Bildiyiniz kimi, veteran futbolçu Nazim Süleymanovun sədrliyi ilə AFFA Azad Həmkarlar İttifaqı adlanan təşkilat yaradılıb. AFFA isə bununla bağlı bəyanat yayıb və bu qurumun qanunsuz olduğu, ittifaqda adı çəkilən şəxslərin heç birinin qurumla əməkdaşlığı olmadığını bildirilib.
AFFA Azad Həmkarlar İttifaqının sədri Nazim Süleymanov AFFA-nın bəyanatı ilə bağlı fikirlərini Sport7.az saytıyla bölüşüb:
- Nazim bəy, AFFA bəyanat yayıb ki, mətbuatda adı çəkilən insanların AFFA ilə heç bir əmək müqaviləsi olmayıb, ona görə də qurumun adından istifadə edib, AFFA yanında Həmkarlar İttifaqı təşkil etmək qanunsuzdur.
- Nazim Süleymanov, Novruz Əzimov, Səmədağa Şıxlarov, Əfqan Talıbov, Babək Alxasov, Əfqan Həmzəyev və orada olan insanlar başqa sahənin adamı olublar? Traktor sürüblər, yoxsa necə? Mən illərlə 19 yaşlılardan ibarət milli komandanın baş məşqçisi olmuşam. Futbolda anadan olub, futbolla yaşayıram. Əgər mən futbolla nəfəs alıramsa və bu günlərdə qıraqdayamsa, bu, başqa məsələdir. Mən Səhiyyə Nazirliyində işləmişəm, yoxsa Qafqaz Müsəlmanları dairəsində? Yenə deyirəm, yox traktor sürmüşəm? Bu nə məsələdir, anlamadım.
- AFFA-nın sizə qarşı belə aqressiv mövqeyinin arxasında nə gizlənir?
- Nə gizləndiyini bilmirik. Onu deyə bilərik ki, bizim məqsədimiz Azərbaycan futboluna xidmət etməkdir. O bəyanatı yazanlardan da xahiş edirəm ki, qanunun 5-ci maddəsinə baxsınlar. Həmkarlar İttifaqı müstəqildir. İstəsəniz, sizə 5-ci maddəni də oxuyaram.
- Buyurun...
- "Həmkərlar İttifaqının müstəqilliyi”
Həmkərlar İttifaqı dövlət orqanlarından, müəssisələrindən, siyasi partiyalar və ictimai birliklərdən asılı olmayıb, onlara hesabat verməməlidir. Dövlət orqanlarının və vəzifəli şəxslərin Həmkarlar İttifaqının hüquqlarının məhdudlaşdırılmasına səbəb olan və ya onların nizamnamələri çərçivəsində qanuni fəaliyyətinə maneçilik törədən hər bir kəsin müdaxiləsi qadağandır”.
Bu gün biz Azərbaycan ictimaiyyətinin, Azərbaycanın futbol adamlarıyıq. Başqa bir sahədə çalışmışıq. Yurçeviç, Obradoviç, Hakimlər Komitəsindən Ştuxlik, millinin baş həkimi Xomenko, yaxud Lipperd yığılıb Həmkarlar İttifaqı yaratmalıdır?
- Bir müddət öncə AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla müsahibəmiz əsnasında sizin rəhbərlik etdiyiniz Veteranlar İttifaqı fəaliyyəti haqqında danışmışdıq. O isə ayrı-ayrılıqda fəaliyyət göstərməkdənsə, bir qurum altında birləşib çalışmağı məqsədəuyğun görmüşdü. AFFA-dan sizə birlikdə işləmək təklif olunubmu, yoxsa ögey münasibət görmüsünüz?
- Həmkarlar Təşkilatı hər bir sahədə, hər bir müəssisədə olmalıdır. Təəssüflər olsun ki, 27 ildir Azərbaycan Futbol Federasiyasında bu təşkilat yoxdur. İşçilərin haqqını kim qorumalıdır - məhkəmə? Məhkəmədə Həmkarlar İttifaqı olmalıdır ki, insanların haqq və hüquqları qorunsun? Bu bir tərəfdən onlar üçün yaxşıdır ki, onların işi çox olduğu üçün üzərlərinə düşən vəzifələri Həmkarlar Təşkilatı görər. Bu, onlar üçün daha yaxşıdır. Ancaq təəssüflər olsun ki, vəziyyət gördüyünüz kimidir.
