"Neftçi"nin və millimizin sabiq massajçısı, hazırda fəaliyyətini Dubayda davam etdirən Faiq Hüseynovun Sport7.az-a müsahibəsi
- Faiq bəy, hiss olunur ki, təkcə futbola deyil, ümumilikddə idmana böyük marağınız var. Bu sahəyə gəlişiniz necə oldu?
- İdmana 6-cı sinifdə oxuyanda başlamışam. Basketbol oynayırdım. AZQİFK-ə daxil oldum və burada məşqçi diplomu aldım. Ancaq Azərbaycanın əməkdar həkimi Boris Xetaqurovun dəvəti ilə "Neftçi"də massajist olaraq çalışmağa başladım.
- Siz bir çox tarixi hadisələrin canlı şahidi sayılırsız. O vaxtkı "Neftçi"ni, AFFA-nın qurulduğu günləri necə xatırlayırsınız?
- AFFA yarananda orada işləyən ilk massajçı olmuşam. Millinin seçmə oyunlarında iştirak edirdim. Çox çətin idi, problemlər çox olurdu. Çünki yeni başlamışdıq və beynəlxalq təcrübəmiz yox idi.
- Və bir gün Azərbaycanı tərk etməli olduz. Necə oldu ki, vətəndən getməyə qərar verdiniz?
- İsveçrə üzərindən qələbədən sonra müdafiəçi Deni Qaysumov Dubaya dəvət aldı. Ondan sonra məni burada işləməyə dəvət etdilər, mən də qəbul etdim.
- Dubayda işləriniz necə gedir?
- Artıq 21 ildir Dubayda işləyirəm. Burada hər şey stabildir və işləmək üçün ideal şərait yaradıblar. BBƏ qış vaxtı təlim-məşq toplanışı üçün çox komanda gəlir.
- Uzaq Dubaydan Azərbaycan futbolu necə görünür?
- Azərbaycan futbolunu daim izləyirəm. Millimizin və daha əvvəl çalışdığım "Neftçi", "Sumqayıt" və "Qarabağ" klubların çıxışlarına baxıram. Qələbə olanda burada hər kəs məni təbrik edir.
- Karyeranız ərzində hansı məşhurlarla qarşılaşmısınız?
- Burada işlədiyim müddətdə bir çox tanınmış futbolçu və məşqçilərdə işləmişəm. Onlardan biri Fabio Kannavarodur. O, çox peşəkar idmançıdır.
- Sosial şəbəkədə tez-tez arxiv videolar paylaşırsınız. Haradandır bu maraq?
- AFFA-da işlədiyim müddətdə arada video çəkirdim. Ancaq təəssüflər olsun ki, çox az qalıb, bir çox çəkiliş itib. İmkan düşəndə, maraqlı nəsə tapanda paylaşıram. 20 il sonra xatırlamaq, o vaxtla indiki şəraiti müqayisə etmək maraqlı olur.
- Son olaraq vətəndəki dostlara nə demək istərdiniz?
- Məni unutmayıb, yad etdiyiniz üçün çox təşəkkür edirəm. Saytınız vasitəsilə də dostlarım, tanışlarımın Dünya Azərbaycanlılarının Həmrəylik Günündü və qarşıdan gələn Yeni il bayramlarını təbrik edirəm.
Röya Kərimli
Sport7.az
Комментарии
Отправить комментарий