"Mətbuat katibləri ayrıseçkilik edirlər" - SORĞU



Futbol klublarımızın mətbuat katibləri haqda sorğumuz davam edir. 

Sport7.az-a danışan media nümayəndələri onların işini qiymətləndiriblər. 

Klubların mətbuat katibləri necə işləyir? Kimlə əlaqə qurmaq asandı, kimlə çətindi? Bu sualları ünvanladığımız korrespondentlərimizin fikirlərini təqdim edirik:

Səxavət Qurbanov (İdmanxeber.com): "Düzü, bu günə kimi bir problem yaşanmayıb. Hansı mətbuat katibinə yığmışıqsa, zənglərimizi də cavablandırıb, mesajlarımıza da cavab yazıb. Klublarımızda öz işini mükəmməl görənlərdən birincisi elə mətbuat katibləridi. Onlara klublarda daha yaxşı şərait yaratsalar, səlahiyyətlərini artırsalar, o zaman istənilən informasiya almaq bizim üçün də asan olacaq".

Hacı Mərdan (Newsport.az): "Məncə, Azərbaycanda çalışan futbol klublarının mətbuat katibləri öz işlərinin öhtəsindən layiqincə gəlirlər. Düzdü, bəzi istisnalar var, hansı ki, mətbuat katibləri ayrıseçkilik edirlər. Bu halla özüm şəxsən rastlaşmasam da, baş verir. Bu da qəbul olunmazdır. Amma ümumən götürəndə vəziyyət normaldır. Çünki onlara yaradılan şəraitə, vəsaitə baxdıqda görürük ki, öz üzərlərinə düşəndən daha artığını etməyə çalışırlar və məncə, bacarırlar. Azərbaycanın 2-3 klubu Avropa liqasının qrupunda, hətta "Qarabağ" Çempionlar Liqasının qrupunda oynadı. Gördüyümüz kimi "Qarabağ"ın mətbuatla əlaqəli iki əməkdaşı var. O iki əməkdaş bu yükün altından üzüağ çıxmağı bacardılar. Bunlara "Qəbələ"ni, "Neftçi"ni də aid etmək olar. Bu baxımdan desək beynəlxalq təcrübələri də kifayət qədərdir. 

Dialoqa qaldıqda isə, heç bir mətbuat katibi ilə hər hansısa bir problemim olmayıb. İstədiyim vaxt istədiyim suala cavab almışam. Məncə, hər şey normaldı. Sadəcə bəzi şeylər var ki, onların üstündə çalışsalar daha yaxşı olar.

Bugünkü gündə Azərbaycanda hər hansısa bir klub rəhbəri öz qohumunu və ya öz dostunu gətirib mətbuat katibi qoymur. Çünki Azərbaycanda mətbuat katibi olmaq ən əziyyətli işlərdən biridir. 

Klublarla yanaşı həmçinin federasiyaları qiymətləndirmək olar. PFL-in mətbuat katibi Aslan Şahgəldiyevin işini xususən vurğulamaq lazımdır. Çünki bu insanlar hər zaman mətbuatın yanında olub və problemləri dinləməyi bacarıblar. Onları yaddan çıxarmaq günah olar məncə. 

İstisnalar deyəndə juralistlər arasında ayrıseçkiliyin günahı bilavasitə klub rəhbərinin günahıdır. Çünki bir çox hallarda klub rəhbərləri mətbuat departamentinin işçilərinin işlərinə yersiz müdaxilələr edir. Bu da qıraqdan elə görünür ki, mətbuat katibi jurnalistlər arasında ayrıseçkilik edir. Amma əslində onu mətbuat katibi yox klub rəhbəri edir".

Elçin Əlixan (Milli.az): "Klubların mətbuat xidmətində çalışanlar hamısı jurnalist dostlarımızdı. Demək olar ki, hər birinin fəaliyyətindən razıyam. Bir "Səbail"dən başqa. Narazı olduğum məqamı qeyd edim. Həm klubun rəsmi saytı, həm sosial şəbəkələrdə səhifələrində paylaşılan yazılardan narazıyam. Qeyri-peşəkarcasına yazırlar. Azərbaycan dilində belə yaza bilmirlər. Sanki xarici vətəndaş "google translate"də Azərbaycan dilində tərcüməni verib. Tək narazılığım bundandı. Yoxsa Törə xanımın öz işindən razıyam. Nə vaxt zəng etmişəm vaxtında cavablandırıb. Və həmçinin digər klublar. Elmir, Elnur, Anar, Nurlan hər biri mənim dostlarımdı. Hər biri də klublar bağlı suallarımı vaxtında cavablandırıb". 

İbrahim Cəfərov (Futbolxeber.az): "Hamısı əla işləyir. Heç birindən narazılığım yoxdu. Hamısı dostlarımızdı, hansını pisləyək?(gülür)... Bu suala obyektiv cavab axtarırsınızsa, klubların saytları və "facebook" səhifələri hər şeyi göstərəcək. Cavab verməliyəmsə, Rüstəm Allahverdiyev, Anar Hacıyev və Rəşad Məmmmədovun adını çəkə bilərəm".

Röya Kərimli
Sport7.az

Комментарии