Məsuliyyətsizlik, yüksək maaş, 8 komanda, darıxmaq... - Futbolçularımızın problemi nədir?



Azərbaycan çempionatında klub sayının az olmasından çox yazsaq da, böyük problemlərdən də biri də futbolçu qıtlığıdır. Futbolçularda əzmkarlıq hiss olunmur, legioner həyatı yaşamağa can atılmır. Və ən əsası hansısa gənc futbolçu özünü yaxşı tərəfdən göstərib, biraz futbol mütəxəssisləri və media tərəfindən tərifləndikdən sonra arxayınlıqdan, tənbəllikdən, "ulduz" xəstəliyinə tutulmaqdan və ya sadəcə gücünün tükənməsi kimi anlamadığımız bir səbəbdən eniş yaşayır. Ki, sonradan bir daha toparlanmır və it-bat olub gedir. 

Bəs bunun səbəbi nədir? Niyə futbolçularımızda irəliləmə qeydə alınmır? Niyə ölkə xaricinə gedib legioner həyatı yaşamaq istəkləri yoxdur? Niyə meydanda can qoymurlar, məsuliyyət, əzmkarlıq hissi görsənmir?

Sport7.az bu sualları bir dönəm Azərbaycan futboluna öz adını yazdırmış veteran futbolçularımıza ünvanladı. Ayxan Abbasov, Mahir Şükürov, Aftandil Hacıyev, Zaur Həşimov kimi mütəxəssislərimiz indiki gənc futbolçularda müşaidə edilən bu problemlərin səbəbini belə izah etdilər. 

Ayxan Abbasov: "Bu çox geniş mövzudur. Fikrimi qısa deməyə çalışacam. Bizim dövrlə bu günü müqayisə etsək şərait baxımından çox fərq var. İndi oynamaq biraz çətindir, həm komanda sayı azdır, həm də legioner sayı çoxdur. Bizim vaxtımızda 2-3 klubdan başqa heç bir komanda legioner gətirmirdi. O vaxtın ən yaxşı klublarından olan "Neftçi", "Kəpəz" idi ki, onlarda da maksimum 3-4 əcnəbi futbolçu olardı. Onlar da bizə yaxın olan Sovet ölkələrindən gətirilən futbolçular idi. Amma bu günə baxsaq, oratabab klublarda 9-10 legioner var. Bu da Azərbaycanlı futbolçuların hardasa qarşısını alır, ikinci plana salır. Bəzi məşqçilər də yerli futbolçulara çox güvənmir.  Dövrlər arasında fərq budur. 

İkinci məqam daha önəmlidir - "Əzmklarlıq".... Özüm də bunu gənclərə deyirəm. O vaxt yaşayış biraz çətin idi. Hər kəs qarşısına məqsəd qoymuşdu ki, yaxşı bir yerə gedim, imkanım çox olsun  və ailəmə dəstək olum. Bu gün baxsaq, gənc fubtolçuların orta səviyyədə yaşayan ailələri var. Buna görə də futbolçunun böyük bir ehtiyacı olmur. Ona lazım olan bahalı telefondur. Yaşayış biraz dəyişib  deyə  gənc futbolçularımız da biraz məhsuliyyətli deyil. İndividual yanaşmaq, futbolçunu inandırmaq lazımdır ki, sənin böyük potensialın var, başqa şeylərə vaxt ayırma və fikrini futbola yönəlt.  Bu, tək futbolda yox, digər idman növlərində də olan problemdir. Məşqçilərlə danışanda da deyirlər ki, 19-20 yaşlı perspektivli gəncləri itiririrk. Bu, ümimi problemdir. Yaş dövrünün psixologiyasında irəli gəlir və itirdiyimiz futbolçularda çox önəmli yaş dövrüdür. Demək olar ki, indiki gənclərimiz çətin dönəmə düşəndə tez təslim olurlar". 

