Bildiyiniz kimi, ötən həftənin cümə günü Futbol Veteranları İttifaqının təşəbbüsü ilə Bakı Biznes Mərkəzində veteran futbolçularla görüş keçirilib.
Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, vitse-prezident Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvləri - Kazbek Tuayev, İsgəndər Cavadov və ittifaqın sədri Oqtay Abdullayev iştirak ediblər.
Tədbirdə iştirak edənlər sırasında futbol veteranı, AFFA Həmkarlar İttifaqının üzvü Novruz Əzimov da yer alıb.
Hər halda AFFA ilə Əzimovun üzvü olduğu AFFA Həmkarlar İttifaqının arasında baş verən çəkişmələrdən sonra bu görüşdə nələrin müzakirə olunduğu, Novruz bəyin tədbirlə bağlı təəssüratları hər kəsə maraqlıdır.
Sport7.az-a danışan futbol veteranı bu tədbirin təşkil olunmasının elə AFFA Həmkarlar İttifaqının aktiv fəaliyyətinin nəticə olduğunu qeyd etdi:
"Bu zamana qədər belə tərkibdə toplantı olmamışdı. Düşünürəm ki, bu tədbirin keçirilməsi hardasa Həmkarlar təşkilatının aktiv fəaliyyətinin nəticəsidir. Sözsüz ki, belə bir tədbirin keçirilməsi, veteranların bir araya yığılıb müəyyən məsələləri müzakirə etməsi müsbət haldır. Düzdü, hansısa qərarlar qəbul olunmur, ancaq təkliflər verilməsi barədə söhbətlər oldu və onlara baxılacağına söz verildi.
Nəzər yetirsəniz, 2019-cu ilin ortalarında gənc veteranlar təşkilatı yarandı. Hansı ki, mən buna ehtiyac duymuram. Çünki veteranın qocası, cavanı olmur. Futbolçu karyerasını bitirən veterandır. Yaxşı, yaratdılar belə bir təşkilat, eybi yox. Burada üzv olan bir neçə nəfər - Hüseyn Məhəmmədov, Ramiz Məmmədov, Mahir Şükürov, Zaur Ramazanov, Emin Quliyev və başqa veteranlar rəsmi işlə təmin olundular. İndiyə qədər heç vaxt AFFA-dan ayrılmayan ştatlar ayrıldı. Əgər belə imkanlar vardısa, bu əvvəllər niyə olmurdu? Bunlar Həmkarlar İttifaqının fəaliyyətinin nəticəsi idi. Və yaxdud da AFFA tərəfindən bunlara cavab idi".
Əzimov açıqlamasında görüşdə qəbul olunan qərarlara da münasibət göstərdi: "Görüşdə klubların idman direktoru, icraçı direktoru və digər futbolla bağlı ştatlarında ancaq futbolçuların işləməli olduğu müzakirə olundu. Elxan Məmmədovun özü də qeyd etdi ki, klublardan yalnız birinin icraçı direktoru keçmiş futbolçudur. Bu da müsbət haldır. Veteranların hüquqlarının pozulması barədə, Asif Əliyevin əməliyyatına, veteranların ad günlərinin qeyd olunmasına AFFA tərəfindən diqqət və pul ayrılması qərarı da müsbət hal oldu. Əslində yaxşı olardı ki, bu, əvvəllər də olsun. Çünki buna əvvəllər də imkan vardı".
Futbol veteranı yazılı şəkildə göndərəciyi təklifləri də əvvəlcə mətbuata açıqladı ki, sonradan qurum tərəfindən bizə belə təklif daxil olmayıb kimi problemlə üzləşməsin: "Təkliflərə gəlincə, yəqin ki, çox adam təklif hazırlayıb verəcək. Mənim təklifim odur ki, AFFA-da yüksək məvacib qarşılığında çalışan əcnəbilərin göndərilməsidir.
AFFA-nın texniki direktoru Bernhard Lippert uzun illər ərzində böyük vəsait qarşılığında Azərbaycan futboluna böyük zəhmət sərt etdi. Mətbuatdan oxuduğuma görə futbol federasiyasından 20 min dollar maaş alır. Onu AFFA-nın fəxri diplomu ilə mükafatlandırıb, medal təqdim edərək yola salmaq lazımdır.
