Stuxlik hakim səhvlərindən danışmaq istəmədi - Sualımızdan yayındı...

Problemləri uğurlarından çox olan Azərbaycan futbolunun axsayan tərəflərindən biri də hakimlikdir. 

Düzdü, bu günə kimi də hakimlərimizin idarəçiliyində çatışmazlıqlar, böyük səhvlər olub. Lakin bu problemləri aradan qaldırmaq üçün AFFA yüksək məbləğlərdən keçərək taa uzaq Avstriyadan mütəxəssis belə gətirdi. Bununla da problemlərin bitəcəyinə ümid etsək də, sanki ölkəmizə gələn əcnəbi mütəxəssisləri də Azərbaycan futbolunun ovsunlu havası tutur, bildiklərini də unudurlar.

Uzaq keçmişə getməyib, elə Azərbaycan Premyer Liqası və I Divizionunun son turuna nəzər salaq. Həftəsonu keçirilən matçlarda hakim səhvləri tavana vurdu. Gənc hakim Elçin Məsiyevin idarə etdiyi "Qarabağ" - "Sabah" (0:0) oyununda iki penalti verilmədi, bir qol isə sayılmadı. Səbuhi Bayramov isə "Neftçi" - "Səbail" görüşündə qonaqların qapısına penalti qərarını vermədi. 

Siyasətini dəyişən Hakimlər Komitəsinin sədri Frits Stuxlik FİFA referilərini I Diviziona göndərib, Premyer Liqanın çətin oyunlarına gənc hakimləri təyin edir. Ancaq bu siyasəti elə də uğurlu alınmır, əksinə qalmaqallara səbəb olur. 

Düzdü, gənc hakimlərin yetişməsi, təcrübə qazanmaqları üçün onlara şans vermək və Premyer Liqada sınamaq lazımdı. Ancaq buraxılan səhvlərdən görünür ki, onların yetişdirilməsində hələ də problemlər var. 

Bəs, hakimlərin buraxdığı səhvləri, oyunlarda qeydə alınan qalmaqallı qərarları Stuxlik özü necə qiymətləndirir?
 
Bu sualı avstriyalı mütəxəssisin özünə ünvanladıq. Lakin cənab Frits mövzudan yayınaraq məsələ ilə bağlı danışmaq istəmədiyini bildirdi: "Bu məsələ ilə bağlı ətraflı danışmaq istəmirəm. Futbolda hakim səhvlərinə hər zaman rast gəlinir".
 
Röya Kərimli
Sport7.az

Комментарии