İlin yekunlarına həsr olunmuş sorğumuz davam edir.
Tanınmış idman jurnalisti Sənan Şəfizadə bitmək üzrə olan 2019-cu ilin Azərbaycan idmanı üçün necə yadda qaldığından danışıb.
Sənan bəy Sport7.az-a açıqlamasında ilin yekunlarını belə dəyərləndirib:
"2019 idmanda bir sıra ilklərlə yadda qaldı. Şahmatçı Teymur Rəcəbov Dünya Kubokunu qazanmaqla ilkə imza atdı. Balaca Aydın Süleymanlı dünya birinciliyinin qalibi oldu. Eyni zamanda yeniyetmə şahmatçılardan ibarət yığma komanda 16 yaşlılar arasında Şahmat Olimpiadasında qızıl medala layiq görüldü.
Cüdoda yeniyetmələrdən ibarət yığma ilk dəfə dünya birinciliyində finala çıxdı. Böyüklərin yarışında dünya çempionatında 2 medal qazandıq.
Güləşdə yenə də Mariya Stadnik fenomeni sözünü dedi.
Deyərdim, gimnastlar üçün çox uğurlu il oldu. Qrup hərəkətləri komandamız Tokio-2020-yə lisenziya qazandı. Zöhrə Ağamirova Yay Olimpiya Oyunlarına fərdi proqramda lisenziya qazanan ilk azərbaycanlı gimnast kimi tarixə düşdü.
Aerodans növündə millimiz Avropa çempionu oldu.
Atletikada Nazim Babayevin qitə çempionluğunu qeyd etməliyəm.
Futbolda üzümüzü ancaq "Qarabağ" güldürdü. Təəssüf ki, qrupdan çıxmaq mümkün olmadı. Bir sıra idman növlərində yaxşı xəbərlər eşitmədik.
Basketbol, demək olar, yenidən formalaşmağa başladı.
Voleybol çempionatı tamamilə dəyişdi, qadın voleybolçulardan ibarət komanda növbəti dəfə lisenziyasız qaldı. Eyni zamanda lisenziya saylarımız hazırda azdır. Tokio-2020-yə cəmi 11 lisenziyamız var.
Bir sıra federasiyalarda rəhbər dəyişdi, yeni təyinat olmadı. 2019-u idmanımız üçün ümumilikdə uğurlu hesab edirəm. Amma əsas məsələ Tokio Olimpiadası olacaq. 2020-ci ildə Tokioda sözümüzü deməliyik.
Bəzi idman növlərində rəqabət azalıb, bu amil nəticəyə təsirsiz ötüşmür. Ona görə Tokio-2020-də idmançılarımızın işi ikiqat çətin görünür".
Röya Kərimli
Sport7.az
Комментарии
Отправить комментарий