "Markus şut, Markus şut” deyə Zakir Mahmudov qışqırırdı, əslində ötürmə verməyini istəyirdi. Sağ cinahda bu adamda alınmırdı. Öz mövqeyində deyildi. Dövrədən sonra Antalya toplanışının ardından Yunis sevincək gəldi ki, bəs "pleymeyker", 10 nömrə tapmışam. Elə öz komandamızdan. Kim? Bir də gördük ki, həmin mövqedə Markus çıxış edir. Çempionatda heç kim gözləmirdi ki, Markus "10 nömrə” oynayacaq. Ondan sonra bir dənə seriya getdi ki, gəl görəsən.
- Yunis müəllim bu komandanın nəbzini tutmuşdu.
- Nə badə meydança xalça kimi olardı. Bizim önümüzdə heç bir komanda dayana bilmirdi. "Barselona"nın "tiki-taka" söhbətinə bənzətmirəm, ama o dərəcə yaxşı oyun gedirdi.
UEFA kubokunda ilk oyunu udduq. "Qarabağ" da səfərdə heç-heçə eləmişdi. Moldovanın "Zimbru" komandası ilə oynayırdılar. Bakıdakı oyun "Şəfa"da, biz isə səfərdə oynamalıydıq. Aramızda saat fərqi vardı. Bizim oyun tez başlamışdı. Bakıya qayıdanda stadiondakı ab-havanı danışdılar mənə. Hesabı elan edəndə stadiona sanki bomba atdılar. "Qarabağ" qalıb qıraqda, camaat "Karvan"a sevinir." Fantastik bir hiss idi. O anları Slovakiyada izləmək tamam başqa duyğu idi. Bizim o səfərimiz... Bəlkə də futbol tarixində ikinci elə bir səfər olmayıb. 36 saat yol getmişik. Ayrı bir hekayə.
- Xalidin ilk oyunda vurduğu qol da unudulmaz idi...
- Xalid bəlkə də orda həyatının qolunu vurdu.
- 82-ci dəqiqə idi.
- Həə. (gülür)... Düzü, orda Bəşir müdafiəçini itələdi. Hakim də bir balaca köməklik göstərdi. Sözün düzünü demək lazımdı. Bəşir orda qəşəng keçid edir. müdafiəçini itələyir. Qapıçı ilə toqquşma yaranır. Bəlkə də hakim orda cərimə zərbəsi verə bilərdi. Səhv eləmirəmsə, türk hakim idi. Davam işarəsi verdi və Xalid vurdu. Özü də inanmadı. Heç biz də inana bilmirdik ki, qolu saydılar. Xalıd Muradov "Karvan"ın heyətində yeganə Yevlaxlı futbolçu idi. (gülür)...
Hələ cavab oyununda belə bir epizod oldu ki, Süleyman Kamaranın qolu ilə 1:0 uduruq. Slovaklar isə hələ inanırlar ki, 3 qol vuracaqlar. Mən də həmin oyunda akkreditasiyadan keçmişəm. Pərviz Musayev video çəkir, məndə fotoaparatdı, qapı arxasında dayanıb şəkillər çəkirəm. "Spartak"ın qapısı arxasında dayanmışam ki, bizimkilər qol vursalar şəklini çəkə bilim. O oyunda mənim üçün ən önəmli şəkil 1:0 yazılan tablonun fotosudur. "Ultras"ın önündə dayanmışdım, arada onların azarkeşləri söz atdılar. Dəqiqələr keçir, qol vura bilmirlər, əsəbləşirlər. Bizimkilər isə başlayıblar, özgüvənlə, soyuqqanlı oynamağa. Moment oldu, Bəşir topu öz meydançamızda götürüb, birincini, ikincini, üçüncü, dördüncünü keçə-keçə irəliləyir, sanki "playstation"da oyundur, stadion durdu və başladılar ona əl çalmağa... Rəqib azarkeşlər bizi alqışlayırdılar. Çünki artıq qələbənin əldən getdiyini anlamışdılar. Hücum yox idi. Cəmi bir dəfə hücum oldu, onu da Elxan Həsənov barmaqlarının ucu ilə çıxartdı. Bu qədər. Oyun bitdi. Gəlmişəm ki, keçəm paltardəyişmə otağına. Məndə də həm klub nümayəndəsi kimi, həm foto, həm də pressa akkreditasiyaları var. Otağın önündə mühafizəçi dayanıb. Deyir o akkreditasiya və kamera ilə keçə bilməzsən. Kameranı qoydum yerə, fotonu çıxartdım, klub nümayəndəsi akkreditasiyası ilə keç dedi. Kameranı götürdüm. Bəlkə də həmin videonu görmüsən. "Razdevalka"da uşaqlarınım qələbəni qeyd etməklərini çəkdim. Cavanşır müəllim orda, Rəhimin arxa fonda ağlaması, bir sözlə fantastika...İnana bilmirdik. Gözümüzə heç nə görsənmirdi. Oteli dağıdırdıq. Gecə yatmaq yox idi. Fantastik bir gün idi.
Röya Kərimli
Sport7.az
Комментарии
Отправить комментарий