Sabiq "Kəpəz" rəsmisi Elxan Məmmədovu açıq dialoqa çağırdı: "İşlərin bir hissəsini qaranlıqda saxlayıblar"



AFFA-nın baş katibi Elxan Məmmədov nəhayət ki, İTV-də yayımlanan "3D" verilişinin qonağı oldu. 

Aparıcı Dadaş Dadaşlinskinin qurum rəsmisinə ünvanladığı suallardan biri də "Kəpəz”in icraçı direktoru Cabir İbrahimovun klubdakı yeyinti faktlarında AFFA-nı ittiham etməsi ilə bağlı idi. Lakin Elxan Məmmədov bu iddianın yalan olduğunu dedi.

Sport7.az bununla bağlı Cabir İbrahimovla əlaqə saxlayıb. "Kəpəz”in sabiq icraçı direktoru açıqlamasında Elxan Məmmədovun iddiasını yalanlamasının səbəbini açıqladı: 

"Mən bu sözləri özümdən uydurub demirəm. Elxan Məmmədov şəxsən özü və köməkçiləri maraqlansın ki, bu insan təşkilatı hansı əsasla günahlandırır? Sadəcə "yalandır" deyib kənara çəkilmək düzgün deyil. Orada başqa məsələlər, səhvlər vardı deyirlər. Mən mətbuat qarşısında da, Elxan müəllimin özü ilə açıq dialoqda da həmin məsələləri açıqlaya bilərəm. Ki, hansı əsaslara görə mən bu sözləri deyirəm. Özü də yaxşı bilir, ətrafında olanlar da... Burada günahsız adamlar çoxdur... Hansılar ki, Elxan Məmmədovun əmrinə, sözünə, kimlərinsə tapşırığına görə bu işlərin müəyyən bir hissəsini qaranlıqda saxlayıblar. 

Özüm iki ilə yaxın "Kəpəz"də rəhbər olaraq işləmişəm. İşlədiyim müddətdə Elxan Məmmədov məni tanımayıb. Hər şeyi qoyaq bir kənara, bu necə rəhbərdir ki, çempionatda çıxış edən bir klubun, özü də sözlü-söhbətli, çılğın azarkeşləri olan köklü bir klubun rəhbəri olaraq bir dəfə AFFA-nın nə bir iclasında, nə bir yığıncağında iştirak etməmişəm. Bu insan heç kimi qəbul etmir. Məni də qəbul etmir. Çünki onun tanıdığı, bildiyi insan deyildim. Vurğulayır ki, həmin adam o klubda işləmir. Həmdə adımı çəkməyi özünə qəbahət bilir. Düzdü, mənim kimi adamlar o klubda işləyə bilməz. Klublarda 5-10 manat çörək puluna görə sakit duran insanlar və sənin rəhbərliyə göndərdiyin, sənin sözünü deyən insanlardır işləyənlər. 

Mikayıl Nərimanoğluya gəlincə, bəli o, günahsızdır. Bilirsiz niyə? Mikayıl Nərimanoğlunu bura göndərdikdən sonra maraqlanmaq lazım idi. Ya başqa adama həvalə edilməli, ya da nöqsanları olanda aradan qaldırılmalı idi. Yoxsa bu illərcə davam etdi. Bununla maraqlanmamasının səbəbkarı, gözyumanı elə Elxan Məmmədovdur. 

Mikayıl müəllim ona qarşı çıxmadı. Bütün problemlər mənimlə bağlıdır. Çünki mən tələb edirdim ki, Gəncə futboluna, məşqçilərə, uşaqlara diqqət ayrılsın, bizə ayrılan maliyyə uyğun şəkildə paylaşdırılsın. Haqqlı istəklərə görə bu gün gündə mən həmin problemləri yaşayıram. Bu gün təkəm. Söz düşəndə "Kəpəz"də işləyənlərə də deyirəm ki, sizdən ötrü özümü oda atdım. Bəli özümü oda atıram, çünki Elxan Məmmədovun həm maddi durumu, həm əlçatan rəhbər tərəfləri çox-çox yüksəkdir. Bu barədə mən onun kölgəsində qalacacaq bir insanam. Mənim ondan üstünlüyüm sadəcə sözümün düz olması, cəmiyyətə, ətrafımda olan insanlara alnıaçıq, üzüağ baxmağımdır". 

Cabir İbrahimov AFFA-nın baş katibinin verilişdəki çıxışını dəyərləndirərkən başqa bir diqqətçəkən məqama da toxundu: "Elxan Məmmədovun çıxışında məni özümdən başqa bir məsələ də narahat etdi. Mən öz dövlətimə sadiq adamam, dövlətimin bayrağını başımdan uca tutmaq hər bir şərəfli azərbaycanlının olduğu kimi, mənim də borcumdur. Üstəlik ölkəmizin rəhbəri cənab İlham Əliyevə, I vitse-prezident Mehriban Əliyevaya böyük hörmətim var. Orada Elxan müəllimə "AVRO-2020"in final mərhələsinin 4 oyununun Bakıda keçirilməsi ilə bağlı təşəkkür edildi. O, isə təvazökarlıqdan uzaq, özündənrazı şəkildə başını silkələyərək təşəkkürünü bildirdi. Ondan eşitmədim ki, bu işin ölkə rəhbəri və I Vitse-prezidentimizin əməyi sayəsində ərsəyə gəldiyini vurğulasın. "AVRO-2020"ni Azərbaycana gətirilməsi ölkə başçısının AFFA-ya ayırdığı pul və diqqətin nəticəsidir. Bunu Elxan Məmmədov öz çiynində gətirməyib ki. Bu, ölkənin uğurudur. Ancaq Elxan Məmmədov özünü elə aparır ki, sanki özü gətirib, özü təşkil edib. Sənə dəstək verən var, sənə milyonlarla maliyyə ayıran insanlar, təşkilatlar var, bizim ölkə rəhbəri var. Ancaq onlara ad çəkilməməsi, təşəkkür edilməməsi nə deməkdir. Elxan Məmmədov hansı bayraq altında fəaliyyət göstərir, mənim üçün çox müəmmalı işdir". 

Röya Kərimli
Sport7.az

Комментарии