Millimizin Malta səfəri təxirə salınacaqmı - AFFA nə düşünür?



Dünyanı qorxuya salan koronavirus Avropadan da yan keçməyib. 

İtaliyada yeni növ koronavirus qurbanlarının sayı martın 9-da 97 nəfər artaraq 463-ə çıxıb. Ölkədə iki həftə əvvəl aşkarlanan yeni növ koronavirusa (Covid-19) görə müalicə olunanların sayı 8 minə yaxındır, sağalan xəstə sayı isə 800 olub.

İtaliyanın baş naziri Cüzeppe Konte koronavirusla əlaqədar ölkədə vətəndaşların hərəkətinin məhdudlaşdırılmasını nəzərdə tutan karantin tədbirlərinin genişləndirildiyini və bütün ölkəni qırmızı bölgə elan etdiklərini bildirib.

Bildiyiniz kimi, futbol üzrə Azərbaycan millisisinin martın 23-dən 31-dək Maltada təlim-məşq toplanışı olacaq. Və Malta İtaliyaya yaxın bir ölkə olduğu üçün diqqətlər AFFA-ya yönəlib. Ki, görəsən millimizin bu ölkəyə səfəri təxirə salınacaqmı?

Məsələni dəqiqləşdirmək üçün AFFA-ya müraciət etdik. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla səfərin təxirə salınmayacağını bildirdi. 

Qeyd edək ki, komandamız toplanış çərçivəsində iki yoxlama oyunu keçirəcək. Azərbaycan seçməsi martın 26-da Bakı vaxtı ilə saat 19:00-da Lixtenşteyn, martın 30-da isə 21:00-da Malta millisi ilə qarşılaşacaq. 
 
Röya Kərimli
Sport7.az

Комментарии