"Millimizin futbolçularına Azərbaycan maraqlı deyil" - MÜSAHİBƏ



Futboldan kənar sahələrdən olan tanınmış şəxslərlə müsahibələrimiz davam edir...

Bu dəfə müğənni Vüqar Muradov futbolla bağlı fikirlərini Sport7.az-la paylaşıb.


- Vüqar bəy, futbola marağınız varmı?
- İdmana marağım böyükdü. Təbii ki, futbola da maraqla baxıram. Bacardığım qədər stadiona gedib canlı tamaşa edirəm. Çox vaxt da efir vasitəsiylə izləyirəm. Əslində özüm də idman edirəm - fitnesslə məşğul oluram. Ümumiyyətlə, idman növlərini çox sevirəm. Məsələn, basketbol, futbol və bir çox idman növlərinə marağım var. 

 - Azarkeşlik etdiyiniz klub hansıdır? 
- "Qarabağ" və "Barselona" klublarının azarkeşiyəm. Düzdü, son vaxtlar "Qarabağ" bizi biraz məyus etdi, amma bu heç nəyi dəyişmir. Həmişə izləyirəm və dəstəkləyirəm.  "Barselona"ya gəlincə isə, illərdir bu klubun fanatıyam.

- Bir çox "Qarabağ" azarkeşi əzəli rəqibi "Neftçi"nin uğursuzluğuna sevinir. Bəs siz necə? Bu komandanın Avropa Liqası ilə vidalaşmasına sevindiniz, yoxsa ölkə adını təmsil etdiyi üçün uğursuzluğuna üzüldünüz?
- Tam əksinə. "Neftçi" keçən dəfə Rusiya "Arsenal"ını 3:0 hesabı ilə yendiyi oyunda məndə daha xoş təəssürat yaratmağa başladı. Böyük həvəslə həmin matçı izlədim, hər qol vurulanda da böyük sevinclə qeyd etdim. Fərq qoymadım. Məlum məsələdir ki, klublarımızın içində lider olaraq daha çox "Qarabağ"ı görmüşük, həm də bu ad bizim yaralı yerimizdi deyə bu kluba rəğbət daha çoxdu. Ancaq bu gün "Neftçi" də çox güclüdü. Kim güclü çıxış etsə, mən o kluba baxıram. Sözün açığı, "Neftçi"nin də uğuruna "Qarabağ"a sevindiyim qədər sevindim. Ancaq təəssüflər olsun ki, hər iki komandamız son oyunlarda uğursuzluq yaşadı. İstərdik ki, "Qarabağ" ÇL-də oynasın, ancaq qismət olmadı, canımız sağolsun. 

- Sizcə, bizim futbolçularda xarici futbolçulara nisbətən alınmamasının səbəbi nədir?
- Bizim futbolçuların ən böyük problemi yekəxanalıq, biraz tanınmaq, çay evi açmaq, gününü çay evlərində keçirtmək, qəlyan çəkmək, qızlarla əylənmək...Yəni, marağlarının belə şeylərə olması...

- Hər halda milli komandamızın da çıxışlarını izləyirsiniz? Necə qiymətləndirirsiniz?
- Bizdə bilirsiniz problem nədir - "Milli ruhun olmaması"... Dmitri Nazarov və onun kimi milliləşdirilmiş futbolçular heç biri Azərbaycansevər, vətənpərvər deyillər. Onlar sadəcə pul qarşılığında gəliblər. Türkiyədəki türklər kimi millətsevərlik, birlik onlarda yoxdu. Onlara Azərbaycan maraqlı deyil, azərbaycanca bilmirlər, heç dil onlara maraqlı deyil.  Sadəcə soyadları, doğulduqları yer Azərbaycan olduğu üçün, pul qarşılığında gəlirlər. Ona görə də həvəs, güc-qüvvət olmur. Ümumiyyətlə, futbol sistemində çox ciddi problem var. Nədisə neçə ildi biz onu tuta bilmirik. Düşünürəm ki, hər şeyin başında maliyyə dayanır - pulu düzgün yerə yatırmamaq, pulu düzgün şəkildə xərcləməmək. Lap məşqçi də olsa, neçə milyonluq olur olsun, o pulu ağıllı yatırmamaqdan söhbət gedir. Qaldı ki, futbolçulara, millimizdə "Qarabağ"ın futbolçuları çoxluq təşkil edir. Xüsusilə də, Qurban Qurbanovun zamanında bu baş verdi. Vəhdət təşkil etməlidi. Digər klublarımızda da istedadlı gənclər var, onları da milliyə cəlb etmək lazımdı. Azərbaycan millisi yalnız "Qarabağ"ın futbolçularından ibarət deyil. Güclü məşqlər keçilməlidi, digər klubların futbolçuları cəlb olunmalıdı. Komandada taktika, strategiya olmalıdı. Bəlkə də bizim üçün danışmaq asan olar. Ancaq onlar nə cür iş görürlərsə, bu sistem bizdə alınmır. 

- Özünüzü qatı azarkeş hesab edirsiniz? Matç izlərkən sakitliyinizi qoruya bilirsiniz, yoxsa emosional azarkeşsiniz?
- Olduqca emosionalam. Həm qələbələrdə, həm də məğlubiyyətlərdə stadionda səsimin batdığı vaxtlar olub.  Hətta hamı mənə baxır ki, "bu neyləyir belə?!" (gülür). Bizdə azarkeş qışqırması, emosiyalarına yanaşma hələ inkişaf etməyib. 

- Olub ki, səsinizin batması sizə hansısa tədbirə getməyə mane olsun, və ya hansısa oyuna görə gedəcəyiniz toydan, konsertdən imtina etmisiniz?
- Düzü, futbola görə toya getməkdən imtina etməmişəm. Heç düşünməmişəm ki, birdən səsim batar, sabah da toyum var. Səsim tez bərpa olub, ertəsi günlərdə gedib toyda oxumuşam. 

- Bəs özünüzü yaşıl meydanda sınamısınız? Futbol oynamaq qabiliyyətiniz varmı?
- Futbol oynamaq qabiliyyətim var. Ara-sıra oynayıram. Ancaq tez-tez oynamaq lazımdı.  Baxmayaraq ki, boyum uca olduğu üçün məndən yaxşı qapıçı olardı bəlkə də, ancaq özümü heç vaxt qapıçı kimi sınamamışam. Heç yaxşı qapıçı olmazdım. Boyum ucadı, sürətim yaxşıdı, məncə, yaxşı müdafiəçi ola bilərdim. 

Röya Kərimli
Sport7.az

Комментарии