Mahir Şükürov: "Azərbaycanda ən yaxşı pul dövrü bizim vaxtımızda oldu. Amma indi Azərbaycan çempionatında elə də pul yoxdur. Bizim oynadığımız vaxtda həm də komanda sayı çox idi, çempionat daha güclü idi. Yaxşı futbolçular vardı deyə rəqabət vardı. Futbolçu düşünürdü ki, niyə mən o birisindən geri qalmalıyam, kimdənsə az pul almalıyam. Ona görə də hamımız üzərimizdə işləyirdik ki, gələn mövsüm müqaviləmizi biraz da artıraq. Səbəblərdən biri budur. 

Bəzi şeylər mentalitetdən də asılıdır. İstər-istəməz bizim yaş qruplarımızda elə idi ki, heç kəs uduzmaqla barışmırdı. Hamı məşq edirdi,mübarizə aparırdı. Məşqçilərimiz də bizdən tələb edirdi, özümüz də öz üzərimizdə işləyirdik. O vaxtlar ölkə xaricinə çıxmaq çətin idi. Ancaq buna baxmayaraq içi mən qarışıq bəzi futbolçularımız gedib legioner həyatı yaşayırdıq. Çünki bunu istəyirdik.. Amma bu gün Azərbaycan futbolçularının heç biri gedib başqa ölkədə oynayan deyil. Bunu istəyən yoxdur. Ancaq reklam xarakterli şaiələr yayılır ki, güya hansısa futbolçumuzu xarici klub istəyir. Yalandan deməklə deyil ki, filan futbolçunu filan klub istədi. Real olan odur ki, heç bir futbolçumuz xaricə gedib oynaya bilməz. Çünki o gücdə deyillər. Baxırsan ki, elə Azərbaycan çempionatında əziyyət çəkirlər. Ona görə də o vaxtkı futbolçularla indikləri müqayisə etmək olmaz. Mən bunu düşünürəm, problemi bunda görürəm. Bizim futbolçu qıtlığımız var. Bir neçə futbolçudan başqa elə də futbolçu yoxdur ki, gedib başqa ölkədə oynayıb Azərbaycanı təmsil edə bilsin. 

Bəzi menecerlər də şişirtməkdənsə, iş görsələr yaxşı olar. Hansısa futbolçunu reklam xatirinə yalandan həvəsləndirmək lazım deyil. Reklam etməkdənsə, real iş görüb hansısa bir normal klubda aparıb oynatsın. Bizim vaxtımızda hamı yaxşı klublarda oynayardı. Mən Rusiya Premyer Liqasında çıxış edən "Anji"də oynamışam. Həmçinin Rəşad Sadıqov, Emin Quliyev, Qurban Qurbanov, Vidadi Rzayev, Samir Əliyev Tərlan Əhmədov, Fərrux İsmayılov kimi futbolçularımız ölkə xaricində legioner həyatı yaşayıblar. O vaxt futbolçular çox güclü idilər deyə gedib xaricdə də oynaya bilirdilər. İndi isə qırağa çıxış yoxdur. Azərbaycanda normal bir klub var - o da "Qarabağ"dır. Başqa hansı klub futbolçuya güclü maaş verir? Hamısıs 3-8 min manat arası maaş verirlər. Onu da dollara çevirəndə nə qalır?! Amma o vaxt elə az pula heç kim yaxın getməzdi. Ən yaxşı futbolçu 40-50 min dollar alırdı. Amma indi elə də pul yoxdur Azərbaycan çempionatında. Ona görə də cavan futbolçular düşünməlidir ki, mən gedib xaricdə oynayım, həm yaxşı pul alım, həm də gəlib Azərbaycan millisinə xeyir verim. Amma indi aldıqları pulla razıdırlar ki, Azərbaycan çempionatında oynayırlar". 

