Məlum olduğu kimi, Nikola Yurçeviçin başçılıq etdiyi milli komandamız Avro-2020-nin seçmə mərhələsində 1 xal toplayaraq qrup sonuncusu oldu.
Sport7.az saytı yerli mütəxəssislər arasında sorğu keçirib.
Görəsən, onlar millimizin başında olsaydılar, bu qrupda hazırki şərait və heyətlə hansı nəticəni göstərib, neçə xal toplayardılar? Mütəxəssislərimizin fikirlərini təqdim edirik:
Şahin Diniyev: "Futbol proqnozu sevməyən bir oyundur. Kimsə 30 xal da toplaya bilərəm deyər, 1 xal da... Bir yaxşı ifadə işlətdiniz - "bu şəraitdə, bu qrupda"... Özünə hörmət edən istənilən mütəxəssis hansı oyunu udub, hansını uduzacağını konkret deyə bilməz. Məşqçi gələndə deyir ki, maksimum nəticə, xal toplamağa çalışacağam. Bu, istəkdir, arzudur. Ancaq istəyin-arzunun necə həyata keçməsi zamana, reallığa söykənən məsələdir. Misal üçün, mən məşqçiyəm, 9-cu dəqiqədə mənim komandamın qapısına qol vuracaqlar. Mən onu əvvəlcədən bilsəm, topu qoltuğuma vurub gedərdim "razdevalka"ya , heç o qol da olmazdı. Futbol belədir, səni nəyin gözlədiyi əvvəlcədən bilinmir. Bəlkə kimsə konkret cavab verə bilər, ancaq konkret çox, ya az xal yığardım demək mənim üçün çətindir ".
Vaqif Sadıqov: "Bu, futboldur. Qabaqcadan xal proqnozlaşdırmaq çətindir. Mən onu deyə bilərəm ki, biz də, kimsə ayrı adam da işləsəydi, maksimum xal əldə etmək istərdi Məncə, Yurçeviç də o məqsədlə gəlmişdi ki, imkan qədər çox xal əldə etsin. Ancaq belə oldu. Yəni, mən sırf xalı demək fikrində deyiləm. Bu gün AFFA tərəfindən bütün yığma komandalar üçün hər bir şərait yaradılıb. Biz hər birimiz də yığma komandadan uğurlu çıxış gözləyirik".
Yunis Hüseynov: "Olmayan şeydən danışmayaq (gülür)... Kimsə desə ki, filan qədər xal toplayardım, demək yalan danışır. Onlara inanmayın. 1 xal yığmağımız yaxşı deyil. Onu hamı dərk edir ki, bu heç yaxşı olmadı. Hamı istəyərdi ki, çox xal toplasın. Ancaq gələcəyə ümidlə baxmaq lazımdır. Əl qolumuzu bağlayıb aşağı baxmaq olmaz. Gələcəyi və nə edəcəyimizi düşünmək lazımdır ki, milli komandamız uğur qazansın".
Samir Abasov: "Bu xal məsələsini həddindən artıq şişirdirlər. Mənim fikrimcə, bizim bugünkü durumumuzu xal əks etdirmir. Bizim vəziyyətimizi göstərdiyimiz oyun əks etdirir. Aşağı yuxarı 4-5 xal yığsaydıq nə olacaqdı, nə dəyişəcəkdi? Bizə "ustupka" edib Avropa çempionatınamı göndərəkdilər? Vallahi, mən bunu anlaya bilmirəm. Yapışıblar xaldan. Biz sanki Avropa düşüncəsindən biraz geri qalırıq. Başım çıxmır ki, niyə xalı əlimizdə bayraq edirik?! Mən onu demək istəyirəm ki, istər Uels, istər Macarıstan, istər Slovakiya ilə başqa cür oynayıb xal götürə bilərdik. Amma bu mənim üçün o qədər də önəmli deyil. Sadəcə, üzüldüyüm oyundur. Ki, oyun görmədim... Seçmə mərhələ ərzində görmədim.... Amma orada olsam necə olacağını demək üçün, orada olmalı idim. Həm mərhələdən əvvəl, həm sonra. Amma neçə xal toplamaq məsələsinə gəlincə, əvvəlcədən nəsə deyərək günaha batarıq. Lakin oyun barədə fərqlilik olardı, amma yaxşı ya da pis olduğuna artıq insanlar fikir bildirərdi".
Aftandil Hacıyev: "Biraz çətin sualdır. Çünki Avropadakı rəqiblər heç biri asan deyil. Orada zəif rəqib anlayışı yoxdur. Əvvəlcədən nəticə haqqında danışmağı da xoşlamıram. Amma milli naminə əlimdən gələni edərdim. Bacarığım varsa, ortaya qoymaya çalışardım".
Arıf Əsədov: "Bu sual reallığa uyğun deyil. Bu millinin içində mən də varam. Ümumi deyə bilərəm ki, çətin qrup idi. Əlbəttə söhbət 1-2-ci yerə çıxıb növbəti mərhələyə adlamaqdan gedə bilməz. Komanda yeni idi. Burada məqsəd komandanı gələn mərhələ üçün formalaşdırmaq idi. Təsəsüflər olsun ki, 1 xal topladıq. Əgər 1 xalımız qaytarılsaydı və Uelslə də, Slovakiya ilə də heç-heçə edə bilsəydik hardasa 3-4 xalımız ola bilərdi. Amma dediyim kimi əsas məqsəd yeni komanda formalaşdırmaq idi. Keçən Millətlər Liqasındakı heyətin 70%-i dəyişərək, yeni oyunçular cəlb olunaraq heyətdə gəncləşmə getdi. Amma hardasa perspektiv vədd edən komandadır. Keçən mərhələdən fərqli olaraq bu dəfə Lixtenşteyn kimi, Malta kimi zəif rəqib düşməmişdi. Ki, ötən mərhələlərdə olduğu kimi 7, 8, 10 xal toplayaq. Təəssüflər olsun ki, futbol dili ilə desək ən zəif biz idik. Digərləri isə bərabər səviyyəli və növbəti mərhələyə çıxan komandalar idi".
Röya Kərimli
Sport7.az
Комментарии
Отправить комментарий