“Buna görə elə baş məşqçiliyə daim əcnəbilər gətirilir...” – Millinin 1 xal yarası...



Milli komandamızın AVRO-2020-in seçmə mərhələsində qrupda 1 xalla sonuncu olması futbol ictimaiyyətində ciddi etirazlara səbəb oldu. 

Məsələ ilə bağlı futbol ictimaiyyətinin bir çox nümayəndəsinin fikrinə yer verdik. Bu dəfə azarkeşlər Sport7.az-a yığmamızla bağlı öz iradlarını bildiriblər. 

Rüstəm Əfəndiyev: "24 ildən sonra eyni nəticəyə döndük. Biabırçılıqdır. Ona görə yox ki, cəmi 1 xal yığmışıq. Bu dəfə rəqiblərin hamısı bizdən çox güclü idi. Bizim səviyyəmiz də bəllidir. Ona görə ki, komanda oyun oynamır, futbolçular can qoymur. Yurçeviçin üstünə yıxıb, onu güdaza verib, yenə əcnəbi gətirəcəklər. Əcnəbinin müqaviləsi və ayrılan pullar çoxların şirnikləşdirib. Buna görə elə hey əcnəbilər gətirilir, yerli məşqçiyə işləmək imkanı verilmir. Əcnəbi lap super məşqçi olsun, fərq etməz. Milli komanda futbolun üst pilləsidir. Əsas özül çürükdür - çempionat və bölgə futbolunun məhvi buna gətirib. 1994-95-ci illərdəki nəticə eyni olsa da, o vaxtın oyunçuları meydanda vuruşurdu, futbol oynayırdı. İndikilərdən meydanda vuruşan tək-tük futbolçu var. 1 xala bəraət qazandıra bilərlər ki, rəqiblər çox güclü idi. Düzdür, həqiqətən ən ağır qrupdaydıq. Amma bivec oyuna və səviyyəsiz futbola heç nə bəraət qazandıra bilməz. Böyük pullar futbolumuza bədbəxtlik gətirdi.
 
İdman, prestij, ölkənin şərəfi, nəticələr və s. bu adamların (bütün futbol strukturunu nəzərdə tuturam, meydanda oynayan 11 nəfəri yox) maraqlandırmır. Ancaq şou, pul, saxta təbəssümlər. Xorvatiya bizə xal verdi (düzdür, uşaqlar da vuruşurdu), sevindik ki, dünya ikincisindən xal aldıq. İlk oyunda xorvatlar çox sıxışdırmadı, sevindik ki, məşqçi uduzsa da, işini bilir, oyunçuları tanıyır, ən azı oyun mübarizə olacaq. Bir də Uelslə səfər oyununu necə oldusa futbol oynayaraq uduzdular. Məşqçinin ciddi əhəmiyyyəti olmasa da, bizim durumda, deməliyəm ki, Yurçeviç baş məşqçi olacaq adam deyil. Görünür, asistent işləyən biri, sərbəst məşqçiliyi bacara bilməz. Ən əsas çempionatı bərpa etmək lazımdır. Hazırki yarışa nə istəsən, demək olar, təkcə çempionatdan başqa. Klublar, bununla da oyunçular artmalıdır. Məşqçi bu dəqiqə yerli olmalıdır ki, azsaylı oyunçularımızı tanısın, bilsin. Xariciyə o qədər pul tökmək ancaq israfçılıqdır. Ola bilsin ki, kimlərəsə məhz bu sərf edir..."

Talıb Bağırov: "10 milyonluq vətəndaşı olan Azərbaycandan Almeydanı çıxmaq şərti ilə 10 nəfər milli ruhda döyüşkən futbolçu yetişmədiyi üçün çox təəssüf. Hər dəfə hər şeyə rəğmən millinin oyunlarına böyük ümidlə baxırıq. Amma yenə də məyus oluruq. Futbol saytlarının birində Slovakiya ilə oyun öncəsi belə başlıq oxudum: "Yurçeviç: Sabah Azərbaycan üçün oynayacağıq”... Bəs əvəl nə üçün oynayırdınız ki? Mənə görə, oyunda ən çox can qoyanlar Ramil Şeydayev, Bəhlul Mustafazadə və Emil Balayev idi. Məncə, AFFA-da kadr islahatları getməsə, çempionatın formatı dəyişdirilib - 10 klub yox, 16 klub olsa və bu 16 klubun 10-12-si region klubları olsa, vəziyyət dəyişər. Hardadır "Xəzər Lənkəran", "Muğan", "Karvan", MKT - "Araz" kimi klublar?! Belə getsə, siyahıya "Qəbələ" də əlavə olunacaq. Bu qədər narazılıq, mənfi rəylər sanki AFFA-nın vecinə deyil. "Qarabağ" neçə ildir ki, ardıcıl Avropa Liqalarına vəsiqə qazanır, stadionları doldurur, fəxrimizdir. Bəs niyə ölkə çempionatına 300 adam gedir? Çünki maraqlı deyil. Televiziyanı nə vaxt açırsan, "Sumqayıt" – "Qarabağ", ya da "Neftçi"- "Səbail" oynayır... Nə qədər? Bezdik axı..."

Elman Tağıyev: "Artıq utanıram..."

Röya Kərimli
Sport7.az

Комментарии