Zaur Həşimov: "Hazırda Azərbaycan gənclərində, hansı ki nəsil dəyişir, məktəbdə də, digər sahələrdə də hamı gənclərin dəyişməsindən şikayət edir. Bu, futbola gələn gənclərə də. Amma gənc futbolçuların aldığı maaş deməzdim ki, yüksəkdir. Sadəcə, bu gün üçün onları qanə edən maaşdır. Misal üçün, əvəzedici heyətdə oynayan oyunçu 500 manat maaş alır. Bu adam evə pul vermir, kommunal xərcləri ödəmir, ancaq ya özünə telefon, ya da geyim alar. Bu gün üçün bu onu qane edir, o sıxılmır. Ona görə də can atmır ki, daha yaxşı futbolçu olub, daha yaxşı yerlərə qalxa bilsin. O məsuliyyəti də yoxdur. Evdə də, ailədə də nə qədər sıxıntı, problem olsa da, bunu uşağa bildirmirlər, əksinə, övlada yaxşı baxırlar. Ona görə də o uşaqlar can atmırlar, əziyyət çəkmək istəmirlər.
Şəxsən mən görmürəm ki, bizim futbolçulardan kimsə məşqə daha tez gəlsin, məşq bitsə də daha artıq qalıb biraz da əlavə çalışsın. Mən bunu görmürəm. Bu da ondan irəli gəlir ki, futbolçular, gənclərimiz bugünkü imkan qane edir. Amma birazdan böyüyəcəklər, ata-ana himayəsi altından çıxacaqlar, onda başa düşəcəklər. Lakin onda da gec olacaq. Bu, mənim şəxsi yanaşmamdır. Bir neçə ildir ki, bunu müşahidə edirəm. Aşağı yaş qruplarında da gənc futbolçularla işləmişəm, onlara dediyimiz şeyləri valideynlər özləri gəlib deyir ki, düz deyirsiz, biz əziyyət çəkirik, amma axırda belə çıxır ki, onlar öz üzərlərində lazımınca işləmirlər. Xaricə də çıxmaq istəmirlər, gedənlər də gedib hansısa sıxıntılara dözmürlər. Darıxmaq kimi, yaxınlarından uzaqda olmaq kimi və s. mental xarakterlər də bizdə çox böyük problemdir. Bu, problemlər əvvəldən də belə olub".

Aftandil Hacıyev: "Maraqlı mövzudur. Bunun bir neçə səbəbləri ola bilər. Gənc vaxtlarında çox pul almaq futbolçu üçün təhlükəli olur. Ümumiyyətlə, mentalitet baxımdan bizim futbolçularda fərdi çalışmalara istək çox azdır. Gənclərdə baş məşqçinin bu gün verdiyi proqramla kifayətləndim, "bu mənə yetərlidir" kimi fikir formalaşıb. Düşünürəm ki, fərdi çalışmasız hərhansısa uğura nail olmaq çox çətindir, xüsusilə də müasir futbolda. Həm sürət yüksəkdir, həm taktiki baxımdan dünyada futbol çox inkişaf edib. Ən böyük problemlərdən biri düşünürəm ki, gənc futbolçuların fərdi çalışmalara az üstünlük vermələridir. Əlbəttə, klublarda da bu yöndə işlər istənilən səviyyədə deyil. Ona görə düşünürəm ki, bu iki amil ola bilər. Gənc yaşlarında artıq pul verilməsi gənc futbolçuların inkişafının qarşısını alır. "İstedadlı futbolçuya heç pul verilməsin?" deyilə bilər. Xeyr, onun qidalanması, məşqə gəlib-getməsi və s. ehtiyacları üçün müəyyən qədər maliyyə verilməlidir. 

Nə etmək lazımdır? Bu, biraz fərdi məsələdir, futbolçu özü də bunu düşünməlidir ki, həyatda sevdiyi, seçdiyi peşə nədi - bununla daha ciddi məşğul olmalıdır. Ancaq bizim üzərimizə düşən fərdi söhbətlərdir, bu, tez-tez aparılmalıdır. İldə bir dəfə oturub söhbət eləmək bəs eləmir. Gənc futbolçu səhvlərini hiss etməyə bilər. Ona görə də daim əlaqədə olub, səhvlərini izah eləmək lazımdır. Çalışmaları da doğru-düzgün etmək lazımdır. Bir gün məşq edib, üç gün məşq etməyib, "yorulmuşam" demək olmaz. Dincəlməyin də, məşq etməyin də vaxtı var. Proqramdan kənara çıxmamaq kimi yanaşma olmalıdır.

