"Azərbaycan futbolunun şərəfi hər kəsi düşündürməlidir" - AÇIQLAMA



"Bildiyimiz kimi, 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsində milli komandamız yığdığı 1 xalla  UEFA üzvü olan 55 ölkə arasında 53-cü yeri tutub. Bu, müstəqillik dövründə ən pis nəticədir. Statistikadan Malta, Farer adaları, Lixtenşteyn və kimi cırtdan ölkələri təmsil edən yığmaların bizdən çox xal topladığını oxumaq çox üzücüdür". 

Bu sözləri Sport7.az-a "Cümhuriyət" qəzetinin redaktoru Elman Cəfərli millimizin AVRO-2020-nin seçmə mərhələsində uğursuz çıxışını dəyərləndirərkən bildirib. 

O, yığmamızın 24 ildən sonra antirekordunu təkrarlarayaq qrupda 1 xalla sonuncu olmasına belə şərh verib:

"2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” qəbul edilmişdi. Belə çıxır ki, bu proqram heç nəyə nail olmayıb. Ortada dişəvurulası nəticə yoxdur. Halbuki dövlət orqanları proqramın icrasına gərəkən dəstəyi vermişdi. Bəs nədir bizi geri salan? Doğrudanmı azərbaycanlılar futbol oynaya bilmir? Məncə, bu nəticəyə gəlmək hələ tezdir. Bir onillik alınmadısa, mütləq yenidən cəhd etmək lazımdır. Uşaq futboluna diqqət artırılmalı, regionlarda futbol dirçəldilməlidir. Futbol mütəxəssisləri rayon-rayon, kənd-kənd gəzib istedadlı uşaqları toplamalı, onları futbol məktəblərinə cəlb etməlidir.
 
Fikrimcə, futbol təmayüllü internat məktəblərinin yaradılmasına ehtiyac var. Azərbaycan futbolunun şərəfi hər kəsi düşündürməlidir. Ölkə futbolunda təsadüfi adamlar var. Onlar nəhayət ölkənin şərəfini hər şeydən uca tutmalı, bacarmadıqları işi buraxıb getməlidirlər. Mənim fikrimcə, futbol təsərrüfatına da əcnəbi mütəxəssilər cəlb olunmalıdır. Onlar gəlib futbol məktəbləri yaratmalı, seleksiya işləri ilə məşğul olmalıdır. Azərbaycan futbolunda tayfabazlığa, qohumbazlığa, regionçuluğa, məzhəbpərəstliyə son qoyulmalıdır. Qrupbazlıq yığışdırılmalıdır.
 
Hər mərhələdə bir uğursuz baş məşqçi tapıb gətirirlər. Almaniya ilə qrupa düşəndə Berti Foqtsu, Xorvatiya ilə düşəndə Yurçeviçi gətirirlər. Sırf azərbaycanlı təfəkkürü ilə - "Onların mütəxəssinə çörək veririk, bizə xal versinlər, az qol vursunlar”. Bu düşüncə ilə millinin oyunlarına yanaşmaya son qoyulmalıdır. İlkin mərhələdə-yerli futbolçu yetişənə qədər yığmaya Miçel, Almeyda, Zubir, Xayme, Slavçev, Enrike səviyyədə futbolçuları tapıb milliləşdirmək lazımdır. Yoxsa çətin olacaq.
 
Biz Qafqaz mentaliteti daşıyırıq. MDB-dən baş məşqçi gətirilməlidir deyə düşünürəm. Məsələn, Qurban Berdıyev, Yuri Syomin, Valeri Karpin bu posta gətirilə bilər. Bizimkilərə əslində Stanislav Çerçesov kimi sərt bir futbol adamı lazımdır ki, dəmir intizam yaratsın. Millinin baş məşqçisi türkiyəli ola bilər. Onlar da bizimkiləri motivasiya etməyi bacarar. Qəti fikrimdir: Futbola yenə çox Sovet təfəkkürlü bu adamlar rəhbərlik edəcəksə, heç bir nəticə olmayacaq. İsgəndər Cavadov kimi adamlara AFFA yaxşı pensiya versin, o da çıxıb getsin futbol təsərrüfatından. Mən əminəm hörmətli İsgəndər müəllim müasir futbolu bilmir. Uşaq futbolu, regional futbol müasir futbolu bilənlərə tapşırılmalıdır".
 
Röya Kərimli
Sport7.az

Комментарии