İçimizdən yeyən qurdlar - YAZI

Utanıram... Millimizin futbolçularının, ölkə futbolunu idarə edənlərin, futbolu bu vəziyyətə salanların və onların tərəfini tutanların yerinə utanıram. Tək mən yox, ölkədə futbolu sevən və vicdanla yanaşan hər bir kəs hazırda xəcalət çəkir. Neynək?! Onlarda bu duyğu olmadığı üçün əvəzlərinə bu hissi biz keçiririk. 

Demirik ki, əvvəllər böyük uğurlar qazanmışıq, indi eniş yaşayırıq deyə tənqid edirik. Yox, biz elə həmişə uduzmuşuq, həmişə qrupda sonlarda olmuşuq, həmişə üzülən tərəf olmuşuq. Bizim 0:10, 0:8 hesabı ilə uduzduğumuz günlər olub. Həqiqəti dana bilmərik. Ancaq bu utanc oyunların nəticəsinə görə deyil, bu insanlara görədir. Futbolun belə insanların əlinə düşməsinə, onların futbolsevərləri, futbolda vicdanla çalışanları, jurnalistləri, azarkeşləri axmaq yerinə qoymasına görədir. 

Futbolçuların oyunu barədə yazacaq bir şey yoxdur. Qardaş, bunların bacardığı budur. Artıq nə gözləyə bilərik ki?! Bir şey birinin qabında yoxdursa, onu ha danla, tənqid, hətta təhqir elə, yenə də dəyişən bir şey olmayacaq. Və o "sürü"nün başına, kobud olsa da, artıq "komanda" sözü deməyə adamın dili gəlmir, həə, bu "sürü"nün başına da kimi gətirirsən gətir, nəsə dəyişən deyil. Ona görə də baş məşqçi haqqında ümumiyyətlə danışacaq bir şey qalmır. Kimliyindən asılı olmayaraq, gələn-gələn pulunu qazanır, gedir. Onların bir çoxuna tək ziyan o oldu ki, Torres, Foqts, Prosineçki kimiləri dünya futbolunda qazandığı adı Azərbaycan millisi ilə ləkələyib getdi. Bu, bir kənara. Bunlar artıq çürümüş mövzulardır. Adamın bu haqda yazaraq barmaqlarını incitməyə də heyfi gəlir. 

Yuxarıda 10-15 il əvvəlki uğursuzluqları qeyd etdim. Bəli, biz məğlubiyyətlərə öyrəşmişik. Amma uduzmaqdan uduzmağa fərq var, baxır, kim uduzur. Məğlubiyyətdən sonra zarı-zarı ağladığım anlar olub. Bəs bu gün niyə ağlamıram, bu gün niyə üzülmürəm? Əskinə, bəzən əsəbiləşib, "bunlara yaxşı oldu" da deyirəm. Bunun milli ruhla əlaqəsi yoxdur, bu, birbaşa millidən süi-istifadə edənlərə qarşı kindən qaynaqlanır. 

Niyə əvvəl o qədər ağır məğlubiyyətlərə baxmayaraq, nifrət etmirdik, niyə oyun günü yenə hamımız bir olurduq? Niyə uduzandan sonra nifrət yox, əzab, göz yaşı,üzüntü olurdu qəlbimizdə? Çünki o dövrün futbolçuları ilə indikilər bir deyildi. Çünki o futbolçular bacarıqları, təcrübələri rəqibdən qat-qat aşağı olsa da, meydanda can qoyurdular, bir-birindən zəif olmaq, geri qalmaq istəmirdilər. Rəqabət vardı, həm növbəti oyuna dəvət almaq, həm də pul qazana bilmək üçün. Aha, söhbət yenə hərlənib-fırlanıb gəlir ölkə çempionatında çıxış edən komandaların sayına. 

16-18 komandalıq çempionatdan, orta hesabla götürsək, 10-a yaxın klubdan nə qədər futbolçu millinin üzvü idi. Hər dəfə heyət dəyişirdi, hamı həyəcanla millinin sıradakı oyununa kimlər dəvət aldı deyə, maraq içində olurdu. Rəqabət vardı. Futbolçu növbəti oyuna dəvət almaq üçün həm ölkə çempionatında, həm millinin heyətində özünü göstərməyə çalışırdı. Düzdür, qələbə, nəticə olmurdu, çünki yetərli dərəcədə şərait, təcrübə, fiziki və taktiki güc yox idi. Amma ürək vardı, istək vardı, can atırdılar nəyəsə. Və biz bunu oyunu izləyərkən hiss edirdik. Ona görə də inciklik, tənqid olsa da, nifrət olmurdu. 

Amma bu gün bu gün çempionatda çıxış edən 8 komanda heç öz heyətinə futbolçu tapa bilmir. Hər dəfə eyni adlar, eyni oyun, eyni nəticə. Amma yüksək gəlir və mükafatlar var. Bunlar bir futbolçuda necə özgüvən yaratmasın?! "Onsuz da çağırmağa futbolçu yoxdur, yenə məni çağıracaqlar, gedib uduzub gəlsək də, yenə eyni pulu alacağıq” fikri ilə yanaşan futbolçuların, "Bizə inanmırlarsa, oyunumuza baxmasınlar" deyən Ramil Şeydayev kimilərin uduzmasına üzülmək, ağlamaq axmaqlıq olmazdımı? 

Onsuz da yetərincə axmaq yerinə qoyuluruq, heç olmasa futbolçular buna nail olmasın. Deyir, ağacı qurd içindən yeyər. Klublarla, məşqçilərlə, futbolçularla, federasiya ilə əlaqələrdə mətbuatın iki, hətta bir neçə budağa ayrılmasına dəfələrdə şahid olmuşuq. Kimisini çox şişirdib, o həddə çatdırıblar ki, azarkeşlərə, jurnalistlərə qarşı kobud davranmaq cürətini tapıb, kimisini nəyinsə-kiminsə xətrinə haqsız yerə vurublar, kimi tutduğu posta görə qalxıb göyün zirvəsinə, onu-bunu xor görüb və ya kiməsə, nəyəsə görə ətrafındakılara düşmən olub, sonda da peşmançılığını çəkib və buna bənzər bir çox hallar yaşanıb. Hər şeyi keçmək olar. Amma ölkə futbolunu bu hala salanların önünə çıxanların ən azı "AVRO-2020-nin final mərhələsində çıxış edəcəkdik, nə oldu?" - sualını vermək əvəzinə, kənardan konkret şəxsin "mənfi imicini formalaşdırmağa çalışırıq” ittihamı ilə üzləşmək idman mətbuatında vicdanla çalışıb, kimsəyə "eyvallah"ı olmayanlar üçün böyük haqsızlıqdır. 

Röya Kərimli

Комментарии