"Bizim klublarda ən yaxşı işləyən sahə mətbuat xidmətləridir" - SORĞU



Həmişə klubların işini müzakirə edirik, bu dəfə qərar verdik klublarla mətbuat arasında bağ yaradan mətbuat xidmətinin əməkdaşları haqda araşdırma aparaq. 

Sport7.az-ın keçirdiyi sorğuda media nümayəndələri klubların mətbuat katiblərinin işini qiymətləndiriblər. 

Klubların mətbuat katibləri necə işləyir? Kimlə əlaqə qurmaq asandı, kimlə çətindi? Bu sualları ünvanladığımız korrespondentlərimizin fikirlərini təqdim edirik:

Mehman Süleymanov (Sport24.az): "Mətbuat xidmətləri arasında görülən işin həcminə görə Premyer Liqadakı mübarizədə olduğu kimi aşkar liderlər "Qarabağ"la "Neftçi"di. Onlarda rəsmi saytarla yanaşı, xüsusilə sosial şəbəkələrdə aktivlik müşahidə olunur. Mətbuat katibləriylə gec-tez əlaqə saxlamış oluruq. Zənglə olmayanda, ya "Vatsap"da, ya da "Facebook"da yazmaqla onlarla əlaqə qura bilirik. Bəzən də olur ki, zənglər cavabsız olur. Başa düşürük ki, klubda işlər çoxdu, iclasda, toplantıda, görüşdə ola bilərlər. Ancaq hər halda, mətbuat katibləri üçün mətbuatdan gələn zənglərə cavab vermək ən öndə duran vəzifə olmalıdı. Bunu edə bilmirsə, dərhal heç olmasa standart şablon mesaj göndərərək boş olan kimi əlaqə saxlayacağını xəbər etmələri yaxşı olardı. Və təbii ki, mesajı sonradan həyata keçirmək şərtilə. Yəni, həmkarına diqqət, işinə məsuliyyət belə məqamda çox vacibdi. Bir də arzu edirəm ki, mətbuat katiblərimiz qış və yay fasiləsi dövrlərində transferləri deməkdə maraqlı olsunlar. Daha onları məxfi saxlayıb, rəsmi saytda çıxandan sonra açıqlamağı yox".

Rəşad Ergün (Komanda.az): "Düzü, son illərdə klubların mətbuat katibləri ilə nəsə problem yaşadığımızı xatırlamıram. "Qarabağ"ın, "Neftçi"nin, "Qəbələ"nin, "Keşlə"nin, "Sabah"ın - demək olar bütün klubların mətbuat katibləri bizi maraqlandıran suallara, məsələlərə həmişə aydınlıq gətiriblər. "Keşlə"nin mətbuat xidməti çox vaxt özü klubla bağlı hansısa xəbər olanda, bizə göndərir. Eləcə də, "Sabah" klubunun mətbuat xidməti. Klubla bağlı müsahibə, açıqlama lazım olanda "Sabah"ın mətbuat xidməti dərhal kömək edir. Mənə elə gəlir ki, bizim klublarda ən yaxşı işləyən elə mətbuat xidmətləridir".

Elnur Salahov (Qol.az): "Əvvəllər bu barədə müəyyən çətinliklər olsa da, son illər bu cür problemlə üzləşməmişəm. Demək olar ki, bütün klubların mətbuat katibləri ilə əlaqə qurmaq mənim üçün asandı. Nə vaxt lazım olsa, suallarıma cavab tapa bilirəm. Təbii ki, müəyyən məsələlərdə klubun mövqeyini, vəziyyətini nəzərə alıb, hansısa məlumatı gizli saxlayırlar. Bu da ki, normal haldır. Ancaq əlaqə qurmaqla bağlı heç bir məsələdə heç bir çətinlik, problem yoxdu".

Elsevər Məmmədov (Qafqazinfo.az): "Mənim üçün hamısı ilə əlaqə qurmaq çox rahatdır. Yəni, fərqləndirə bilmərəm ki, kimsə mənə cavab vermir, kimsə sualıma cavab vermir. İndiyə qədər belə problem yaşamamışam. İşə gəlincə, aşağı yuxarı hamısı nəsə etməyə çalışır. Amma bu gün bizim klublarda 4-5 nəfər adam var mətbuat xidmətində. Bu da hansısa mükəmməl iş görməyə imkan vermir. Düşünürəm ki, ötən illərə nisbətən hamısı fəaldır, yeniliklər etməyə çalışırlar. Bacardıqları qədərini hamısı edir. Futbolumuz zəifləsə də, ən azı mətbuat xidmətləri əvvəlkindən daha yaxşıdır".
 
Mövzunun davamı olacaq...

Röya Kərimli
Sport7.az

Комментарии