Biz qanun çərçivəsində bu işləri görürük. Bir neçə ay bundan qabaq Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının təşəbbüs qrupunu yaratdıq. Elxan Məmmədov özü şəxsən zəng vurub dəvət etdi. Biz 12 nəfərlik Təşəbbüs Qrupu olaraq getdik Elxan Məmmədovun qəbuluna. Görüşdə çox gözəl münasibət göstərib, "mən sizi dəstəkləyirəm” dedi. Tək mən yox, 12 nəfərin arasında belə dedi. Hamının yanında "Sizin kimi təşkilat yoxdur. Sizi dəstəkləyirəm. Sabah sənədləri gətirin verin", - dedi. Biz sabah gətirib verə bilmirik axı, hələ təşəbbüs qrupuyuq. Özü də orada dedi ki, sizdən əvvəl 3 nəfər gəlmişdi. Onlar Həmkarlar Təşkilatı yaradıb, sənədləri gətirib veriblər mənə. Üzvlərimizdən biri soruşdu ki, onlar futbol adamlarıdır? Dedi, xeyr. Ondan sonra məsələ bitdi. Bu haqqda danışılmadı.
Başladıq ayrı məsələlərdən danışmağa. Görüş bitdi. Biz ordan çıxanda yenə dedi ki, sənədləri hazırlayıb gətirin. əslində isə sənədləri hazırlayıb ona yox, aidiyyatı olan qurumlara verməliyik. Bu, müstəqil təşkilatdır – Həmkarlar Təşkilatı. Biz də öz fəaliyyətimizi göstərə-göstərə təsis etdik. Təsisdə də bilirik ki, AFFA-da Həmkarlar Təşkilatı yoxdur. Biz başqa sahələrdə işləmişik axı. Onsuz da yoxdur belə bir təşkilat. Etməyək? Bizim ali qurumumuz haradır? - AFFA. Ona görə də AFFA-nın nəzdində Həmkarlar Təşkilatını təsis etdik.
- Nazim müəllim, axı siz millidə işləyəndə müqaviləniz olub. Bu gün yayılan bəyanatda o adamların AFFA ilə müqaviləsi, əməkdaşlığı olmayıb, demələri nə dərəcədə məntiqlidir?
- Biz çox dərinə getmək fikrində deyilik. Olan şeyləri deyirik. O zaman getsinlər Obradoviçlər, Yurçeviçlər və digərləri Həmkarlar İttifaqı yaratsınlar.
- Tədbirdən sonra AFFA-ya müraciət etdiniz, yoxsa sadəcə xəbər tutub belə bəyanat yaydılar?
- Biz iki gün əvvəl AFFA-nın mətbuat katibi Firuz bəylə zəngləşdik və dedik ki, belə bir tədbirimiz olacaq, təşkilatı təsis edirik və baş katib Elxan Məmmədovu da dəvət edirik.
- Amma gəlmədi...
- O gəldi-gəlmədi, Həmkarlar İttifaqı müstəqildir. Bizdən demək idi. Bizim hələ yerimiz yox, yurdumuz yox, amma Azərbaycan futbolu üçün çalışmaq və töhfələrimizi vermək istəyirik.
- AFFA konkret olaraq mövqeyini bildirib ki, biz bu təşkilatı qəbul etmirik. Bundan sonra nə etmək fikriniz var?
- Qanuna sığınaraq sənədlərimizi aidiyyatı qurumlara verəcəyik. Biz ictimai təşkilatıq və öz fəaliyyətinimizi göstərəcəyik. Qanun da bizə icazə verir ki, ictimai təşkilat öz fəaliyyətini göstərsin.
Röya Kərimli
Sport7.az
Комментарии
Отправить комментарий