Cılız adamların ucuz oyunları... (YAZI)

Artıq 28 yanvar tarixinə, AFFA-nın konfransı keçiriləcək o "Böyük günə" sayılı saatlar qalıb. 

Son günlər qarşıma çıxan hər kəsə eyni sualı verirəm: "Bu iclasdan nəsə dəyişiklik gözləyirsiniz?" 
Cavablar isə... Kimsə nəyinsə dəyişəcəyinə ümidli deyil.

Bəs özüm? Mən nə gözləyirəm? Bu sualı ən sonda özümə verdim. Sonra özüm-özümü mənasız sual verməkdə qınadım. Sən demə, elə ən böyük ümidsizlik, inamsızlıq öz içimdə imiş. Bəlkə də nəyinsə dəyişəcəyinə ümidlənmək üçün kimdənsə, hər şey dəyişəcək, hər şey düzələcək kimi təsəlliverici sözlər gözləyirdim. Amma olmadı. Əslində Azərbaycan futbolu beyin ölümü gerçəkləşən xəstə, biz isə bunu qəbul etməyib, "yox hələ aparatı söndürməyin, bəlkə düzələr" deyə özünü aldadan xəstə yaxınlarıyıq. 

Nədir məqsədləri? Buraxaq futbolu, ataq sevdiyimiz sahəni, yoxsa tərəfimizi dəyişməyi gözləyirlər? Alınmayanda da cılız planlarla yola daş qoymağa çalışırlar. 

AFFA Həmkarlar İttaqının üzvlərinin otelə buraxılmaması kimi, tənqid edən jurnalistləri, futbol adamlarını işdən çıxartdırmaqla hədələmək kimi ucuz addımlarla. 

Neçə dəfə olar müsahibə verən adamlarlar 8 komandalı "Bakı çempionatı"nı, uşaq futbolunu, qadın futbolunu tənqid edənlərin müsahibəsi yayımlandıqdan sonra zəng edib dəyişiklik etməyi xahiş edə. Niyə? Çünki dərhal zəng olur ki, "pisləməyin xoşa gəlməyib, işindən olacaqsan". Və sırf boyun əydiyindən yox, kiminsə çörəyinə bais olmamaq üçün dəyişirsən. İnsan necə dözsün buna, nə qədər udqunaq, nə qədər səbr edək? Qardaş, biz sizin kimi haramçılıqla pullar qazanmırıq, heç bir də mənfəətimiz də yoxdur. Bizim canımız yanır, vicdanımız sızıldayır. Elin gözü tərəzidir. Siz nə qədər öz "kruq"unuzda "müxalifətçidirlər" desəniz də, bilən bilir ki, kim haqqı, kim nahaqqı deyir. Sizlər bura gəlməzdən öncə ölkə futbolunu sevən, onun üçün çalışan bizlər vardıq - veteranlar, həkimlər, jurnalistlər, azarkeşlər... Soyuq demədən, isti demədən stadionların yollarında qalan biz idik. İndi "buraların sahibi bizik" deyib, mətbuatı, azarkeşi, veteranı xor görüb, aşağılayaraq futboldan didərgin salmaqdır məqsədiniz? Onu da qeyd edim ki, mətbuat deyəndə futbolumuzu sevib, vicdanla işləyənlərdən söhbət gedir ha, yazılarımızı "qarayaxma" adlandıranlardan yox. 

Əziz oxucular, fikir verdinizsə, AFFA Həmkarlar İttaqının iclasından hazırladığım reportajda daha çox futbolu idarə edənlər barədə hissələri önə çıxarmışdım. Futbolun inkişafı, uşaq futbolu, bölgələrdə klubların olmaması kimi mövzularda da müzakirələr oldu. Təbii ki, futbol adamları bir yerə yığışıbsa, bunlardan mütləq ki, söhbət açılacaq. Belə görüşlər olsa da, olmasa da, biz dəfələrlə futbol mütəxəssisəri ilə bu barədə saysız-hesabsız müsahibələr, açıqlamalar hazırlayıb, daim bu mövzuları gündəmdə saxlayırıq. 

Amma niyə bu mövzulara üstünlük verməməyimin səbəbini izah edəcəm. Futbolunun səviyyəsi, uşaq futbolundakı problemləri, bölgələrdə klubların olmamasına aid mövzuları hər gün yazmışam, o müsahibələri oxuculara vaxtında təqdim etmək üçün neçə yuxusuz gecəm olub. Amma yoruldum. Bu fiziki yorğunluq deyil, mənəvi yorğunluqdur. 

AFFA Həmkarlar İttaqının iclasından evə qayıdanda yol uzunu düşündüm. Yaşanan, yazılan hər şey kino kimi gəlib keçdi gözüm önündən. Boş-boşuna çabaladığımı hiss etdim. Əslində hamısı mənasız imiş. Futbolun inkişafı üçün nə etmək lazımdır, uşaq futbolunu belə etmək lazımdır, klublar bunu etməlidir və s. və ilaxır mövzular hamısı boş şeylər imiş. Əziz həmkarlar, futbol veteranları, azarkeşlər, oxucular, inanın, bütün o müzakirələr, müsahibələr, əziyyətlər hamısı faydasızdır. Balıq başdan iylənər deyirlər. Nə qədər ki, bu adamlar futbolun başında olacaqlar, bu problemlərin heç biri həllini tapmayacaq və bu ölkədə futbol tamamı ilə məhv olacaq. 

Ölkə futbolunun inkişafı ancaq idarəedənləri dəyişdikdən sonra baş tuta bilər. Sayğılarımla...

Röya Kərimli

Комментарии