Sosial durumu bizdən yaxşı olmayan ölkələr var ki, ordakı cavan futbolçuları bizimkilərlə müqayisə edəndə görürsən ki, onlar Avropanın aparıcı klublarında oynayırlar. Bunu həm mentalitetlə əlaqələndirməyə məcburam. Çünki bizimkilərdə xaricə çıxanda evə tez qayıtmaq kimi fikirlər formalaşır. Ancaq bir bolqar, serb və ya balkanlı futbolçu belə düşünmür. O ölkələrdə bizim futbola ayrılan vəsait qədər futboluna maliyyə yatırılmasa da,  kifayət qədər adlı-sanlı klublarda çıxış futbolçuları çıxır. Bu, sırf gənc futbolçuların öz üzərlərində daha çox çalışmalarından asılıdır. 

Strateji məsələsi də var. Yerləşmə məkanımız elədir ki, futbolu yaxşı olan ölkələrlə münasibətimiz yaxın deyil. Ancaq ən azından yaxın olanlar var ki, Rusiya, Türkiyə kimi ölkələrdən istifadə edə bilərik. Bu yöndə ciddi işlər aparılmalıdır. Gənclərin həm dilimiz, həm də coğrafi baxımdan yaxın olduğumuz ölkələrə getməsi  çıxış yolu kimi görünür".

Bizim vaxtımızla müqayisə edəndə isə, o vaxtlar həvəs indikindən fərqli idi. Bəlkə bu həyətlərdə stadionların olması, məhəllə futboluyla bağlı ola bilər. Hər məhəllədə demək olar futbol olurdu. Bu, bizimçün əlavə bir fərdi məşq kimiydi. Ancaq hazırda ümumən bu məsələlər bizdə pisləşib, getdikcə də daha da pis olur. Məhəllələrdə futbollar yığışdırılıb, stadionlar pullu olub. Düşünürəm ki, daha yaxşı futbol oynamaqçün məsələni ciddi mükazirə etmək lazımdır. Pullu olanlar da olsun, ancaq pulsuzlar da olmalıdır ki, həvəskar olan insanlar oynaya bilsinlər. Meydançalar 100 manat olanda, həvəs də istər-istəməz ölür. Biz futbolçulara yatırım etməliyik. Onlardan tələb edə bilmərik ki, get, pul ver, futbol oyna. Və ikinci amil odur ki, rəqabət istənilən səviyyədə deyil. O vaxt 14, 16, 18 komandalı çempionatlar idi, bu da futbolçu sayı baxımından indikiylə müqayisəyə gəlməz. I Divizion səviyyəsini mən milliyə yaxın buraxa bilmirəm, qalır 8 Premyer Liqa komandası. Hansı ki bu, kifayət qədər azdır ki, gənclərin arasında istənilən qədər rəqabət olsun. U-19 liqasında 11-12 komanda çıxış edir, U-17 liqası da eyniliklə. Yəni, komandaların sayını tək Premyer Liqada deyil, aşağı yaş qruplarında da artırmaq lazımdır. Say artdıqca rəqabət də artacaq və daha çox seçim imkanı yaranacaq. Bölgələrdə düşünün nə qədər gənc uşaqlar kənarda qalıblar. Əvvəllər də milliyə daha çox bölgələrdən futbolçular cəlb olunurdu. Dünya praktikasına da baxsaq, hər yerdə çempionatlarda 14, 16, 18 komanda var. Daha çox komandaların sayını artırmağı düşünməliyik ki, seçim də çoxalsın".

Röya Kərimli
Sport7.az

Комментарии