2019 Azərbaycan ağır atletikası üçün necə keçib? - SORĞU



"2019-cu ili Azərbaycan ağır atletikası üçün uğurlu saymaq olar. İdmançılarımız beynəlxalq arenada bir sıra medallar qazandılar, gələcək yarışlara da ümidlə baxmağımız üçün imkan yaratdılar. Bu, xüsusilə yeniyetmə və gənc atletlərimizə aiddir". 

Bu sözləri Sport7.az-a Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat katibi Kənan Məstəliyev başa çatmaqda olan ilin ağır atletikamız üçün uğurlu olub-olmaması ilə bağlı sorğumuza cavabında deyib.

Federasiya rəsmisi ilin yekunlarını belə dəyərləndirib: "İlk olaraq 8-16 mart tarixlərində ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında 8-ci dünya birinciliyi Azərbaycan yığma komandası üçün əlamətdar hadisələrlə yadda qalıb. 55 kq çəki dərəcəsində Ömər Cavadov, 67 kq çəki dərəcəsində isə Rüstəm Qasımov birdən qaldırma hərəkətində bürünc, 102 kq çəki dərəcəsində Əli Şükürlü həm birdən, həm təkanla qaldırmada, həm də toplamda bürünc medalla fərqlənib. Sonda isə Rəhman Kazımov +102 kq çəki dərəcəsində təkanla qaldırma hərəkətində qızıl medal qazandı. Yarışı toplam 6 medal – 5 kiçik və bir bürünc medalla bitirən Azərbaycan yığma komandası ölkə ağır atletika tariximizə qızıl hərflərlə yazılan uğura imza atıb. Belə ki, bu dünya birinciliyində Azərbaycan millisi oğlanlar arasında komanda hesabında yüksək 5-ci yeri tutmağı bacarıb (Medal hesabında isə yığmamız 10-cu pillədə qərarlaşıb). İndiyə qədər bu nəticəyə heç bir komandamız nail ola bilməmişdi.

17-27 oktyabr tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə yaş 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyində Səbinə Əzimova yaşı 20-yə qədər olan atletlərin 55 kq çəki dərəcəsində, Elşad Şərifov isə yaşı 23-ə qədər olan atletlərin 73 kq çəki dərəcəsində təkanla qaldırma hərəkətlərində bürünc medala sahib çıxıblar. 

7-14 dekabr tarixlərində İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyində təmsilçilərimiz 3 böyük (1 qızıl, bir gümüş və bir bürünc) və daha 6 kiçik (1 qızıl, 2 gümüş və üç bürünc) olmaqla 9 medal – 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanaraq uğurlu çıxış nümayiş etdiriblər. Atletlərimizdən yaşı 15-ə qədər olan qızlarda 76 kq çəki dərəcəsində Rahilə Hüseynova təkanla qaldırma hərəkətində gümüş, toplamda bürünc, yaşı 15-ə qədər olan oğlanlarda 61 kq çəki dərəcəsində Elşən Məmmədov birdən qaldırma hərəkətində gümüş, təkanla qaldırma hərəkətində bürünc medal, toplamda qızıl, 73 kq çəki dərəcəsində Nurlan Məmmədzadə təkanla qaldırma hərəkətində qızıl, toplamda gümüş, yaşı 17-yə qədər olan oğlanlarda isə 67 kq çəki dərəcəsində Rüstəm Qasımov və 96 kq çəki dərəcəsində Tarmenxan Babayev təkanla qaldırma hərəkətində bürünc medala layiq görülüblər. Elşən Məmmədov öz çəkisində toplamda, Nurlan Məmmədzadə isə təkanla qaldırma hərəkətində yeni Avropa rekordunu müəyyən ediblər. Atletlərin fərdi mübarizəsində də Elşən Məmmədov fərqlənib. O, yaşı 15-ə qədər olan oğlanların mütləq birinciliyində Sinkleyr cədvəli üzrə 341.1 xalla Avropanın ən yaxşı atletinin sıralamasında 7-ci yerdə qərarlaşıb. Komanda şəklində isə yaşı 17-yə qədər olan atletlərimiz ön plana çıxıblar. Belə ki, toplam 558 xal əldə edən bu yaş yığmamız Avropa birinciliyində komanda hesabında 4-cü yeri tutmağı bacarıb".

Kənan Məstəliyev bunlarla yanaşı, böyüklərdə atletlərimizin bir sıra beynəlxalq yarışlarda da qüvvələrini sınadıqlarını bildirib: "Nailxan Nəbiyev Belarusun Qrodno şəhərində keçirilən Olimpiya çempionu Aleksandr Kurloviçin xatirəsinə həsr olunan gümüş səviyyəli lisenziya Qran-Prisndə gümüş medal əldə edib. Həmin yarışda Boyanko Kostova bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb. Kostova Türkiyənin Qaziantep şəhərində keçirilən üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş turnirdə də qızıl medal əldə edib, yarışın mütləq qalibi olub. Böyanka elə bu gün Qətərin paytaxtı Dohada keçirilən 6-cı Qətər Beynəlxalq Kubokunda da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Hazırda Tokio 2020-ci il Olimpiya Oyunlarına vəsiqə qazanmaq və orada uğurla çıxış etməyə ən real namizədimiz də məhz odur. Boyankanın, həmçinin il ərzində müxtəlif yarışlarda uğurla çıxış edən azyaşlı idmançılarımızın çıxışları bizə gələcəyə ümidlə baxmaq imkanı verir". 

Röya Kərimli
Sport7.az

Комментарии