- Tural, futbolla maraqlanırsan?
- Futbola uşaq vaxtı böyük marağım vardı. Son 5 ilə qədər fəal futbol izləyicisi idim. Ancaq futbol cameəsi ilə artıq əvvəlki qədər maraqlanmıram. Braziliyadan Yaponiya liqasına kimi, hətta uzaq coğrafiyalarda gedən çempionat və transferləri də izləyən mən, anidən futbolu əvvəlki kimi izləməməyə başladım. Özüm üçün də maraqlı durumdur.
- Bəs izlədiyin müddətdə hansısa kluba azarkeşlik edirdin?
- Mən özümü biləndən "Qalatasaray" azarkeşiyəm. "Çelsi" isə digər komandam idi. Tələbə vaxtı hətta "Neftçi"nin fan-klubunda idim. Səfər oyunlarına da gedirdim.
- Səni futboldan soyudan amillər nələr oldu?
- Futbol marağım ölməyib, yenə də stadiondan futbol izləməyi sevirəm. Sadəcə televizorda izləməyə artıq hövsələm çatmır. Bu da səbirsizliklə bağlıdır
- Gəl, biraz yerli futboldan danışaq... Azərbaycanda futbolun səviyyəsini necə qiymətləndirirsən? İnsanların çoxuna görə, futbol bizim qanımızda-canımızda yoxdur. Bəs sən necə düşünürsən?
- Azərbaycanda hamı futbolu bilir. Futbolun sevəni də çoxdur. Düşünmürəm ki, futbolun səviyyəsi aşağıdır. Mən tələbə olanda ağlıma da gəlməzdi ki, bizim klublar da UEFA qruplarında olar. İndi məhz "Qarabağ" sayəsində tarix yazılır. Sadəcə futbola yanaşma başqa olmalıdır. Ölkə çempionatında ən azı 12 klub olmalıdır. Buna nail olmaq lazımdır.
- Ölkədə klub sayının az olmasında əsas problemi nədə, kimdə görürsən?
- Məsələ odur ki, ölkədə beynəlxalq futbol yarışları keçirilir, klublarımız ölkə xalını qaldırır, qruplara düşürük, amma bu dövrdə əsas liqada bu sayda futbol komandası doğru deyil. Futbolun inkişagı üçün dövlət səviyyəsində illərdir iş görülür, nəsə etmək lazımdır. Günahkar kimdir bilmirəm, amma belə az komanda ilə əsas çempionat olarmı? Düşündürücüdür.
- Hansı klubların ölkə çempionatına qayıtmasını istərdin? Nə kimi dəyişikliklər olardı?
- İllər öncə Qazaxda "Göyəzən"in oyunlarını izləyirdim. Cani Animofeşi, Fisayo Abayomi kimi afrikalı legionerlərimiz indiyə kimi yadımdadır. Keşkə "Göyəzən" əsas liqaya qayıdardı. Yanılmıramsa, bir zamanların "Bakılı" ilə Sumqayıtın "Gənclərbirliyi" bəyəndiyim komandalardan idilər. Ölkənin əsas çempionatı çoxlu klublarla, bölgə futbolunun inkişafı ilə daha da rənglənər.
- Bu məsələdə əsas problemlərdə biri sponsorların olmamasıdır. Səncə, sponsorlar Azərbaycanda klub himayəyə götürməməkdə haqlıdırlar?
- Sponsor maliyyə qoyur ki, həm gəlir olsun gələcəkdə, həm də yaxşı reklam olunsun. "Qarabağ" timsalında gördük ki, qətiyyən haqlı deyillər.
- "Qarabağ"ın Avropada uğur qazanmağının əsas sirrini nədə görürsən? Əslində komandanın bir çox üzvü millidə də çıxış edir. Ancaq nəticə göz önündədir.
- Baş məşqçi amilidir. Tam əminliklə deyirəm ki, Qurban Qurbanov dünya səviyyəli baş məşqçidir.
- Millimizin son oyunları ilə bağlı nə düşünürsən?
- Millimizin artıq qruplarda daha yaxşı nəticə göstərməsini istəyirik. Bu qədər futbola qayğı var ikən, alınan nəticələr də ekvivalent olmalıdır. Xorvatiya ilə oyun göstərdi ki, millimiz istənilən komanda ilə yaxşı oyun göstərmək əzmindədir. Klub səviyyəsində futboldakı nailiyyətlərin milli səviyyəsində nümayişinin vaxtı çatıb artıq.
- Suallarım bu qədər. Son olaraq əlavə edəcəyin nəsə varsa, buyur.
- Futbol stres atan antidepresantdır. Futboldan zövq alaq.
Röya Kərimli
Sport7.az
Комментарии
Отправить комментарий