Emil İosifoviç Kitelman Bakıda doğulmuş israilli futbolçudur. O, futbola 8 yaşında "Neftçi"nin uşaq futbol məktəbində başlayıb.
Gənclik illərində Bakı Biznes Universitetinin Menecment fakultəsində təhsil alan Emil 1998-2002-ci illərdə "Xəzər Universiteti", "Bakılı" və "Şəfa" kimi komandaların heyətində çıxış edir. Lakin 2002-ci ildə ailəsi ilə İsrailə köçməli olan Kitelman futbol karyerasına bu ölkədə davam edir. O, İsraildə yaşadığı 4 il müddətində ölkənin I Liqasının "Makkabi" (Qerseliya), "Seksiya Nes-Siona" və "İroni Kvar-Yena" kimi klublarında çıxış edir.
Bir müddət 19 yaşlılardan ibarət milli komandamızın da üzvü olan yarımmüdafiəçi 2006-ci ildə Bakıya geri dönür və "Olimpik" komandasında çıxış edir. 2010-cu ilədək futbol karyerasına davam edən Emil bu müddətdə "Masallı", "Bakılı", "Muğan" və "Rəvan" klubların şərəfini qoruyur. Lakin bir müddət sonra Emil Kitelman adı böyük futbolda yavaş-yavaş sönür.
Səbəbini isə Emil Kitelman Sport7.az-a müsahibəsində özü danışır.
- Emil, işləriniz necə gedir? Hardasınız, nə işlə məşğul olursunuz?
- Hər şey əladır. İsraildə yaşayıram. Öz firmam var, mənzillərin elektrik sisteminin quraşdırılması və təmiri ilə məşğul oluruq.
- Arxaya baxdıqda futbol karyeranızı necə xatırlayırsınız?
- Karyeram haqda bilirsiniz ki, Azərbaycanın bir çox klublarında və U-19 yığmasında çıxış etmişəm. İsrailin I Liqasında da oynamışam, lakin "Olimpik"dən (Bakı) təklif gələndən sonra Azərbaycana qayıtmaq qərarına gəldim. Daha sonra "Bakılı", "Masallı", "Rəvan" kimi komandalarda oynadım. Elə yüksək liqada son klubum "Rəvan" oldu. Həmin vaxtlarda bizi Vyadislav Kadırov çalışdırırdı. Fikrimcə, komandada hər şey normal idi. Ancaq baş məşqçimizi dəyişərək Nadir Qasımovu gətirdilər. Hansı ki, "Rəvan"a keçməzdən öncə oynadığım "Bakılı"da baş məşqçi idi. Mövsümün sonunda da istefaya göndərib Kadırovu geri qaytardılar. Matçlardan birində zədələndim və oynaya bilmədim. Həkimlər isə səbəbini bilmədilər. Ancaq Kadırov qəsdən oynamadığımı düşündü. Mövsümün sonunda İsrailə evə qayıdacağımı və orada həkim yoxlanışından keçəcəyimi dedim. Ona qədər oyunlara iynə ilə çıxırdım və Bakıda ağrımın səbəbini tapa bilmirdilər. Getdim İsrailə, müalicə aldım və 1 ay qalmalı oldum. Bakıya qayıdanda Kadırova lazım olmadım. Halbuki, mən "Bakılı"da oynayarkən "Rəvan"a keçməyim üçün məni özü dilə tutmuşdu...
- Bəs sonra nə oldu?
- Heç... Zədədən sonra bir də heç bir kluba götürmədilər. Hətta baxışa getmək istəyirdim, qəbul etmirdilər. Səbəbinin isə nə olduğunu belə anlamırdım. Həmin vaxtlar həyat yoldaşım ilə sevgili idik, ona görə İsrailə qayıtmaq istəmirdim. Forma yığma üçün I Divizionda oynadım, ancaq bu, yalnış qərar idi. Endikdən sonra qalxmaq çətin olur, sənə başqa cür baxırlar.
- Qardaşınız Mixail Kitelman da futbolçu idi. Bəs o haradadır?
- Mixail də karyerasını Azərbaycanda başa vurdu. O da indi İsraildə yaşayır.
Röya Kərimli
Sport7.az
Комментарии
Отправить комментарий