Hakimlər Komitəsinin sədri Frits Stuxlikin müqavilə müddətinin başa çatmasına az qalıb. O, yavaş-yavaş hakimləri daha bərbad vəziyyətə sürükləyir. Bəlkə də istəyir ki, daha yaxşı olsun, amma bacarmır. Ona da sağol deyib, yerli hakimlərimizi həmin vəzifəyə təyin etmək lazımdır. Burada artıq məbləğdə böyük fərq olacaq. Ona 15 min verilirsə, yerliyə 2 min veriləcək. Üçüncüsü isə, AFFA-nın baş həkimi Vyaçeslav Xomenko.
Əgər AFFA uşaq futbolunun inkişafına resurs tapmırsa, bu 3 nəfəri yerli kadrlara dəyişməklə ildə ən azı 250-300 min pul ortaya qoyub, bu pulla hər il bir uşaq futbol akademiyası inşa edilə bilər. Sözsüz ki, bu akademiyalar gələcəkdə Azərbaycan futbolunun inkişafına böyük təsir göstərəcək. Mənim təklifim bunlardır. Ancaq sizin vasitənizlə bunları deməyim ola bilər ki, yenə qısqanclıq yaratsin. Bir vetaran olaraq təklifimi rəsmi şəkildə də verəcəm".
Novruz Əzimovun toxunduğu bir digər məsələ isə, futbolda elə də nailiyyəti olmayanlara "Əməkdar məşqçi" adı verilməsidir. Ki, bu məsələ iclasda da açılıb və veteranlara bu adların verilməsində kriteriyalar olmasının vacib olduğu müzakirə olunub.
"Son 8 ildə 68 nəfərə "Əməkdar məşqçi" adı verilib. Nə iş görüblər, həmin insanlar hansı uğurlara görə bu adı alıblar? Gənclər və İdman Nazirliyində Futbol şöbəsinin müdizi vəzifəsində çalışmış Nüvər Xasıyev dəfələrlər mənə dedi ki, sənədləri gətir və əməkdar məşqçi adı verək, sən bunu qazanmısan. Bu ad hansı kriteriayalara görə verilir? Mən Gəncə də işləmişəm, "Dinamo" ilə ikinci yeri tutumuşuq, "Bakı" ilə kuboku qazanmışıq, məşqçi kimi fəaliyyət göstərəndə çempion olmuşuq.
Görüşdə veteranların statusu olması ilə bağlı mövzu açıldı. Bəli, olmalıdır. Kimin veteran sayıldığı və bu adın verilməsi üçün kriteriyalar olmalıdır. Kim layiqdir ona verilsin. Mən heç kimin adını çəkmək istəmirəm. Axı bu qədər olmaz, orada elə insanlar var ki, futbol sahəsində heç bir nailiyyət əldə etməyib, amma Azərbaycanın əməkdar məşqçisidir. Vallah, billah mənə deyildi, utanıb dedim ayıbdı, Azərbaycan futbolunda biz nə iş görümüşük ki, mən də gedib sənədlərimi verib mənə də "Əməkdar məşqçi" adı verin deyim. Mən utanıram, amma fəaliyyəti boyunca heç bir uğur qazanmayanlar fəxrlə deyirlər ki, mən Azərbaycanın əməkdar məşqçisiyəm".
Son olaraq futbol veteranı Azərbaycan futbolu üçün çalışmış şəxslərə qarşı ayriseçkilik edilməməlidir deyə qeyd edib: "Veteranlar arasında birlik olması çox gözəl olar. Mən bunu arzulayanlardan biriyəm. Ataların bir sözu var "Barışdıran ol, qarışdıran olma". Həyatda da, futbolda da geriyə gözəl əməllər qalır. Nə yığırsan yığ, hamısı boş şeydir, sonra ondan nə qalır. Ancaq əməllərindən danışırlar. Heç o yığılanın da kimə nəsib olacağı bilinmir. Bu gün Banişevskinin, Adil Babayevin, Kryajevin adı gələndə Allah rəhmət etsin, Azərbaycan futbolunun ən gözəl insalarından olublar deyirik. Hər şeyi madiyyət həll etmir. Düzdür, əksəriyyət madiyyatın arxasınca qaçır, o da başa düşüləndir ki, ailənin dolanışığı üçündür. Amma başqa yollarla yox. Eləsi var 5 yerdə işləyir, amma elə adam var ki, heç yerdə işləmir. Axı onların da xidməti olub. Bunlara diqqət etmək, ayriseçkilik etməmək lazımdır".
Röya Kərimli
Sport7.az
Комментарии
Отправить комментарий