“Çörək pulu" qazandıqları üçün qurumu müdafiə edirlər" - SORĞU



Mətbuat katibləri ilə bağlı sorğumuz davam edir. Bu dəfə isə futbol klublarımızın yox, idman federasiyalarımızın mətbuat katibləri haqda media nümayəndələrinin fikirlərini öyrəndik. 

Sport7.az-a danışan jurnalistlər "Federasiyaların mətbuat katibləri necə işləyir? Kimlə əlaqə qurmaq asandı, kimlə çətindi?" suallarını cavablandırıblar:


Elşən Məmmədov ("Report.az"): "Hansı federasiyada mətbuat katibləri varsa, demək olar ki, hamısı normal qaydada çalışır. Düzdür, əvvəllər müəyyən problemlər ortaya çıxırdı. Həmin dövrlər legionerlər hesabına yüksək nəticələr çox olurdu deyə, işlər də kifayət qədər idi. İndi isə elə də iş olmur. İş olmayan yerdə isə kimin yaxşı, kimin zəif işlədiyini müəyyənləşdirmək çətindir. Yəni nə özüm, nə də əməkdaşlarımız hansısa federasiyanın mətbuat xidməti ilə münasibətdə problemlə rastlaşmamışıq".

Səbuhi Musayev ("Oxu.az"): "Birmənalı şəkildə deyərdim ki, Velosiped İdmanı Federasiyasının mətbuat katibi Pərviz Musayevlə əlaqə qurmaq çox asandır. Bu idman növü ilə bağlı hər hansısa problem baş versə, onunla əlaqə qurmaqda problemlə üzləşmirəm. Sadəcə "Facebook"dakı profilinə yazmaq kifayətdir ki, adam sənə istədiyin suala cavab versin. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanı əksər jurnalistlərin dostu saymaq olar. Mən və bir neçə həmkarım artıq onu ötən ay Minskdə keçirilmiş I Avropa Oyunlarında onu yaxından tanımaq imkanı da əldə edib. Güləş Federasiyasında hələ əvvəlki mətbuat xidmətinin rəhbəri Mayis Musayevin vaxtından media ilə işlər düzgün qurulub. Amma indiki mətbuat xidmətinin rəhbəri Sərxan Musalı barədə fikir bildirməyim düzgün olmaz (Sərxan Musalı Səbuhi Musayevin qardaşıdır – red.)

Voleybol Federasiyasının mətbuat katibi Şəfəq Kərimova, Boks Federasiyasının mətbuat xidmətinin rəhbəri Tahir Hümmətov da hər zaman əlçatan insanlardır. Həmçinin Cüdo və Ağır Atletika Federasiyalarının mətbuat katiblərinin gördüyü işi də müsbət qiymətləndirmək olar.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla şəxsiyyət olaraq yaxşı insan olsa da, onu hazırda tərifləməyim mümkün deyil. Çünki millinin baş məşqçisi Nikola Yurçeviçdən hələ Macarıstan və Slovakiya ilə oyunlar öncəsi müsahibə istəmişəm, "yaxşı" deyib. Elə o vaxt bu vaxtdır, xəbər yoxdur (gülür). Ümumiyyətlə, bəzi federasiyalar var ki, mətbuat katibləri müəyyən səbəblərdən yoxdur. Bəzilərində isə var, amma yox kimi bir şeydir. Məsələn, Gimnastika Federasiyasının mətbuat katibinin nə işlə məşğul olduğu hələ də mənə aydın deyil. Ya telefonu götürmür və ya götürsə də istədiyimiz suallara cavab tapa bilmirik. Üstəlik, Bakıda keçirilən gimnastikaya dair aparıcı turnirlər zamanı qeydiyyatı üzümüzə bağlayır. Ona görə də özümə söz vermişəm ki, bir daha həmin xanım mətbuat katibi ilə əlaqə saxlamayım". 

Aygün Osmanova ("Unikal.org"): "Belə deyim, bəzi federasiyalarda mətbuat katibləri var ki, onun işlədiyi qurumla bağlı mənfi bir xəbər  yazan kimi sənə "düşmən” kəsilir. 

Əvvəl KİV-lərdə jurnalist kimi çalışan şəxslər mətbuat katibi keçən kimi 180 dərəcə dəyişir. Bir çoxları... Mətbuatda çalışan zaman yaxşı münasibətimiz olan insanlar, mətbuat katibi keçdikdən sonra bir cümlə də mənfi fikir yazdığımız zaman bizə düşmən kəsilirlər.  Hansısa bir xəbəri nə yolla olur olsun inkar edirlər. Anlamaq olar işlədiyin qurumu sudan quru çıxarmaq istəyirsən. Bunun üçün də hansısa xəbərə təkzib verə bilərsən... Amma həmin jurnalistə loru dillə desən "burun sallamaq" nəyə lazım? Tədbirdə gördüyünüz zaman uşaq kimi salam vermədən üz çevirmək nə deməkdir?

Mən jurnalistəm, işim yazmaqdır. Sən də  mətbuat katibi olaraq təkzib edə bilərsən, səhv olduğunu deyə bilərsən, öz təbirincə... Dəfələrlə qarşılaşmışam belə halla... Mənim üzərimə az qala hücum çəkənlər də az olmayıb. Bu azmış kimi məhkəməylə hədələyənlər də az deyil. (gülür)... Əvvəldə də dediyim kimi, çalışdığın qurumu sudan quru çıxarmaq üçün çabalaya bilərsən, amma unutma ki, sən də jurnalistsən... İşin xatirinə həmkarını niyə ayağa verirsən? Ağlınca... 

Bu günə qədər az mətbuat katibləri olub ki, yazdığın xəbərə mətbuat katibi kimi reaksiya versin.. Bilirsiz niyə? Bəziləri elə cavab verir ki, elə bil qohum əqrəbasından söyüş dolu yazılan yazıya reaksiya verir. Başa düşürəm, jurnalistin yazısına görə federasiya rəhbərləri mətbuat katibinin üzərinə düşür.    

Bir neçə dəfə (ad çəkməyim) bəzi mətbuat katibləri yazdıqlarıma görə o qədər reaksiyalı olublar ki, xəbəri təqzib əvəzinə (öz təbirlərincə) "mən buradan çörək pulu qazanıram axı” deyə müdafiə metodlarını davam etdiriblər. Yəni "çörək pulu" qazandıqları üçün qurumu müdafiə edirlər, xəbərə münasibət bildirmək qalır bir kənara. (gülür)...

Amma yaxşı anlaşdığımız mətbuat katibləri də var..  Məsələn, PFL-in mətbuat katibi Aslan Şahgəldiyev... Nə xəbər olur olsun, xəbərin dozunun hansı acılıqda olmasından asılı olmayaraq adamı elə şirin-şirin yola salır, vermək istədiyin sual da yadından çıxır.  Zarafat bir yana, çox rahat şəkildə jurnalistin sualına cavab verir.  

Elə Azərbaycan Güləş Federasiyasının keçmiş mətbuat katibi Mayis Musayev də onun kimi.. Elə indiki, Sərxan Musalı da jurnalistlərlə əlaqədə, ünsiyyətdə bəyəniləndir.  

Son zamanlar dostlaşdığım mətbuat katibləri AFFA-dan Firuz Abdulla və Boks Federasiyasından Tahir Hümmətovdur. Hər necə xəbər yazsam da, xəbərin acılıq dərəcəsindən aslı olmayaraq əsla ünsiyyəti pozmurlar".

Röya Kərimli
Sport7.az

Комментарии